Bakıda psixotrop dərmanların açıq satışı - VİDEO/İLGİNC

 

Bakıda "Şamaxinka" adlanan ərazidə psixotrop vasitələrin açıq satışı ilə məşğul olan aptekin olduğu barədə məlumatlar yayılıb. Belə ki, sosial şəbəkələrdə yayılan məlumata görə, bir xanım həmin aptekin müştərilərini öz telefonu ilə çəkib. Çəkilişdən görünür ki, əczaçı resept təqdim etməyən bir şəxsə “Tramadol” satır. Çəkiliş edən xanım aptekdən çıxan şəxsin arxasınca gedərək ondan nə aldığını soruşur. Bir qədər əsəbi də olsa, şəxs aptekdən 50 milliqramlıq “Tramadol”, “Contramal” aldığını deyir. Geri qayıdan qadına özünü aptekin sahibi kimi təqdim edən şəxs bildirir ki, ayda polisə 20 min hesab verir. “Get, hara istəyirsən şikayət et”. Aptek işçisi həmçinin deyir ki, açıq satışdır, istəməyən almasın.

Məlumat üçün bildirək ki, “Tramadol” psixotrop dərmandır. “Tramadol” tərkibli həblərin satışı qadağan edilməyib, lakin bu dərman güclü psixotrop təsirə malik olduğundan yalnız həkim təyinatı əsasında satıla bilər. Bu dərmanın reseptsiz satışı Səhiyyə Nazirliyi tərəfindən qadağan edilib. Preparatın əlavə təsirindən biri də asılılıq yaratmasıdır. Belə ki, bu dərmanlar eyforiya yaradır, onu qəbul edən şəxs reallığı görə bilmir, şüur pozğunluğuna səbəb olur. “Tramadol” dərmanlarını yalnız 14 yaşından yuxarı xəstələr qəbul edə bilərlər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin mətbuat xidmətinin rəhbəri Esmira Ələkbərova Cebhe.info-ya bildirib ki, “Tramadol”, “Contramal” güclü təsiredici dərman vasitəsidir: “Sözügedən dərmanların satışı üçün apteklərə xüsusi lisenziya verilməlidir. Eyni zamanda bu preparatlar Daxili İşlər Nazirliyinin icazəsi ilə satılır. Həmin dərmanları istənilən aptek sata bilməz. Apteklərin lisenziyası və DİN-nin icazəsi olmadan həmin dərman vasitələrinin satmağa ixtiyarı yoxdur. Artıq aidiyyatı orqanlar işə qarışmalıdır”.

Qurum rəsmisi onu da qeyd edib ki, sözügedən məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinə rəsmi müraciət olunmayıb: “Həmin dərmanı aptekdən alan şəxs qəbz ilə birlikdə rəsmi müraciət etdiyi təqdirdə, məsələ araşdırılacaq. Bununla bağlı artıq aidiyyatı orqanlar açıqlama verə bilər”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə Cebhe.info-ya açıqlamasında sözügedən məsələ ilə bağlı quruma hər hansı məlumat daxil olmadığını deyib: “Məsləni araşdırandan sonra konkret fikir bildirmək mümkün olacaq”.
Teref.info olaraq sizə Şamaxinkada narkodiller aptekdən çəkilən videonu təqdim edirik:

0.17531704902649