Ziya Bünyadovun qatili üzr istədi – Şok etiraflar

 

1997-ci il fevralın 21-də böyük alim akademik Ziya Bünyadov qətlə yetirilib.

Axar.az Musavat.com-a istinadən akademikin qətlində günahlandırılaraq ömürlük həbs cəzasına məhkum olunmuş Nizami Nağıyevlə saxlanıldığı Qobustan Qapalı Həbsxanasında baş tutmuş müsahibənin sonuncu hissəsini təqdim edir:

Həyatının 54-cü ilini yaşayan Nizami Nağıyev 18-ci ildir ki, həbsxanadadır. O, 2000-ci ildən ömürlük məhbuslar üçün nəzərdə tutulan kamerada qətlin digər iştirakçısı Mahir Zeynalovla birgə saxlanılır.

İqtisad Universitetini qırmızı diplomla bitirən Mahir Zeynalov da, Dövlət Gömrük Komitəsinin inspektoru olmuş Nizami Nağıyev də bu gün Qobustan Həbsxanasının divarları arasında 21 il əvvəl törətdikləri dəhşətli qətlin cəzasını çəkməkdədirlər.

Əvvəli burada!

Burada hər bir addım nəzarət altındadır. Yatmaq da, yuxudan oyanmaq da, yemək də, içmək də, televizora baxmaq da, hamamda yuyunmaq da və s., hər şey rejimlədir. Sərbəst hərəkət azadlığı yoxdur. Üstəlik sayıqlığı 1 saniyə belə əldən vermək olmaz...

Həbsxana həyətində sanki bir başqa həyatdır. Əhənglə ağardılmış çoxsaylı barakların ətrafında qara paltarlı dustaqlar gözə dəyir. Köhnəlmiş binalardan birinin qabağında iki əsgərin ortasında əli qandallı dustaq dayanıb. Orta yaşlı, dolu bədənli dustağın əynindəki nimdaş gödəkçənin qolları arasından qandal parıldayır...

Bu, odur - ömürlük məhbus Nizami Adil oğlu Nağıyev. Yaşadığı binanın blokunda akademik Ziya Bünyadova bıçaqla xəsarət yetirən Bakı sakini, Azərbaycan vətəndaşı. Onunla həbsxanada görüşən “Yeni Müsavat”ın müxbirinə hər şeyi anladır...

- Atam məhkəməyə gələndə baxdım ki, özündə deyil. Düşündüm ki, hər şeyi olduğu kimi danışsam, infarkt keçirəcək, ya da insult olacaq. Onsuz da bir insanın ailəsini bədbəxt eləmişik, bu da belə olsun istəmədim.

- Kimi bədbəxt etdiyinizi nəzərdə tutursuz?

- Ziya Bünyadovun ailəsini. Onu vurub öldürdük, ailəsini başsız qoyduq. Atam mənə yaxınlaşanda, dedi ki, bu işi eləmisənsə, düzünü de. Üzünə baxdım, özündə deyildi, düzünü demədim. Dedim xəbərim yoxdur, kriminalist Rövşən Əliyev bu işi boynuma qoyub, bu iş mənlik deyil. Bir az da ailəm üçün qorxdum. Düşündüm ki, o tərəf ailəmə xətər yetirə bilər.

- Kimi nəzərdə tutursuz?

- Kimlərlə birgə idim onları.

-Onlar sizə nə edə bilərdilər ki?

- Gəldilər, Bakının ortasında belə bir iş gördülər, sakitcə çıxıb getdilər. Bundan da real güc olar? Mən nə bilim ki, onlarla kimlər var? Bunu bilə bilməzdim axı.

- Yəni sizə bir işarə verən olurdu ki, sizin dəstədən də başqa adamlar var?

- Bunu ancaq Tariyel bilə bilərdi. O da bizə bir söz demirdi. Biz “pexota” idik, deyirdilər get qabağa, biz də gedirdik.

- Həbs ediləndən sonra istifadə etdiyiniz bıçağı, silahı götürdülər?

