"Beşiktaş"ın yeni transferi Joao Mario keçmiş komandaları olan "İnter" və "Sportinq" arasında təzminat davasına səbəb olub.
Offsideplus.az xəbər verir ki, futbolçunun daha öncə Milan təmsilçisindən "Benfika"ya keçidi italyanlar ilə digər Lissabon klubu arasında razılaşmanın şərtlərini pozub.
Belə ki, Joao Mario 2016-cı ildə 45 milyon avroya "Sportinq"dən "İnter"ə keçib. 2021-ci ildə isə milanlılar ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. Futbolçu daha sonra karyerasını "Benfika"da davam etdirib.
"Sportinq" oyunçunun "İnter"ə transfer olunduğu zaman əldə olunan razılaşma gərəyi heç bir Portuqaliya klubuna satılmamasını və bu halın yaşanacağı təqdirdə İtaliya təmsilçisinin 30 milyon avro ödəyəcəyi maddəsini əsas gətirib. "İnter"in oyunçu ilə müqaviləni pozmasını hiylə hesab edib və klubu FİFA-ya şikayət edib. Ancaq, qurum bu şikayəti rədd edib.