İbrahim Nəbioğlu: ““Palmalı” şirkətindən öz xoşumla ayrılmadım”

 

Tanınmış jurnalist,  Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu (2003-2006) İbrahim Nəbioğlunun bu gün 56 yaşı tamam olub.

Modern.az saytı İbrahim Nəbioğlundan doğum günü münasibətilə müsahibə alıb.

- İbrahim bəy, 56 yaşınız tamam olur. Üzü  60-a doğru gedirsiz?  Qocalmaqdan qorxmursuz ki?

- Əslində, 60 yaşın qorxusunu yaşamıram. Çünki dostlarımın içində yaşca ən gənci mənəm. Məsələn, 20 gün bundan qabaq Elçin Şıxlının 60 yaşı tamam oldu. Onun yubileyində iştirak etmək üçün İstanbuldan Bakıya gəldim. Həm dostumu təbrik etmək istədim, həm də 60 yaşında insanın özünü necə hiss etməsini müşahidə etmək istədim. Digər bir hüquqşünas dostum Adil İsgəndərin 60 yaşını iyul ayında qeyd etdik. Qulu Məhərrəmlinin də doğum günü həmin ərəfədə oldu. Hər üçünü  gizli izləyirdim ki,  görüm, əvvəlki illərlə müqayisədə davranışlarında nə dəyişib. Reallıq odur ki, dönüb keçmişə baxanda heç birinin həyatında kölgəli illər yoxdur. Qürurla yaşayıblar. Bu baxımdan onların təcrübəsi mənə 60 yaş sindrumunu rahat keçirtməyə kömək edəcək. Digər tərəfdən də hələ 60 yaşa 4 ilim var. Rahat ola bilərəm. 4 il boyunca hər səhər 10 km metr qaçıram. İdmanla məşğulam. 60 yaşa qədər belə davam etsəm, qorxusu yoxdur. 60-dan sonra baxarıq. Əgər sağlıqla bağlı problem olmasa, həyatı yaşamağa dəyər. Amerikanın ürək fondunun araşdırmalarına görə artıq 50-65 yaş arası insan ömrü üçün orta yaş sayılır. Çünki elm və tibb inkişaf etdikcə, insanların ömrü uzanır. Bu baxımdan düşünürəm ki, hələ yaşamalıyıq. Azərbaycanda görüləcək çox işlər var.

-Uzun illərdir TV, yazılı media sahəsində tanınırsız.  Həm də texniki elmlər doktorusunuz. Bəs necə oldu ki, texniki sahədən humanitar sahəyə transfer oldunuz?

-Orta məktəb illərində heç kimin ağlına gəlməzdi ki, nə vaxtsa İbrahim jurnalistika sahəsində tanına bilər. Çünki məktəbdə fizika və riyaziyyat fənnlərini çox yaxşı mənimsəyirdim. Elə tətbiqi riyaziyyat üzrə də ali təhsilimi qırmızı diplomla başa vurdum. Görkəmli alim Azad Mirzəcanzadənin aspirantı olub dissertasiya müdafiə etmişəm. Təəssüf ki, gəncliyimiz elə vaxta düşdü ki, biz ailəni də saxlamalı idik. Meydan hərəkatı başlamışdı. Sovet imperiyası dağıldı. İmperiya dağılanda ailəli idim. Ailəyə, uşaqlara baxmalı idim. Hər şey pərən-pərən oldu. Sıfırdan başlamalı idim. Dostlarımın bir çoxu biznes sahəsinə üz tutdular, bir hissəsi isə ticarətlə məşğul olmağa başladı. O zamanlar türk dilini, ədəbiyyatını, tarixini mükəmməl bildiyim üçün türk qəzetlərindən iş təklifi gəldi və yazmağa başladım. Beləliklə, müştərək türk kampaniyasını qurdum. Daha sonra mərhum prezident Heydər Əliyevin təşəbbüsü və əmri ilə Azərbaycan Televiziyasının ilk Türkiyə təmsilçisi təyin etdilər.

- Atanız, professor Nəbi Yaqubov da texniki sahənin adamı idi. Siz təhsil olaraq atanızın yolu ilə getsəniz də, iş prosesində nə hansısa universitetin auditoriyasında, nə də AMEA-da  çalışdınız. Atanız jurnalistika sahəsinə üz tutduğunuza görə, etiraz etdimi?

- Atam Neft və Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti)“Nəzəri mexanika” kafedrasının (1970-1990-cı illər) müdiri olub. Onun təsiri olmasaydı, texniki sahə üzrə təhsil almazdım. Hər halda, ata kimi istiqamət vermişdi. Atam texniki sahənin adamı olsa da, ədəbiyyat oxumağı çox sevib. Amma jurnalistika sahəsinə üz tutub, ixtisasımı dəyişəndə atam etiraz etmədi. Bu sahədən zövq aldığımı gördü. Yolumu kəsmədi.

- AzTV-də uzun illər çalşdıqdan sonra təkcə televiziyadan yox, Azərbaycandan da getməli oldunuz.  Bir səbəbi Türkiyədə Baş konsul vəzifəsinə təyinatınız idi. Bəs sonra?  İndi sizi Türkiyədə yaşamağa nə məcbur edir?

