Akif Təvəkküloğlu: “Əlçatmayan deputatımız yoxdur”

 

Akif Təvəkküloğlu: “Milli Məclis rəhbərliyi mətbuata açıqdır”

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun “Report”a müsahibəsi:

- Gündəlik iş prosesiniz necədir?

- Fəaliyyətimiz ölkə qanunvericiliyinə, o cümlədən Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq tənzimlənir. Bilirsiniz ki, Milli Məclis Konstitusiyaya uyğun üzərinə düşən vəzifələri yerinə yetirir. Biz mətbuatla parlament arasında körpü rolunu oynayırıq. Hər gün mətbuatla əlaqədəyik. Media orqanları tərəfindən Milli Məclisə sorğular, zənglər olur, onların hamısı cavablandırılır. Çalışırıq ki, işimizin öhdəsindən yüksək səviyyədə gələk. Hər bir mətbuat orqanının sualı cavablandırılsın, mətbuatla daha güclü əlaqələr olsun.

- Milli Məclis xəbərlərini jurnalistlərə çatdırmaq necə bir işdir? Yəni, deputatlarla işləməyin maraqlı tərəfləri nədən ibarətdir?

- Həqiqi mənada öz işimdən zövq alıram. Bir məsəl var, kim işdən evə, evdən işə tələsirsə, o, xoşbəxtdir. Mən həqiqətən də özümü o xoşbəxtlərdən hesab edirəm. Gün ərzində o qədər rəngarəng işlərimiz olur ki... Mənim işim çox maraqlıdır, maraqlı olduğu qədər məsuliyyətlidir. Operativlik əsas amillərdən biridir.

 

- Bəzən jurnalistlər narazılıq edirlər ki, Akif Təvəkküloğlu jurnalistlərə dolğun informasiya vermir...

- Milli Məclisin özünəməxsus strukturu var. Hər bir strukturun da öz işi, məsuliyyəti mövcuddur. Parlamentin, komitə və plenar iclasları, dinləmələr, o cümlədən deputatların səfərləri ilə mətbuata mütəmadi məlumatlar verilir. Biz mətbuatla sıx əməkdaşlıq edirik. Hansısa məlumatın mətbuata vaxtında çatdırılmaması ilə bağlı deyilənlər anlaşılan deyil. Bəzən jurnalistlər “eşitmişik”, “deyirlər ki” və bu kimi digər fakta əsaslanmayan suallar verirlər. Bu isə qeyri-müəyyənlikdir. Mən, o sual səviyyəsində cavab verə bilmərəm. Çünki əlimdə rəsmi sənəd olmasa, sualı cavablandıra bilmirəm. Əlimdə sənəd olmadan münəccimlik edərək suala necə cavab verim? Gənc jurnalistlərə tövsiyəm odur ki, diqqətli olsunlar. Bu cür suallar sensasiya xarakteri daşıyır, bəzən bu, zərərli hallara yol açır. Səhv informasiya cəmiyyətdə çaşqınlıq yarada bilər. Ona görə də sual sensasiya xatirinə deyil, reallıqdan doğmalıdır.

- Ümumiyyətlə, jurnalistlərlə münasibətiniz necədir?

- Jurnalistlərlə münasibətim yaxşıdır.

 

- Bəs Sizin parlament jurnalistlərindən hansısa narazılığınız varmı?

- Burada söhbət razılıqdan və ya narazılıqdan getmir. Mətbuat xidməti olaraq jurnalistlərlə işimiz qənaətbəxşdir. Çalışırıq ki, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirək. Jurnalistlərlə işi düzgün qurmaq lazımdır. Bizim üçün əsas prinsip budur. Həmişə də bunun üçün çalışırıq. Biz işimizi düzgün qururuqsa, narazılıq ortaya çıxa bilməz. Jurnalistlərlə münasibətimizdə problem yoxdur. Jurnalistlər də informasiya verəndə, əlavə rənglər qatmamalıdır. Müsahibin sözünü jurnalist başqa cür yazırsa, təbii ki, burada narazılıq yaranacaq. Biz işlədiyimiz jurnalistlərin əksəriyyətindən razıyıq. Bəzən ya bilərəkdən, ya bilməyərəkdən xırda qüsurlar olur. Belə olan halda, həmin məsələni mətbuat orqanının rəhbəri ilə məsləhətləşirik. Sağ olsunlar, onlar da bunu nəzərə alırlar.

