"Qarabağ" və İsveçrənin "Sürix" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılıb.
Demokratikmusavat.com ın məlumata görə, saat 11:00-da başlamalı olan satış texniki problemlər üzündən bir qədər ləngiyib. Problem aradan qalxdıqdan sonra satış prosesinə start verilib.
Kassalar önünə satış başlamamışdan toplaşmağa başlayan fanatların sayı get-gedə çoxalmağa başlayıb. Onlar "Report"a açıqlamalarında biletləri vaxtında ala bilməmələrindən şikayətləniblər. Tərəfdarlar şəbəkədəki problem ucbatından bir saata yaxın kassada gözlədiklərini söyləyiblər. Onların sözlərinə görə, problem aradan qaldırıldıqdan sonra satışa başlanılıb.
Azarkeşlər biletlərin qiymətlərindən narazı olmasalar da, ciblərinə uyğun - əsasən, 5 manat və 10 manatlıq biletlər aldıqlarını bildiriblər.
Onlar Polşa "Lex"inə qarşı I təsnifat mərhələsinin cavab görüşündə problem yaşamadıqlarını və əvvəlki avrokubok görüşlərinə nisbətən stadiona rahatlıqla girib-çıxdıqlarını əlavə ediblər.
Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq. Sektorlardan asılı olaraq, 5 manat, 10 manat, 20 manat və 50 manata satılan biletləri iTicket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iTicket.az-da onlayn qaydada, "Park Bulvar"dakı “Qarabağ” FK-nın Fan-Şopunda da (11:00-dan 20:00-dək) əldə etmək olar.