-Yox, Cavanşirgil paltarları yandırmışdılar, bıçağı, silahı yoxa çıxarmışdılar. Maşınların təkərlərini də söküb yandırmışdılar ki, izinə düşüb maşınları tapan olmasın.

- Məhkəmədə də olanları danırdız, etiraf etmirdiz?

- Hə, atam məhkəmədə də üstümə düşdü, ona həqiqəti deyə bilməzdim. Necə deyim ki, sənin oğlun belə bir işin altına girib? Atam icra başçısı idi. Mənə görə onu, qardaşlarımı işdən çıxarmışdılar. Bu gün də işsizdirlər. Atam da günahsız olduğumu düşünüb qəzetlərə şikayətlərə gedirdi.

- Necə oldu ki, həqiqəti atanıza dediz?

- Gördüm ki, ora-bura şikayətə çox gedir. O vaxtlar yanıma gəlmirdi. Çağırdım, nə var hamısını ona dedim. 2009-cu ilin sonu idi. Dedim ki, onu-bunu günahlandırmayın, haqq-hesab belə olub. Hamı bunu hökumətin üstünə atırdı. Qəzetlərə də bu məlumatlar çıxırdı.

- Ötən 18 ildə düşünüb-daşınmağa kifayət qədər varxtınız olub. Sizcə, Ziya Bünyadovun qətli ilə Moisey Kalankatuklunun “Albaniya tarixi” kitabını dilimizə tərcümə etməsi arasında bir əlaqə olub?

- Mən bunu bilə bilməzdim. Biz icraçılar idik. Aldadılmış icraçılar. İnanmıram ki, dəstədə kimsə də bunu bilirdi.

-Yeni tutulanda üzvü olduğunuz təşkilatın sizi həbsdən qurtara biləcəyinə ümidiniz vardı?

- Tariyelə inanırdım. Amma kim gəlib deyərdi ki, bunu biz etmişik? Nəsrullah, İran gəlib deyər ki, bunu biz etmişik? Tutuldun, deməli məhv olub getdin.

- Namaz qılırsız?

- Namaz qılıram, oruc tuturam.

- Uşaqlarınız necə, ibadət əhlidirlər?

- Uşaqlarım namaz qılırlar. Amma onlara məscidə getməyi qadağan etmişəm.

- Niyə?

- Mənim başıma bu müsibətlər məsciddən gəldi də. Mən ora gedib girməsəydim, bu işlərə də qoşulmazdım. Böyük oğlum namaz qılır, kiçiyi idmançıdır.

- Təsərrüfatınız qalır?

- Atam bir inək alıb-verib. Ötən 18 ildə yanıma gəlib getmək üçün parnikimin bütün turbalarını söküb satıblar. Həyət-bacada toyuq-cücə var, birtəhər dolanırlar. Mən də burda. Bir əlimdir, bir də başım. Gözümü açıram, pəncərədən çölə baxıram. Özümə sual verirəm - kimə görə, nəyə görə sən burdasan? İçim yanır. Özümü, Tariyeli, Nəsrullahı söyməkdən başqa əlimdən heç nə gəlmir. Nə qədər özümü söyüm, nə edim. Nə edim? Baxırsan ki, generallar da səhv edir. Burada kimlər olmayıb ki? 1992-ci ildə kor-koranə gedib bunların əlinə düşdük. Hərdən baxıram, cavan-cavan uşaqlar gedib İŞİD-ə qoşulur. Bədbəxtdirlər. Dünyanın ən bədbəxt adamlarıdırlar. Ailələrini də yığıb özləri ilə aparırlar. O vaxt bizlərin interneti yox idi. Sosial şəbəkələr yox idi. Dünyadan bixəbər idik. İndi isə belə deyil axı. Bağdadi ilə bağlı məlumatları eşidirik. Bu adam Amerika həbsxanasında olub. Necə olub azad edilib? Necə olub gedib Afrikaya çıxıb? Bu haradan mömin oldu? Hamısı xüsusi xidmət orqanlarının işidir. Bağdadi bir gün onlara lazım olmayacaq və aradan götürəcəklər.

