Prezident super dövlətlərin həll edə bilmədiklərini reallığa çevirməyi bacardı - Komitə sədri

 

“Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində dünyanın super dövlətlərinin həll edə bilmədiyi Ermənistanın işğalçılıq siyasətinə son verildi, o cümlədən bütün kağız üzərində illərlə yatıb qalan tələblərin hamısını reallığa çevirməyi bacardı. Bir çox məsələlər öz həllini tapdı”.

Bunu “Demokratikmusavat.com ”a açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycan nümayəndə heyətinin Sərsəng su anbarına baxış keçirməsini şərh edərkən deyib.

“Avqustun 22-də "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndələri yerli mütəxəssislərin iştirakı ilə Qarabağ iqtisadi rayonunda yerləşən Sərsəng su anbarına texniki monitorinqin aparılması, cari vəziyyətlə tanışlıq, Tərtər çayından gələn və anbardan buraxılan suyun qrafikinin müəyyənləşdirilməsi və gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsinə zəmin yaratmaq məqsədi ilə baxış keçirib. Sərsəng su anbarının Respublikamızın 6 rayonunun (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edilməsində mühüm əhəmiyyəti var. Amma uzun müddət bu anbarın da işğalda olması nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi, Respublikanın bu regionuna əvəz olunmaz zərər vurub. Belə ki, Ermənistan tərəfindən Sərsəng su anbarı azərbaycanlı əhaliyə qarşı ekoloji terror vasitəsi kimi istifadə olunurdu. Məsələn, ermənilər illik su sərfinin 85-90%-ni qışda, su lazım olmayan vaxtlarda, 10-15%-ni isə daha çox tələb olunduğu yay aylarında buraxırdılar. Bunun nəticəsində, kənd təsərrüfatına xeyli ziyan dəyir, yaşıllıqlar susuzluq səbəbindən məhv olur, bölgədə ciddi ekoloji gərginlik yaranırdı. Eyni zamanda texniki qulluğn edilməməsi səbəbindən qəza vəziyyətində olan su anbarından aşağıda yaşayan minlərlə əhali isə daim təhlükə altında idi”, - komitə sədri deyib.

O əlavə edib ki, hazırda su anbarına və onun qurğularına azərbaycanlı mütəxəssislər tərəfindən mütəmadi baxış keçirilir. 

“Bu mövzu ilə əlaqədar onu da xatırladım ki, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş 26 yanvar 2016-cı il tarixli 2085 nömrəli qətnamədə Ermənistanın hərəkətləri Azərbaycan vətəndaşları üçün humanitar və ekoloji problemlər yaradılmasına yönəlmiş ekoloji təcavüz kimi qiymətləndirilib. Sənəddə Sərsəng bəndinin texniki cəhətdən pis vəziyyətdə olması nəticəsində bütün region üçün təbii fəlakət və humanitar böhran kimi ciddi təhlükə yarandığı qeyd olunub.

AŞPA tərəfindən Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal azad edilməsi və su resurslarından siyasi təsir vasitəsi və ya öz maraqları üçün təzyiq göstərilməsi üçün istifadə olunmasına son qoyulmasını tələb edilmişdi. Amma həmişəki kimi bu tələb də kağız üzərində qalıb. 

Bu məsələ ancaq Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik, cəsarətli və qətiyyətli siyasəti nəticəsində həllini tapa bilib. O, bütün kağız üzərində illərlə yatıb qalan tələblərin hamısını reallığa çevirməyi bacardı. Ali Baş Komandanın rəhbərli altında şanlı Azərbaycan ordusu dünyanın super dövlətlərinin həll edə bilmədiyi çox məsələlər öz həllini tapdı.

Hazırda Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad edilmiş bütün ərazilərdə mövcud su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, yeni su mənbələrinin yaradılması, dağıdılmış infrastruktur obyektlərinin bərpası istiqamətində mühüm işlər həyata keçirilir. Bütün bunlar çox qürurvericidir”, - deputat bildiirb.

Deputat onu da deyib ki, Sərsəng su anbarının təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: 

“Sərsəng su anbarının Azərbaycanın suvarma sistemindəki əhəmiyyətini nəzərə alan Ulu öndər 1975-ci ildə tikintinin həyata keçiriləcəyi o mürəkkəb coğrafi əraziyə gedib, mütəxəssislərin iştirakı ilə vəziyətlə yerindəcə tanış olub”.

Mürtəza
Demokratikmusavat.com

0.20887780189514