- Hər hansı deputat onunla bağlı mediada rezonans doğuran xəbərlər yer alanda Sizdən kömək istəyirmi? Həmin məqamda necə davranırsınız?

- Təsadüfi deyilən bir şeyi qabartmaq doğru deyil. Tutaq ki, müsahib fikrini düzgün çatdıra bilmir, müəyyən qüsurlara yol verir. Hər şey qalır kənarda, diqqəti həmin fikrə yönəldirlər, onu “yağlı şriftlərlə” başlığa çıxarırlar. Bu, doğru deyil. Elə bir ciddi problem olmayıb ki, kömək də istəsinlər. Biz özümüz mətbuatı izləyirik, Milli Məclislə bağlı xırda informasiyanı belə, görürük və problem varsa dərhal reaksiya veririk. İnformasiyanı yaydıqda dövlətçilik prinsipləri əsas tutulmalıdır. Hər bir məsələdə dövləti, dövlətçiliyi, xalqı düşünmək lazımdır. Düşünmək lazımdır ki, yayılan informasiya dövlətə, xalqa nə verir?

 

- Medianın əli çatmayan deputatlarla münasibətiniz necədir?

- Bu fikirlə razı deyiləm, əlçatmayan deputatımız yoxdur. Deputatların hamısı Milli Məclisin komitə və plenar iclaslarında, ayrı-ayrı tədbirlərdə iştirak edirlər. Belə iclaslarda iştirak edən jurnalistlər deputatları görə bilirlər, onlara istənilən sualla müraciət edirlər... Mətbuatda, demək olar, deputatların çıxışları çoxluq təşkil edir. Bütün deputatlar bizim istənilən müraciətimizə cavab verirlər.

- Media orqanını Milli Məclisə akkreditasiya edərkən hansı meyarları üstün tutursunuz?

- Milli Məclisdə akkreditasiyadan keçmək istəyən media orqanı ilə bağlı əvvəlcə araşdırma aparırıq, sonra qanuna uyğun akkreditasiyadan keçiririk. Baxırıq ki, həmin media orqanı bizim tələblərimizə uyğun gəlir, ya yox. Tələblərimiz media orqanının təsdiqlənmiş bir fəaliyyətinin olmasıdır, informasiyanı düzgün çatdırmasıdır.

- Oqtay Əsədov artıq 12 ildir Milli Məclisin sədridir. Amma jurnalistlərə çox az müsahibə verir. Bunun səbəbi nədir?

- Milli Məclisin sədri Oqtay Əsədova dəfələrlə yerli və beynəlxalq media orqanlarından suallar ünvanlanıb. Həmin suallar lazımi qaydada cavablandırılıb. Bu, həmişə belə olub. Milli Məclisin rəhbərliyində təmsil olunanlar mətbuata açıq insanlardır. Jurnalistlər arasında belə bir tendensiya var ki, sualları rəhbər şəxsən cavablandırmalıdır. Niyə? Milli Məclisdə bu qədər struktur var, hər birinin də öz işi var. Bütün bunlarla bərabər bəs mətbuat xidməti nə üçündür? Bizim günün 24 saatı telefonlarımız açıq olur, hər bir sualı qanun çərçivəsində cavablandırmağa çalışırıq. Milli Məclisdə plenar iclaslar, parlament daxilində və xaricində ayrı-ayrı tədbirlər keçirilir. Milli Məclis rəhbərliyi həmin tədbirlər çərçivəsində müxtəlif mövzulara münasibətlərini bildirirlər. Həmin tədbirlərdə jurnalistlər də iştirak edir. Milli Məclis rəhbərliyi mətbuata açıqdır.

 

- AzTV-dən sonra Milli Məclisdə çalışırsınız. Bəs bundan sonra karyeranızı harada davam etdirmək istəyərsiz?

- Bu gün işimdən məmnunam, ürəyimcədir. Doğrusu, bundan sonrakı fəaliyyətlə bağlı düşünməmişəm. Hər birimiz bu ölkənin, dövlətin, xalqın vətəndaşı olmaqla yanaşı, həm də əsgərik. Vətən torpağını qorumaq üçün tapşırıq alarıqsa, döyüşə getməyə hər an hazır olmalıyıq. Milli Məclisdəki kollektiv çox mehribandır, qayğıkeşdir. Ona görə də başqa bir şey düşünmürəm.

