Anlamamısınızsa, qışqırsanız da, müasir deyilsiniz - Psixoloq

 

“Müasirlik nədir? Dəbi izləmək, hollivud həyat tərzini yaşamaq, “free sex”, “easy life”, “gossip girl”, “party boy”? Məsələ burasındadır ki, müasir olmaq bu gün kontekstindən çıxarılmış və mənası təhrif edilmiş bir sözdür”.

Demokratikmusavat.com xəbər verir ki, bunu klinik psixoloq Fuad Əsədov deyib. O günümzdə müasir sayılan bəzi davranış növlərinin 3-5 min il əvvələ aid olduğunu bildirib:

“Müasir olmaq sizin geyim tərziniz və işlətdiyiniz telefonla bağlı deyil. Müasirlik, yaşadığın dövrü anlamaq və ona uyğunlaşmaqdır. Bu dövrə qədər nə öyrənmişik? Nə anlamışıq? Nəyi kəşf etmişik? Hansı nəticəyə gəlmişik? 

Dolayısıyla, müasirlik düşüncə ilə bağlıdır. Üç-dörd min əvvəl insanlar bürclərə inanır və həyatlarını bürc proqnozlarına əsasən tənzim edirdilər. Bu gün müasir bilik və texnologiyaların işığında biz ulduzlar və kainat haqqında daha çox şey bilirik. Eyni zamanda, uzaq bir qalaktikada hansısa ulduzda baş verən füzyon reaksiyalarının, supernovaların və hidrogen helium çevrilmələrinin insanın xarakterinə, ya da həyatına heç bir təsir etmədiyini bilirik. Dolayısıyla, 21-ci əsrdə bürclərə inanmaq müasir bir yanaşma deyil. Bürclərə inanan insan müasir olmaqdan uzaq düşür və üç min il əvvəlki inancı qəbul etmiş olur. 

Yaxud da kainata enerji göndərmək və pozitiv geri dönüş gözləmək hətta ilk dinlərin yaranmasından da öncə var olan animizm mifologiyası ilə bağlıdır. Kainata enerji göndərməyə inanan insan da müasir deyil, çünki 5000 il öncənin təfəkküründədir”. 

Psixoloqun sözlərinə görə, müasirlik baş verənləri bilməklə, anlamaqla bağlıdır:

“Uşağı və qadın döyən insan da müasir ola bilməz. Çünki bunları etməkdə özündə haqq görürsə, deməli, son yüz ildəki yenilənən düşüncə tərzinə sahib deyil. Bir insan küçəyə zibil atırsa, deməli, müasir deyil. Çünki ən azından son 30 ildə formalaşan etika və mədəniyyət qaydalarını mənimsəməyib. Bir insan, sadəcə, universitet oxuduğu üçün yaxşı bir işdə işləyə biləcəyini düşünürsə, deməli, müasir deyil. Çünki müasir dövrün kapitalizmini anlamayıb. Masonlar və illuminati tərəfindən dünyanın idarə edildiyinə inanan insan da müasir hesab edilə bilməz, çünki bu da 500 il öncəyə aid bir inancdır. 

Dolayısıyla, müasirlik öz dövrünün düşüncə sistemini, yeni bilikləri və son baş verənləri bilməklə, öyrənməklə, anlamaqla bağlıdır. Əgər siz yaşadığınız dövrün şərtlərini və son gəldiyi qərarları bilmirsinizsə, bütün günü “dolce gabbana” geyinib əlinizdə “mohitto” ilə “etiquette”də oynayıb, "eta prosto super, i fond of such a event" deyə qışqırsanız da, müasir sayılmayacaqsınız”. 

Billurə
 

0.21620893478394