Tahir Rzayev: "Bəzi qüvvələr UEFA Avropa Liqasının final oyunu ərəfəsində mitinq keçirməyə cəhd göstərir”
Sevinc Fətəliyeva: "Bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib"
Aydın Hüseynov: "“Amnesty İnternational” təşkilatının səsləndirdiyi qərəzli fikirlər dünyada ikili standartların mövcud olmasının daha
bir göstəricisidir"
"Amnesty İnternational” təşkilatı Azərbaycanda Avropa Liqasının finalının keçirilməsini pisləyib. Təşkilat bunu ölkədə insan haqlarının vəziyyəti ilə əlaqələndirib.
Məlumdur ki, "Amnisty İnternational" təşkilatı korrupsiyada adı hallanan, sifariş yerinə yetirən qurum imici qazanıb. Təşkilat ayrı-ayrı maraqlı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir.
Baş verənləri dəyərləndirən Millət vəkilləri-Tahir Rzayev, Sevinc Fətəliyeva və Aydın Hüseynov bildiriblər ki, mühüm və etibarlı fəaliyyəti həyata keçirən qurumlar bir çox hallarda bu tipli bəyanatlarla öz missiyalarına kölgə salırlar.
"Amnesty İnternational" həmişə olduğu kimi bu dəfə də heç nəyə nail ola bilməyəcək
"Amnesty İnternational” təşkilatının bəyanatına münasibət bildirənn Yeni Azərbaycan Partiyasından olan millət vəkili Tahir Rzayev deyib ki, Azərbaycanda mühüm beynəlxalq tədbirlər keçiriləndə həmişə bəzi təşkilatlar hay-küy salaraq buna qarşı çıxmağa çalışırlar.
Deputat bildirib ki, UEFA Avropa Liqasının final oyunu Azərbaycanda keçirilirsə, deməli bütün dünya buna baxacaq: "Yarışa tamaşa etmək üçün Azərbaycana 40 mindən artıq xarici qonaq gələcək. Bu final oyunu Azərbaycanın imici üçün olduqca vacibdir”.
T.Rzayev vurğulayıb ki, Azərbaycanın bu uğurunu gözü götürməyən "Amnesty İnternational" kimi korrupsiyaya bulaşmış, təzyiq alətinə çevrilmiş bəzi təşkilatlar həmişə mühüm beynəlxalq tədbirlər ərəfəsində ölkəmizə qarşı çirkin kampaniya aparırlar: “Avroviziya” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları ərəfəsində də biz bunu görmüşük. İndi də həmin qüvvələr çirkin fəaliyyətə başlayıb. Məqsədləri isə müstəqil siyasət aparan, inkişaf edən Azərbaycana təzyiq göstərməkdir. Lakin həmişə olduğu kimi bu dəfə də heç nəyə nail ola bilməyəcəklər".
Deputatın sözlərinə görə, bu cür çirkin kampaniya aparan təşkilatlara, çox təəssüflər olsun ki, ölkə daxilində olan bəzi anti-milli qüvvələr də dəstək verirlər: "Bəzi qüvvələr UEFA Avropa Liqasının final oyunu ərəfəsində mitinq keçirməyə cəhd göstərir. 28 May - Respublika günü, eləcə də mötəbər idman yarışının keçirildiyi bir vaxtda, mitinq keçirməyə cəhd göstərmək ancaq düşmən, xəyanətkar qüvvələrin işidir. Yarışın yüksək təhlükəsizlik şəraitində baş tutması üçün bütün tədbirlər görülüb. Əvvəlki yarışların keçirilməsi də sübut edib ki, Azərbaycanda beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait var və insanların təhlükəsizliyi təmin olunur”.
Manipulyasiyalar nəticəsiz qalacaq və ölkəmiz növbəti dəfə idman tarixinə yeni səhifə əlavə edəcək
Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Sevinc Fətəliyeva isə deyib ki, UEFA Avropa Liqasının Azərbaycanda növbəti həftə keçiriləcək final oyunu “Amnesty International” təşkilatı tərəfindən müzakirə edilməsəydi, yəqin ki, təəccüb doğurardı: "Çünki bu təşkilat hər zaman ölkəmizə qarşı qərəzli mövqe sərgiləyib, eyni zamanda, mötəbər tədbirlər ərəfəsində absurd fikirləri ilə gündəmə gəlməyə çalışıb. Təcrübə onu göstərir ki, beynəlxalq əhəmiyyətli yarışların ölkəmizdə keçirilməsi bir sıra dairələr tərəfindən təhlil olunur və “Amnesty International” bu qərəzli mövqelilər arasında öncüllük daşıyır. Lakin bu mənfi yanaşmalar reallığı özündə əks etdirmir."
S.Fətəliyeva bildirib ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnib: "Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, müasir idman infrastrukturunun yaradılmasında və yarışların yüksək səviyyədə keçirilməsində göstərir. Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib".
