Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomas Parebanın başçılıq etdiyi nümayəndə heyəti Bakı Olimpiya Stadionunu (BOS) ziyarət edib.
“Report” xəbər verir ki, gələn il Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarının Təşkilat Komitəsinin də üzvü olan Pareba ilk Avropa Oyunlarının gerçəkləşdiyi Bakı Olimpiya Stadionu ilə yaxından tanış olaraq, oyunların təşkilatçılığı ilə maraqlanıb.
Qonaqlara arena haqqında məlumat verən BOS-un direktoru Cavid Qarayev bildirib ki, I Avropa Oyunlarının uğurlu təşkilatçılığından sonra ölkə və biləvasitə stadion daha bir neçə beynəlxalq tədbirlərə ev sahibliyi edib.
Avropa Olimpiya Komitəsi və İslam İdman Həmrəyliyi Federasiyası tərəfindən rəğbətlə qarşılanan və böyük tədbirlərin həvalə edildiyi arena ən son UEFA tərəfindən “Elit Stadion” adına layiq görülüb.