Baş həkim, jurnalist, DJ, Milli Qəhrəman - Televiziyanın "Çingiz zirvəsi"

 

Bu gün jurnalist, Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin anım günüdür.

Demokratikmusavat.com xatırladır ki, Ç. Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin Yar kəndində anadan olub.

Təhsili

1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseydə 10-cu sinfə qədər təhsil alıb. Nəhayət, o, hərbi məktəbi tərk edib, müntəzəm orta məktəbə daxil olub.

Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub və buranı müvəffəqiyyətlə bitirib.
Təhsilini başa vurduqdan sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim təyin edilib.

Fəaliyyəti

Özünü islahatçı-novator görən Ç.Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub. O, Azərbaycanın ilk DJ kimi tanınır. 1981-ci ilin sentyabr ayında Mustafayevin başçılığı altında, 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan "3M" adlı qrup yaradıb.

Ç.Mustafayev həmçinin 1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt", "Cümə axşamı" verilişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olub.
1990-cı il 20 Yanvar hadisələri zamanı Çingiz Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edirdi. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib.

Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq "215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olub. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar 215 kl studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. O, döyüş zonalarına yalnız reportyor kimi yox, bir əsgər, zabit kimi yollanırdı.
Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalıb.


Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu.

Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. 
Ç.Mustafayev 1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirib. Vahid Mustafayevin sözlərinə görə, Çingiz "ABC News" üçün material hazırlayırdı və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkib. Minaatandan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralansa da, öldüyü zaman onun kamerası çəkməkdə davam edirdi.

Şəxsi həyatı

1979-cu ildən 1983-cü ilə kimi aktyor Lütfəli Abdullayevin qızı Gülnarə Abdullayeva ilə nişanlı olub. Çingiz ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və televiziya prodüseri Seyfulla Mustafayevin qardaşıdır.
Evli idi, Fuad adlı oğlu var.

Vəfatı

Ç.Mustafayev 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Yaşadığı binanın önündə barelyefi vurulub. Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub. Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, onun adını daşıyır.

"Çingiz zirvəsi" kimi tanınan Şahdağda 4062 metr hündürlükdə yerləşən zirvə onun adını daşıyır və ilk dəfə 2000-ci ildə fəth olunub.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

O, həmçinin 1992-ci ildə “Qızıl ulduz” medalı ilə təltif edilib.

 

0.14790081977844