Sosial şəbəkələrin silah satışı ilə məşğul olan şəxslər var. Bunun üçün Tiktokda səhifə yaradan şəxslər satdıqları məhsulun keyfiyyətini göstərmək üçün video çəkərək paylaşıblar.
Demokratikmusavat.com -ın əməkdaşı səhifədə qeyd olunan nömrə ilə əlaqə saxlayaraq hansı növ silahların satıldığını araşdırıb.
Məlum olub ki, səhifə (adı müəyyən səbəblərdən qeyd olunmur) əsasən qazla işləyən airsoft tapança satışı ilə məşğul olur və qiymətlər 700-850 AZN aralığında dəyişir.
100 metr məsafədən atış etmək mümkün olan bu silahların 1-1.2 kq çəkidə, gülləsinin isə 6 mm-lik xüsusi qırılmayan plastik şariklərdən ibarət olduğu bildirilir.
Həmçinin qeyd olunub ki, silahlar pnevmat və travmat deyil və “strikeball” üçün nəzərdə tutulub.
Silahı satan şəxslər bildirib ki, bunun üçün hər hansı icazə sənədi tələb olunmur.
Bəs qanun nə deyir?
Araşdırmamız zamanı məlum oldu ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi daha əvvəl bununla bağlı məlumat yayıb.
“Respublikamızda 18 yaşına çatmış hər bir vətəndaşın mülki silah əldə etmək hüququ var. Mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır. Özünümüdafiə silahı - yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici maddələrlə təchiz edilmiş tapança (revolver), mexaniki-püsgürdücü və ya aerozol qurğulu qaz silahı; idman silahı - idman yarışlarında istifadə üçün nəzərdə tutulmuş odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silah, ov silahı isə vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır.
Mülki silah əldə etmək istəyən vətəndaş ərazi polis orqanına və ya DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə müraciət etməlidir. Bu zaman ondan ərizə, şəxsiyyət vəsiqəsi, ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış, iki ədəd fotoşəkil tələb olunur. Ərizə ilə müraciət etmiş şəxslərin məhkumluğunun olub-olmaması da DİN-in müvafiq idarəsi tərəfindən yoxlanılır.
Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) ticarət müəssisələri yalnız 18 yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeydlər aparır”.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin bölmə rəisi Nurlan Əliyev Demokratikmusavat.com -ın sorğusuna cavab olaraq bildirib ki, insanda təşviş yarada biləcək və ya qorxutmaq məqsədilə hər hansısa bir cinayət əməlində istifadə edilmə ehtimalı olan, zahiri görünüşü döyüş silahına bənzəyən xəsarət yetirmə xüsusiyyəti olan silahların satışı qadağandır:
“Sosial şəbəkələrdə açıq-aşkar belə silahların satışı ilə məşğul olan səhifələr nəzarətdə saxlanılır və həmin səhifələri idarə edən şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir” – deyə o əlavə edib.
Billurə Yunus