ABŞERON TƏHSİLİNDƏ «OTXOD» KADR SİYASƏTİ

 

Abşeron rayon təhsilindəki neqativ hallar barədə KİV-də, eləcə də «Dəryaz» qəzetində əvvəllər də tənqidi yazılar dərc olunub. Təhsil Nazirliyi və rayon rəhbərliyi bəzi kosmetik «islahatlar» aparsa da (məsələn rayon təhsil şöbəsinin müdirini dəyişsə də), sahəni tənəzzüldən çıxara bilməyib, əksinə, süquta yaxınlaşdırıb.

Rayon təhsilində müşahidə olunan mənfi tendensiyalardan biri və bəlkə də birincisi kadr siyasətindəki korrupsiyadır. Abşeronda işdən kənarlaşdırılan məktəb direktorlarının yerinə Bakıdan və Sumqayıtdan gətirilən həmkarları heç də həmişə müsbət reputasiyaya malik olmurlar. Götürək elə Abşeron rayon Masazır qəsəbəsində yerləşən 3 saylı orta məktəbin hazırkı direktoru Lalə Quliyevanı. O, vaxtilə direktor müavini vəzifəsində işlədiyi Bakı şəhər Binəqədi rayon 297 saylı məktəbdən direktor Fazil müəllimdən sonra müvəqqəti olaraq direktoru əvəzlədiyi dönəmdə rəvac vermiş olduğu qanunsuzluqlara, səlahiyyətlərindən sui-istifadə etdiyinə görə kənarlaşdırılıb. Hətta iş o həddə çatıbmış ki, Bakı şəhər Təhsil İdarəsi onun müavin kabinetini plomblayıbmış da. Sonra əlaqələrini işə salan Lalə Quliyeva rəfiqəsinin anasının direktor işlədiyi Bakı şəhər 179 saylı orta məktəbə riyaziyyat müəllimi gedib. Bir müddət sonra oradan da işdən çıxarıblar.

Bildirilir ki, sıravi müəllimin halal maaşı ilə qane olmayan, həmişə daha yuxarı vəzifələrə (direktor müavini, direktor) iddialı olan ambisioz Lalə müəllimə əlinə düşən haram qazanc fürsətlərini heç də fövtə verməyib, özünə gələcəyi üçün gün ağlayıb, biznes qurub: Məlumata görə, onun «Sahil» metrosu həndəvərindəki ticarət mərkəzində iki mağazası var.

Bildirilir ki, Lalə Quliyeva 1 ildə 20 dəfə Dubaya gedib- gəlib. Mənbə onu da qeyd edir ki,Lalə Quliyeva zavuç işlədiyi müddətdə Həyatı Bacarıqlılar fənninin fakultetivinin sertifikatı üçün 60 nəfər müəllimin hər birindən 60 manat alaraq onların heç birinə həmin sertifikatı verməyib. Bunun üçün hətda 40 nəfər müəllimin izahatı da alınıb. Deyilənə görə o,həmin müddətdə saxta protokollarla məktəb ləvazımatlarını da mənimsəyib.Bir sözlə onun işi xidmətçidən tutmuş digər kollektivi də şantajla qorxu altında saxlayıb öz əməllərini həyata keçirmək olub.

Maraqlı burasıdır ki, hörmətli M. Cabbarov nəyə görə Bakı Şəhər Təhsil İdarəsinin paytaxtın təhsil müəssisələrində yuxarı vəzifəyə layiq bilmədiyi Lalə Quliyevanın Abşeronda direktor kimi qəbul edilməsini görməzdən gəlib? Olmaya, xanım direktorun «Sahil»dəki prestijli dükanları təhsil nazirinin də gözünü qamaşdırıb?

Bu gözqmaşdırma cənab Nazirə təsir etməsə də yəqin bilirik ki,Abşeron rayonuna yeni təyinat alan (Bu təyinat barədə gələn sayımızda ətraflı məlumat verəcəyik) Nazilə Məmmədovaya təsir edib və həvəsləndirib ki,həftələrlə , Lalə Quliyeva barəsində ona verdiyimiz suallarımıza dolayısı cavab verməklə sualımızdan yayınır.

Məqalədə qeyd olunan suallarla bağlı BŞTİ-ə ünvanladığımız rəsmi sorğuda isə bildirilir ki, Bakı şəhəri 297 nömrəli tam orta məktəbin sabiq təlim-tərbiyə işləri üzrə direktor müavini ilə bağlanmış əmək müqaviləsi, ərizəsi nəzərə alınmaqla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən 12.12.2016-cı il tarixdən ləğv edilib, ixtisası üzrə müəllim kimi saxlanılmasına razılıq verilib. Daha sonra növbəti ərizəsinə əsasən, Quliyeva Lalə Teymur qızının iş yerinin Bakı şəhəri 297 nömrəli tam orta məktəbdən Bakı şəhəri 179 nömrəli tam orta məktəbə dəyişdirilməsinə razılıq verilib.

Lalə Quliyevanın özünə gəlincə, onunla telefon əlaqəsi saxladığımızda karyerasındakı ziq-zaqların, təzadlı yerdəyişmələrin heç də işdən qovulmaqla əlaqəli olmadığını bildirdi. Dedi ki, 179 saylı məktəbdən işdən çıxması səhhət durumu qeyri-qənaətbəxş olan, qayğıya ehtiyaclı ərini baxımsız qoymaq istəmədiyi səbəbindən olub, belə bir qərarı özü veribmiş. «Bəs indi necə, həyat yoldaşınız sağalıbmı, indiki daha məsul və gərgin reqlamentli vəzifənizlə ev işlərini necə çatdırırsınız» sualımıza isə konkret cavab verə bilmədi, rabitəsiz ifadələr işlədərək necə deyərlər, özünü dolaşdırdı. Onun səs yazısını «Deryaz.az» saytının izləyicilərinin müzakirəsinə təqdim edirik.

Abşeron rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədovadan Lalə xanımın hansı üstün cəhətlərinə görə direktor təyin etdiyini soruşduqda Nazilə xanım,sualımıza cavab verəcəyinə söz versə də sualımız hələlik cavabsız qalıb. Odur ki,mövzunu davam etdirəcəyik.

0.24852204322815