- Əvvəla. 10 il AzTV-nin Türkiyə təmsilçisi işində çalışdım. Dediyiniz kimi, Azərbaycanın İstanbuldakı baş konsulu və Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında daimi təmsilçisi oldum. Aydındır ki, bu illər ərzində uşaqlarım da orada yaşamalı və orta təhsil almalı oldu. Daha sonra uşaqlar böyüdükcə, onların ali təhsil almaq məsələsi gündəmə gəldi və biz məcburən Türkiyədə qalmalı olduq. Buna baxmayaraq, Azərbaycana çox bağlıyam və ayda bir dəfə gedib-gəlirəm.

- Siz danışdıqca, bir hal müşahidə etdim. Təxminən 1992-ci ildən bu tərəfə Türkiyədə yaşamalı olmusunuz. Amma heç türk ləhcəsində danışmırsınız. Dilimizi necə qoruyub saxlamısınız?

- Tam razıyam. Türkiyədə bir il qalanlar artıq Türkiyə türkcəsində danışırlar. Təsəvvür edin ki, 30 ilə yaxındır ki, Türkiyədəyəm, amma, bir adam deyə bilməz ki, doğma ləhcəmi unutmuşam. Görünür, mütəmadi olaraq Bakıya gedib-gəlirəm, ən yeni çıxan kitabları oxumaq üçün Bakıdan alıb Türkiyəyə aparmışam.

- Bakıya birdəfəlik köçmək fikriniz varmı?


- Əlbəttə, kiçik qızım gələn il orta məktəbi bitirəcək. O da ali təhsilini həll edəndən sonra ehtimal ki, Bakıya dönəcəm. Təbii ki, əmək fəaliyyətimi burda davam elətdirə və iş tapa bilsəm, arzumu gerçəkləşdirəcəm. Həyat yoldaşım da oftalmoloqdur(göz həkimi). Hər zaman Bakıda iş tapa biləcək. Əminliklə öz adıma düşünürəm ki, Bakıya qayıdım, amma uşaqlar barədə bunu deyə bilmərəm.

- İşdən söz düşmüşkən, siz bir müddət əvvəl “Palmali” şirkətlər qrupunda vitse-prezident postunda idiniz. Sonra nə baş verdi və hansı səbəblərdən ayrılmaq qəranına gəldiniz?

- “Palmalı” şirkətlər qrupundan ayrılarmağım öz ərizəmlə baş vermədi. Artıq elə yaşda idim ki, sonradan iş tapmaq asan deyildi. Sadəcə olaraq, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov struktur dəyişikliklərinə getməli oldu  və şirkət kiçildildi.  Belə olan təqdirdə mənim sahəm də orada ixtisara düşdü və yeni sahə tətbiq olunmadı. Ona görə də əl sıxaraq dostcasına ayrıldım.

-Hazırda Mübariz Mənsimovla münasibətləriniz necədir?

- Normal salamımız var. Çünki partlayışla ayrılmadım. Dediyim kimi, şirkət yavaş-yavaş turizmdən, inşaatdan geri çəkildi. Yalnız əsas işlər qaldı və mənə ehtiyac qalmadı.

- Doğum günü suallarından kənara çıxdıq. Necə keçirirsiniz doğum günlərinizi?

- Azərbaycansayağı...
 

- O zaman dəbdəbəli doğum günləri deyək...

- Əsas ailəm, uşaqlarım təbrik ediblər. Hazırda işlə bağlı Bakıdayam. Doğum günüm də bu günə təsadüf edir. Bu gün dostlarım Elçin Şıxlı, Qulu Məhərrəmli, Arif Əliyevlə bir yerdə olacam. Sabah isə gənclik və sinif yoldaşlarımla görüşəcəm. Amma elə böyük məclis olmayacaq. Kiçik bir məkanda toplaşacağıq. Dostlar sağ olsun. Dəbdəbəli doğum günü keçirməyə ehtiyac duymuram. Qismət olsa, 60 yaşımı daha böyük qeyd edərəm.

- Bir suala da cavabınız çox maraqlıdır. Diplomatik sahədə və böyük şirkətdə vitse-prezident olanda qazandığınız və itirdiyiniz dostlar... Kimlər getdi, kimlər qaldı?

- Diplomatik sahədən də, “Palmali” şirkətlər qrupundan da ayrılanda dost çevrəm pərən-pərən oldu. Hər ikisində də qazanılan dostlar iş sferasına aid idi. Məni yaxından tanıyanlar bilir ki, ən yaxın dostlarım sinif yoldaşlarımdır. Onların arasında elmlər doktoru da, akademiyanın müxbir üzvləri də var. 5-6 nəfər xaç dostlarım var ki, onlarla ölümə də getməyə dəyər. Həmin dostlarım AzTV-dən üzü bəri, konsul və  şirkətdə vitse-prezident olanda da yanımda idilər və bu gün də yanımdadırlar.

0.30432081222534