Gürcüstanda hakim partiyanın qələbəsi ilə nəticələnən seçkilərdən sonra siyasi böhran yaranıb: prezident Salome Zurabişvili nəticələrini tanımadığını elan etdi, müxalifət də parlamentin işində iştirak etməyəcəklərini bəyan ediblər. Yaranmış siyasi böhran fonunda açıq qalan suallar var:
Müxalifət parlamentin legitimlik qazanmasının qarşını ala bilərmi?
Parlamentdə konstitusiya çoxluğuna (113 mandat) ümid edən “Gürcü arzusu” ilkin məlumata görə 89 mandat əldə edib. Bu, seçkiöncəsi vədlərin – kilsəyə xüsusi statusun verilməsi, LGBT təbliğatının qadağan edilməsi və s. – yerinə yetirilməsini çətinləşdirsə də, parlamentin bu seçkinin nəticələrinə uyğun fəaliyyətini təmin edir. Gürcüstan konstitusiyasına görə, 150 yerlik parlamentdə deputatların 51 faizinin (76 deputat) iştirakı qanunverici orqanın səlahiyyətə başlamasına və hökumətin formalaşdırılmasına imkan verir. Bu baxımdan, müxalifət mandatdan imtina etsə belə, parlamentin legitimliyini poza bilməyəcək.
Prezident parlamentin fəaliyyətinin qarşısını ala bilərmi?
Konstitusiyaya görə, Gürcüstan parlamentinin ilk iclası seçkinin nəticələrinin elan edilməsindən sonra 10 gün ərzində keçirilməlidir və ilk sessiyanı prezident təyin edir. Zurabişvilinin nəticəni tanımaması bu məsələdə çətinlik yarada bilər, lakin “Gürcü arzusu” legitimlik üçün lazım olan 76 deputatın olduğunu əsas gətirərək, prezidentin “vetosu”nu qıracaq. Konstitusiyada ilk iclasın prezident tərəfindən təyin olması qeydi ilə yanaşı, 10 gün ərzində keçirilməsi də yer alır və hökumət ikinci məqamı əsas götürə, parlament sədrinin qərarı ilk iclası keçirə bilər. Baş nazir İrakli Kobaxidze artıq bu haqda açıqlama verib.
“Gürcü arzusu”nun siyasi gedişi necə ola bilər?
Hakim partiya artıq parlamentin fəaliyyətə başlayacağını, müxalifətin imtinasının heç nəyi dəyişdirməyəcəyini rəsmi şəkildə bildirib. Hərçənd, hadisələrin gedişində müxalifət partiyalarının biri, yaxud bir neçəsi ilə razılaşmaq istiqamətində addımların atılacağı da gözləniləndir. Mümkün konsensusun “Gürcüstan naminə” partiyası ilə baş tutması ehtimalı var. Partiya sədri Georqi Qaxariya “Gürcü arzusu” hökumətində baş nazir olub, hazırda mövqelər arasında kəskin ziddiyyətlər olsa da, keçmiş bağlılıq anlaşmaq perspektivlərini tam sıradan çıxarmır.
Bütün bunların fonunda seçkinin nəticələrini hüquqi baxımdan ləğv etmək imkanı olmayan müxalifətin aksiyalarla nəsə etməkdən başqa yolu qalmır. Hərçənd, bunun nə qədər effektiv olacağı sual altındadır.
Birincisi, hakim partiyanın əlində inzibati resurslar və 50 faizdən artıq elektorat var;
İkincisi, uzun müddətdir aksiya ssenarisini tətbiq edən müxalifətin gücünün hakimiyyəti dəyişdirməyə yetərli olacağı ehtimalı azdır;
Üçüncüsü, müxalifəti dəstəkləyən Qərbin prosesə müdaxiləsi hələki ritorik müstəvidən irəli getmir və mövqelərini tamamilə itirməmək, ən azı 50 faizə yaxın elektorata xitab edən müxalif güc üzərindən təsir imanlarını saxlamaq naminə praktiki müdaxiləni təxirə salacağı ehtimalı da mümkündür.
Asif Nərimanlı, siyasi şərhçi
Demokratikmusavat.com