- Deputat olmaq istəmisiz?

- Heç bu barədə düşünməmişəm. Hazırki işim mənim üçün çox dəyərlidir, ona görə də başqa nələrsə düşünmürəm.

- Dost olduğunuz deputat varmı?

- Deputatların hamısı ilə münasibətim yaxşıdır.

- Uzun illər televiziyada çalışmısız. 16 il. Artıq 11 ildir ki, televiziya sahəsindən uzaqsınız. İndi Azərbaycanın televiziya kanalları kənardan necə görünür? Nələri bəyənmirsiniz?

- Teleməkanın ümumi konsepsiyası olmalıdır. Fərqi yoxdur, dövlət və ya özəl telekanaldır, hamısı Azərbaycan ərazisində fəaliyyət göstərir. Azərbaycan dövlətçiliyi, xalqın mənafeyi hər şeydən üstün olmalıdır.

 

- Düşünürsüz ki, pərakəndəlik var?

- Deməzdim ki, pərakəndəlik var. Amma belə bir konsepsiya olmalıdır. Televiziyada çalışan bir insan kimi deyə bilərəm ki, hazırda televiziyalar texnika cəhətdən çox inkişaf edib. Hətta, bu, müqayisəolunmaz dərəcədədir. Texniki baxımdan inkişaf daha böyükdür, nəinki jurnalistika sahəsində... Texniki inkişaf jurnalistikanı üstələyib. Arzu edərdim ki, texnika bizim arxamızca gəlsin, amma hazırda belə deyil, biz texnikanın arxasınca qaçırıq.

- Siz şeir də yazırsınız. Hətta kitabınız da çapdan çıxıb. Belə gərgin iş rejimindən sonra şeir yazmağa necə vaxt tapırsınız?

- Şeir elə bir şeydir ki, bədahətən gələndə cızma-qara edirsən. Bu, mənim üçün bir istirahətdir. İnsan bu həyatda hər bir şeyə sevgi ilə yanaşmalıdır, insan həyatı sevməlidir. Əgər sən hər bir şeydə gözəllik axtarsan, mütləq tapacaqsan. Həmişə çalışıram ki, gözəllik, yaxşı nə varsa, onu axtarım. Həyatla aşiq-məşuq olmalısan, həyatı elə sevməlisən ki, o da səni sevsin.

- Yeni şeirlər varmı?

- Hərdən yazıram. Hələki əlyazma formasındadır. Növbəti kitab da, yəqin ki, olacaq.

- Kitab oxumağa vaxtınız olur?

- Evə gedəndən sonra oxuyuram. O da təxminən 5-6 səhifə olur. Çünki vaxt azlığından kitab oxuya bilmirəm. Hər gün mətbuatı izləyirəm, xəbərlər, ayrı-ayrı təhlil yazıları oxuyuram, maraq cəlb edən informasiyalara göz gəzdirirəm.

 

- Stolunuzda "Qurani-Kərim" kitabını gördüm, gündəlik oxuyursunuz?

- Vaxt olan məqamlarda baxıram, bəzən oradan nəsə öyrənirəm.

- Çətinə düşəndə də oxuyursunuz?

- Söhbət çətinə düşməkdən getmir. Ümumiyyətlə, vaxt tapan kimi oxuyuram. Oxuduqca adamın ruhu təzələnir.

- Akif müəllim, bu il 55 yaşınız tamam olur. Bu müddət ərzində çata bilmədiyiniz arzunuz olubmu?

- Elə bir insan tapılmaz ki, bütün istəklərinə çata bilsin. Həyat davam etdikcə arzudan arzu doğur. Əsas odur ki, insan həyatda sevinməyi və sevindirməyi bacarsın. Onda insan özünü daha xoşbəxt hiss edər. Bir də arzular sonsuzdur. Hansısa arzuya çatmamaq həyatın sonu demək deyil. Həyatı fantaziyalarla, sənin ondan umacaqlarınla yox, həyatın sənə verdikləri ilə sevib yaşamalısan.

0.47141194343567