Xətai İcra Hakimiyyətindən narazılıq

 

 

 

Xətai rayon İcra Hakimiyyəti şəhid ailələrini sakinlərlə üz-üzə qoymaq istəyir. Demokratikmusavat.com xəbər verir ki, İcra Hakimiyyəti dörd binanın arasında uşaqların oynadığı meydançanı sökərək şəhidlər üçün abidə qoyur. Halbuki, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 81, 83, 77 və 79 ünvanında yerləşən binaların yanında baxımsız vəziyyətdə qalan yaşıllıqda şəhidlərin xatirəsinə abidə ucaltmaq və gözəl bir park salmaq olardı. Görünür, şəhərin bahalı yerlərindən biri olan sözügedən ərazidə yaşıllığı məhv edib gələcək perspektivdə satmaq planları buna mane olub.

Məlumata görə, Həzi Aslanov metrosunun yanında, el arasında “Kvadrat” deyilən məhəllənin sakinləri bildiriblər ki, Xətai rayon İcra Hakimiyyəti illərdir başqa məhəllələrdə abadlaşdırma işləri görüb, amma adıçəkilən ünvanda indiyə kimi heç bir iş görməyib. 

Son bir-neçə gündə RİH abadlaşdırma adı altında 4 binanın həyətində uşaqların oynaması üçün nəzərdə tutulan meydançanı söküb və şəhidlər üçün kompleks hazırlamağa başlayıb. Sakinlər deyirlər ki, dairəvi meydançada azyaşlılar illərdir oynayıblar: “Həyətdə başqa boş ərazi yoxdur. İndi kompleks hazırlamaqla bərabər, dairəvi meydançanı qazonlaşdırmaq fikrindədirlər. Bundan sonra uşaqlarımız harada oynayacaqlar? Şəhidlərin xatirəsi hamımız üçün əzizdir, millət və dövlət olaraq özümüzü onlara həmişə borclu hiss etməliyik. Ancaq onların adından istifadə edib kiməsə narahatlıq yaratmaq və qonşuları üz-üzə qoymaq mənəviyyatsızlıqdır. Uşaqlara daim nəzarət etmək mümkün deyil. Bundan sonra kompleksin ərazisinə girən və ona xəsarət yetirən uşaqlara görə biz sakinlər illərdir mehriban qonşuluq şəraitində yaşadığımız şəhid ailələri ilə üz-üzə qala bilərik. Çünki doğmalarını itirən həmin ailələr təbii olaraq şəhidlərin adına olan yerlərə bizdən daha çox həssaslıqla yanaşacaqlar. Ümid edirik ki, Xətai rayon İcra Hakimiyyəti kompleksi qorumaq üçün nəzarətçi də ayıracaq”.

İcra Hakimiyyəti sakinlərin haqlı şikayətləri qarşısında geri çəkilmək əvəzinə onları aldatmağa da çalışır. Guya binaların arxasında baxımsız vəziyyətdə qalan yaşıllığı uşaqlar üçün oyun meydançası edəcəklər. Halbuki həmin yaşıllığı abadlaşdırıb gözəl bir park edib ona şəhidlərin adını vermək daha məntiqli olardı. Sakinlər icra hakimiyyətinin bu vədini növbəti oyun hesab edirlər: “Orada meydança salınmalı olsa, gərək çoxillik agacların əksəriyyəti kəsilsin. Amma orada gözəl bir park salıb, şəhidlərin xatirəsinə də gözəl bir abidə qoymaq olardı”...

Demokratikmusavat.com

0.04634690284729