Deputatın sözlərinə görə, Azərbaycan özünün milli dəyərlərini təqdim etməklə yanaşı, ölkəmizdə əsrlərboyu mövcud olan multikultural və tolerant dəyərləri bütün dünyaya nümayiş etdirir: "Dinindən, dilindən, irqindən asılı olmayaraq, bütün vətəndaşlara və qonaqlara hörmətlə yanaşılır, onların təhlükəsizliyi təmin olunur. Son illər həm yerli, həm də qlobal əhəmiyyətli çoxsaylı sammitlərin, forumların, konfrans və seminarların ölkəmizdə təşkili, eyni zamanda, xalqımızın mədəni dəyərlərini, ümumdünya sivilizasiya prosesi ilə qarşılıqlı əlaqəsini təbliğ edən festival və müsabiqələrin, idman yarışlarının məhz respublikamızda keçirilməsi Azərbaycan xalqının və dövlətinin multikulturalizmə ən böyük töhfəsidir. Müxtəlif qərəzli bəyanatların və ölkəmizin beynəlxalq nüfuzuna kölgə salmağa çalışmaq cəhdlərinin nəticəsi olmayacaq. Bu gün biz, faktiki olaraq, dünya ölkələrinin əksəriyyətində islamofobiyanın, dini dözüm-süzlüyün şahidi oluruq. Lakin Azərbaycanda münasibət tam əksinədir və bu, dəfələrlə sübut olunub. Beynəlxalq idman yarışının siyasiləşdirilməsi, onun başqa məcralara yönəldilməsi yalnız anti-Azərbaycan qüvvələrin qərəzinin nümunəsidir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin heç birində təhlükə yaradacaq hallar baş verməyib və ümumiyyətlə, bu cür məsələ müzakirə mövzusu ola da bilməz. Ölkəmizə həm işgüzar səfər edən, həm də istirahət məqsədilə gələn qonaqlar xoş təəssüratlarla qayıdırlar. Onlar həm qonaqpərvərlikdən, həm də təhlükəsizliyin yüksək səviyyədə təminindən razılıqlarını bildirirlər. Sözsüz ki, ölkəmizin inkişafını istəməyən və əldə etdiyi uğurlara qısqanclıqla yanaşanların, ermənipərəst dairələrin qərəzli fikirlərinin heç bir əsası yoxdur. Onlar hər vasitə ilə ölkəmizə qarşı əsassız iddialar səsləndirir və şəxsi mənafeləri naminə addımlar atırlar. Nəzərə alsaq ki, Henrix Mxitaryan son vaxtlar heç bir maraqlı və peşəkar oyun nümayiş etdirmir, onun bu cür yanaşmanı öz xeyrinə yönəltməsini açıq-aydın görmüş olarıq. Karyerası bitməkdə olan bir idmançının açıqlamasının yeganə məqsədi reytinq qazanmaq istəyi və piarının təşkilidir".
S.Fətəliyeva qeyd edib ki, bu gün Azərbaycan özünə əmin addımları ilə beynəlxalq nüfuzunu gündən-günə artırır: "Dünyada sülhün və sabitliyin bərqərar olması istiqamətində çalışan, multikultural dəyərlərin, tolerantlığın təbliği və təşviqinə üstünlük verən ölkəmizin nüfuzuna heç bir mənasız bəyanatlar, qısqanc yanaşmalar təsir edə bilməyəcək. Bu cür manipulyasiyalar həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa məhkumdur. Bütün dünya Bakıda növbəti həftə baş tutacaq yüksəksəviyyəli idman bayramının şahidi olacaq".
Azərbaycan xalqı “Amnesty İnternational” təşkilatının hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir
Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Aydın Hüseynov da bəyanatla bağlı bildirib ki, “Amnesty İnternational” təşkilatının Azərbaycanla bağlı səsləndirdiyi qərəzli fikirlər dünyada ikili standartların mövcud olmasının daha bir göstəricisidir.
A.Hüseynov bildirib ki, “Amnesty İnternational” korrupsiyada adı hallanan, sifariş yerinə yetirən qurumdur və ayrı-ayrı xarici qüvvələrin əlində müstəqil siyasət yürüdən ölkələrə qarşı təzyiq vasitəsi funksiyasını yerinə yetirir: “Azərbaycanda həmişə mühüm tədbirlər keçirilən ərəfədə “Amnesty İnternational” kimi təzyiq aləti olan təşkilatlar hərəkətə keçir və ölkəmizin imicinə xələl gətirməyə çalışırlar. Əlbəttə ki, bunun da səbəbi Azərbaycanın dinamik inkişafı, beynəlxalq aləmdə nüfuzunun durmadan artmasıdır. Azərbaycanın bu inkişafı, müstəqil siyasətindən narahat olan bəzi xarici dairələr əllərinə fürsət düşdükcə ölkəmizə təzyiq göstərməyə cəhd edirlər. Bu baxımdan UEFA Avropa Liqasının final matçının keçirildiyi ərəfədə Azərbaycana qarşı növbəti çirkin kampaniyaya başlayıblar və əsassız, qərəzli fikirlər səsləndirirlər".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan indiyə qədər çoxlu sayda beynəlxalq tədbirlərə, idman yarışlarına çox uğurla ev sahibliyi edib.
Abbaszadə Mahir