Unikal Taxtakörpü: İnsanları susuzluqdan qurtaran çarə - FOTOREPORTAJ

 

5 İyun – Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə Taxtakörpü su anbarına mediatur təşkil olunub.

Demokratikmusavat.com ın məlumatına görə, jurnalistlərin səfərini Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti təşkil edib.

Jurnalistlər Taxtakörpü su anbarının əhəmiyyəti, texniki göstəriciləri və iş fəaliyyəti haqqında məlumatlandırılıblar.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Zaur Mikayılov bildirib ki, 2004-2021-ci illərdə Azərbaycanda 4 600 kilometr suvarma kanalı, 3 400 kilometr kollektor-drenaj şəbəkəsi tikilib, yenidən qurulub və bərpa edilib.

Onun sözlərinə görə, həmçinin 483 min hektar sahədə torpaqların su təminatının və 307 min hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 204 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib.

“Mövcud torpaq mühafizə bəndlərinin 800 kilometrdən artıq hissəsi əsaslı surətdə hündürləndirilərək möhkəmləndirilib, çaylarda sel və daşqınlara qarşı 203 kilometr mühafizə tədbirləri həyata keçirilib, əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 3 061 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilib.

Ümumi su tutumu 456 milyon kubmetr olan dörd su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilib, eləcə də ümumi sututumu 15,5 milyon kubmetr olan üç su anbarı isə (Pirsaatçay, Zoğalavaçay, Ləvian) təmir-bərpa edilib”, - deyə Z.Mikayılov qeyd edib.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev jurnalistlərə bildirib ki, Taxtakörpü su anbarı ölkəmiz üçün olduqca strateji əhəmiyyət kəsb edir.

“Çünki bu obyekt ölkəmizin şimal zonasının su təminatı ilə yanaşı, Sumqayıt, Bakı və Abşeron yarımadasının da suya olan tələbatının ödənilməsində mühüm rol oynayır”.

Taxtakörpü su anbarının təməlqoyma mərasimi 2007-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə keçirilib. Su anbarı 2013-cü ildə istifadəyə verilib.

Z.Quliyevin sözlərinə görə, anbarın su mənbəyi əsasən Samur çayıdır.

“Son dörd-beş ildə qlobal iqlim dəyişikliyi fonunda Samur çayında su axını azaldığı üçün məhz bu anbar vasitəsilə əhalinin içməli suya tələbatını etibarlı şəkildə təmin edə bilmişik.

Açıq deyim ki, bu anbar istifadəyə verilməsəydi, son dörd-beş ildə insanlar içməli suyu evlərinə qablarla daşımalı olardılar. Qeyd edim ki, bu anbar həmçinin şimal zonasının dağ çaylarından - Qudyalçay, Vəlvələçay, Qusarçay və s. qidalanır.

Anbarın unikallığı ondadır ki, həm oraya daxil olan, həm də Ceyranbatana kimi ötürülən sular öz axını ilə həyata keçirilir”, - deyə o əlavə edib.

Qurum rəsmisi bildirib ki, şimal regionunda 50 min hektardan çox sahə bu anbardan suvarılır. Onlardan da 30 min hektarı yeni əkin sahələridir”.

Qeyd edək ki, Taxtakörpü su anbarının tutumu 268 milyon kubmetrdir. Anbarın hündürlüyü 136,5 metr, bəndinin uzunluğu isə 1 180 metrdir.

0.16095495223999