Rəşad Sadıqov: "Mənim hakimə etiraz etmək fikrim olmayıb"

 

"Oyunda qol vəziyyətləri çox olmasa da, maraqlı oyun getdi. "Neftçi" irəli atıldı, biz də bundan yararlanıb qol vurmağa çalışdıq. Ancaq bizim əvəzimizə "Neftçi" fərqləndi. Ümumiyyətlə, bu mövsüm bizim üzərimizə gələn bütün zərbələr qolla nəticələnir. "Sabah"la, "Makkabi" ilə matçlarda da belə olmuşdu".

Demokratikmusavat.com xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Bakcell Arena"da "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın IV tur oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, oyun baxımından biz heç kimdən geri qalmırlar: "Bəlkə də ən çox yerli futbolçu ilə meydana çıxan mən olmuşam. Ümumiyyətlə, mən ambisiyalı idmançıları sevirəm. Əgər o qarşısına məqsəd qoymursa, o zaman bunu düşünməlidir. Təmkin Xəlilzadə və İlkin ardıcıl səhvlər edirsə, əməkdaşlıq dayandırılacaq.

Onların yaxın müddətdə komandaya qaytarılması gözlənilmir. Ola bilsin ki, gələcəkdə onlarla hansısa əməkdaşlığım olsun. Ancaq indiki durumda onların "Zirə"yə qayıtması mümkün deyil. Ardıcıl eyni səhvləri edən futbolçularla davam etmək mümkün deyil. Ümumiyyətlə, futbolda üçüncü yeri qənaətbəxş sayan, zəif nəticədən sonra evdə heç nə olmamış kimi evində istirahət edən futbolçu ambisiyalı ola bilməz".

Rəşad Sadıqov III turun "Sumqayıt"la oyununda baş verənlərə görə, İntizam Komitəsinin ona xəbərdarlıq etməsinə də münasibət bildirib: "Mən bu xəbərdarlıqdan bu gün matç vaxtı xəbər tutdum. Əslində mənim orada hakim Rəvan Həmzəzadəyə etiraz etmək fikrim olmayıb. Sadəcə, mən elə bildim ki, epizoda baxılmayacaq. Məndən başqa da orada etiraz edənlər vardı. Bir tək Rəşadın etiraz etdiyi görüldü. Mən də artıq bu xəbərdarlığı nəzərə alaram".

0.47087001800537