- Yəni indi gedişatı saf-çürük eləmək üçün imkanlar var?

-Əlbəttə var. Hər şey göz qabağındadır. O dövr belə deyildi. Mən haradan hara gəlib çıxdım? Ailəmi, atamı, qardaşlarımı haradan hara gətirib çıxardım? Qoşulmasaydım, ailəm harada idi, indi haradadır? İmkansızlıqdan bu gün görüşlərin çoxuna çıxa bilmirəm. Uşaqlara da deyirəm ki, məni düşünməyin, mənim də qismətim belə oldu. Mən nəyi qaytara bilərəm ki? Nəyi dəyişə bilərəm? Gərək elə iş görəsən ki, sonra kaş ki, belə etməzdim deməyəsən. Mahir də 2 uşaqla elə bədbəxt oldu. Narxozu qırmızı diplomla qurtarmışdı. Yaşlı anası var. Əclaflar bizi oyuna salıb bizim də, Ziya Bünyadovun da həyatını məhv etdilər.

- Tariyellə Cavanşiri nəzərdə tutursuz?

-Bəs kimi deyirəm? 18 ildir ki, yoxdurlar. Ailələrini də götürüb gediblər o tərəfə. Atam da deyir ki, onları da tutun. Deyirlər ki, İran tərəfi deyir ki, bizim ərazidə yoxdurlar.

-İrana keçmələri təsdiqlənib?

- O vaxt qəzetlər yazmışdılar ki, qeyri-qanuni İrana keçiblər.

- İmkanınız olsaydı, nələri dəyişərdiz?

- Ziya Bünyadovun ailəsindən, yaxınlarından üzr istəyirəm. Allah içi mən qarışıq baiskarın evini yıxın. Allah Tahirə xanıma rəhmət eləsin. O, ölümündə əvvəl mənim günahlarımı bağışlamışdı, prezidentə də məktub yazmışdı. Ziya Bünyadovun yaxınlarından xahiş edirəm, imkanları varsa, Tahirə xanımın yolu ilə getsinlər, bizi bağışlasınlar. Bilirəm ki, böyük bir günah etmişəm. Bizi aldatdılar. Onu Aydın kimi təqdim etdilər, barəsində bizə çox yalanlar dedilər. Biz cavan, təcrübəsiz olduq. Siyasi, dini, hüququ savadımız da olmadı ki, vəziyyətdən çıxa bilək. Sovet hökuməti yeni dağılmışdı. Çox adam vəziyyətdən baş çıxara bilmirdi. Heydər Əliyev Azərbaycana qayıdanda bir çox ziyalılar belə ona yuxarıdan aşağı baxırdılar, anlamırdılar ki, nə baş verir. 1990-cı ildə o rəhbər olsaydı, Azərbaycanın vəziyyəti bir başqa olardı. OMON-çular, əlikramçılar, sadvalçılar, avarlar, Hizbullahçılar, Ceyşullahçılar, İŞİD-çilər, bozqurdlar... Daha kimlər yoxdur burada? Kim ala biləcəkdi bunların qabağını? Ətrafımızda salamat müsəlman ölkəsi var? Yoxdur. Hamısı darmadağındır. Hamısında aləm bir-birinə qarışıb. Azərbaycanda isə sabitlikdir.

-Azadlıq haqda fikirləşirsiz?

- Ümid edirəm, fikirləşmirəm. 3 nəvəm var. 25 illik hədd qoyublar. Ümid edirəm. Ürəyim xəstədir, bəlkə sağ qaldım. Bəlkə ömürlük üstümdən götürülər. Bir istəyim var - azadlıq. Balalarımın əllərindən öpmək istəyirəm azadlıqda. 3 nəvəm var. Böyük nəvəmin adı Əlidir, kiçiyinin adı Cəfərdir. Birinin da adı Məryəmdir. Böyük nəvəm gəlir, deyir ki, baba, əsgərlərlə işləyirsən burda? Uşaqdır, bilmir, ağlı kəsmir ki, dustağam. Bilmir.

