Xankəndinə toplaşacaq tanınmamışlar Qoçu Əsgərin kişmişyeyən keçisini xatırladır
Artıq dünyanın bir mərkəzdən idarə olunduğu barədə onlarla kitab yazılıb, filmlər çəkilib və s. Yəni, bu məsələ 60-80 il əvvəlki kimi qapalı mövzu statusundan çıxıb. Loru dildə desək, dünyaya açıq-aşkar ağalıq etmək iddiasını ortaya qoyan qüvvələr var. Halbuki ikinci dünya müharibəsində Adolf Hitleri təkləyərək boğan ideya onun dünya ağalığı iddiası oldu. İndi isə o zaman bu suçuna görə Almaniyanı boğan qüvvələrin bir qisminin özü dünya ağalığı sevdasına yoluxub, desək yanılmarıq.
Bir çoxları bu qüvvələri Yeni Dünya Düzəni, əksəriyyət isə Dünya Mafiyası adlandırır. Bu qüvvələr dünyanın hər yerində çox böyük imkanlara malikdir. Müxtəlif regionlarda minlərlə laboratoriyaya malik olan bu düzən, dünyanın ən ali konvensiyalarını belə öz "qanunlarına" uyğunlaşdıra bilirlər. Bu tendensiyanın ali forması Zbiqnev Bjezinskinin "Texnogen era" kitabında çox gözəl təsvir edilib. Bu qrum öz işini o qədər ağıllı qurub ki, onun tələb və istəklərinə qarşı çıxan, dünyanın inkişafına qarşı çıxmış kimi görünür. Bu düzənin əsas ideyalarının əksəriyyətini Tavestak İnsan Münasibətləri İnstitutu ərsəyə gətirir ki, bu tədqiqat ocağında dünyanın ən yüksək səviyyədə inkişaf etmiş beyinləri toplanıb.
Düzənin beynəlxalq konvensiyalar və aktlar öz məqsədlərini həyata keçirmək üçün əlavə edilmiş maddələrə misal olaraq 1975-ci il avqustun 1-də 35 ölkə tərəfindən qəbul edilmiş Helsinkidə Ümumavropa müşavirəsinin yekun aktına nəzər salaq. Sənəddə iştirakçılar 10 əsas prinsipin rəhbər tutulmasını qəbul ediblər. Bunlar suveren bərabərlik, zor işlətməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisənin dinc yolla həll olunması, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüququ, dövlətlər arasında əməkdaşlıq və beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsipləridir. Azərbaycan Respublikası bu aktı 1992-ci ildə imzalayıb. Deməli, ərazi bütövlüyünün pozulması, yaxud bu istiqamətdə istənilən cəhd separatçılığın dəstəklənməsidir. Amma, bu aktın 10 prinsipi içərisində iki bir-birinə daban-dabana ztdd olan maddə yer alıb. Bunlar sərhədlərin toxunulmazlığı və xalqların öz müqəddəratını təyin etmək hüququdur. Bəllidir ki, müasir dönəmdə dünyanın heç bir dövləti milli yeknəsəkliyə malik deyil. Hətta, monoetnik dövlət ideyasını qarşısına məqsəd qoyan Ermənistan da belə, onlarla xalqın nümayəndəsi yaşayır. Azərbaycan, Gürcüstan, Rusiya və digər ölkələrdə isə belə xalqların sayı yüzlərlədir. Bəzən elə ölkələr də olur ki, etnik qrup sayılan xalqın xüsusi çəkisi dövlətin sahibi olan millətdən daha çox olur. Məsələn, İran İslam Respublikası fars dövləti kimi tanınsa da, bu ölkədə azəri türkləri farslardan azı dörd dəfə çoxdurlar. Deməli, hər hansı bir mərhələdə İran dövlətinin ərazi bütövlüyü arxa plana, millətlərin öz müqəddaratını təyin etmək hüququnu isə önə çəkərən bu dövləti parçalamaq olar?
Buyurun, Avropanın inkişaf etmiş, adlı-sanlı 33 ölkəsinin, Kanada və ABŞ-ın qəbul etdiyi bu akt görün hansı məqsədlərə xidmət edir. Lakin İran bu gün hələ real gücə malik bir ölkədir, ona görə də kimlərinsə bu dövləti parçalamq məqsədinə yönəlmiş vektorlar "su nişanı" kimi çox şəffafdır və o üzdən də, sadə insanların diqqətini cəlb etmir. Amma Azərbaycan Respublikası bu prizmadan baxanda dünyanın "zəif bənd"lərindən biri idi. Belə bir fürsətdən istifadə edən qüvvələr ölkənin parçalanaraq zəiflədilməsi üçün gərəkən tədbirlər gördülər. Bizə elə gəlir ki, 90-larda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonun işğal altına alınması, təkcə Rusiyanın "ayı xidməti" hesabına reallaşdı. Amma reallıqlar heç də belə deyil. Uzağa getmək lazım deyil, ötən il Rusiyanın mənafelərinə tam zidd olaraq, Sarkisyan-Koçaryan rejiminin devrilərək, Paşinyanın hakimiyyətə gətirilməsi buna bariz nümunədir. Ermənistan elə bir dövlətdir ki, orada Rusiyanın əli hər yerdədir, buna baxmayaraq, hakimiyyətə Moskvanın istəmədiyi persona gətrilir. Bu isə o deməkdir ki, Rusiya da özbaşına deyil, ən azı dünyada "rus ayısı"nın da dərisini boğazından çıxarmağa qadir qüvvə mövcuddur.
Düşünürük ki, Helsinki Ümumavropa aktına əl qatan, onu öz hədəflərinə çatmaq üçün ziddiyyətlərlə dolduran qüvvələr pərdə arxasında seperatçı qrupları himayə edir. Əks təqdirdə, Rusiya kimi qüdrətli dövləti öz vassalı, for-postu qarşısında aciz qoyan qüvvələr tanınmamışların, hətta, Fransa kimi ölkədə yaşamasına imkan verilməzdi. Dünyanın 9 ölkəsinin xalqların öz müqəddaratını təyinetmə hüququndan istifadə edərək dağıtmağa, parçalamağa çatışan bu seperatçılar "O olmasın, bu olsun" filmindəki Qoçu Əsgərin kişmişyeyən keçisinə bənzəyirlər - sahibləri qoçu olduğuna görə, heç kim onlara "güldən ağır, söz deyə bilmir. Lakin unudurlar ki, eyni aktın sərhədlərin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü prinsipi də var...
Xatırladaq ki, Xankəndidə keçirilməsi nəzərdə tutulan, siyasiləşən bu yarışmada 12 komanda - Azərbaycanın Dağlıq Qarabağ, Ukraynanın Luqansk, Donetsk, Gürcüstanın Abxaziya və Cənubi Osetiya, İtaliyanın Sardiniya, Padaniya, Türkiyənin Van bölgəsindəki "Qərbi Ermənistan", Rumıniyanın Sekey diyarı, Finlandiyanın Laplandiya, Fransanın Nitsa, Albaniyanın Çameriya bölgələrindəki separatçıların komandaları iştirak edəcəklər.
Məlum səbəblərdən dövlətlər bu "kişmişyeyən keçilərə" qarşı açıq mübarizə aparmaqdan çəkinirlər. Ona görə də, bu 9 dövlətin vətəndaşları bir cəmiyyət kimi birləşərək beynəlxalq səviyəli bir hərəkata başlamalıdırlar. Bu işdə "sarı jiletlilər"in təcrübəsindən də yararlanmaq olar.
Akif Nəsirli