-Uşaqlarınıza nəyə görə həbs edildiyinizi deyiblər?

-Bilirlər. Böyüyünün 31 yaşı var artıq. Mən tutulanda 12 yaşı vardı. Balaca 6 yaşında idi. İndi 24 yaşı var. Deyirəm evlən, deyir ki, sən çıxmasan evlənən deyiləm. Nə cür evlənim deyir.

- Azad edilsəz, nə işlə məşğul olacaqsız?

- 54 yaşım var, ürək xəstəsiyəm. Nə işlə məşğul ola bilərəm? Yəqin gedib yenə də torpaqda işləyib, mal-qara saxlayacağam. Başqa nə edə bilərəm?

-Cəzanızın müddətli cəza ilə əvəzlənməsi üçün müraciət edirsiz?

-Mən də yazıram, atam da yazır. 3 dəfə ərizə yazmışam. Alıb aparıblar. Ümid edirəm. Vəssalam.

“Mahir də mənim kimi gəlib məscidə namaz qılmağa, düşüb böyük bir zibilin içinə, ömrü çürüyür gedir”

-Mahirlə münasibətiniz var?

-Bir kamerada qalırıq.

-O nə fikirləşir, nə deyir?

- Ağlayır. O tutulanda uşağının 3 yaşı vardı. Anası qocalıb. Qabağında ata yox, qardaşı xəstə. Bir qaynatası var, o gəlib-gedir dalınca. “Narxoz”u qırmızı diplomla qurtarıb, gəlib oturub burada. Onun atası “Narxoz”un müəllimi olub, 90-cı ildə rəhmətə gedib. Mahir də mənim kimi gəlib məscidə namaz qılmağa, düşüb böyük bir zibilin içinə, ömrü çürüyür gedir. 22 yaşında düşüb bu oyunun içinə. 18 ildir ki, o söyür, mən söyürəm. O başına vurur, mən vururam, başqa nə edək?

- Mahir tutulanda nə işlə məşğul olurdu?

-Taksi sürürdü. Tariyel hamilə yoldaşını bunların ümidinə qoyub aradan çıxıb. O da baxırmış. Mahiri də evində tutmuşdular. Mahir biz birinci dəfə ora gedəndə yox idi. İkinci dəfə gedəndə elə bil ki, əcəl onu dartıb gətirmişdi. Yəni onu özümüzlə aparmaq planı yox idi. Özü durub gəlmişdi. Soruşduq, dedi ki, gəldim görüm nə edirsiz. Tariyel də dedi ki, gəlmisən, get sən də, maşında oturarsan, motoru söndürməzsən. Hava soyuq idi, dedilər ki, motoru söndürərsiz, birdən sonra işə düşməz. Həmin gün qar yağmışdı. Onun da ailəsi belə bədbəxt oldu. 2 uşağı var, hər ikisi universitetdə oxuyurlar. Çətindir. 18 il yollarda qalmaq asan deyil. Ailələrimiz gəlib-gedə bilmirlər. Yoldaşım ürəyindən əməliyyat olunub. Ona görə gələ bilmir. Oğlanlarım gəlir. 54 yaşında belə bir durumdayam. Tək ümidim göydə Allaha, yerdə prezidentimizədir. Onun ədalətinə sığınıram. Bilirəm ki, bu işi etməməli idik. Özümə bəraət qazandırmıram. İstəyirəm 90-cı illər nəzərə alınsın. O boyda ziyalılar səhv edirdilər. Milli təhlükəsizlik naziri Nəriman İmranov mənimlə qonşu kamerada yatıb. Surət Hüseynov burada idi. Müzamil Abdullayev, Natiq Əfəndiyev, Zakir Nəsirov, Kamil Sədrəddinov, KQB-nin bir zabiti var, bir müstəntiq var... Buradan xeyli adam keçib. Biz bədbəxtlər birdən-birə düşdük din adından alver edənlərin təsiri altına, başımızı yedilər. Bir daha təkrar edirəm, tək ümidim göydə Allaha, yerdə prezidentimizədir. Onun ədalətinə inanıram.

 

0.1712818145752