UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə Bolqarıstanın "Ludoqorets" kollektivini 7:2 hesabı ilə məğlub edən "Qarabağ" yeni rekorda imza atıb.
"Report" xəbər verir ki, Ağdam təmsilçisi bu nəticə ilə avrokuboklardakı ən böyükhesablı qələbəsini rəsmiləşdirib.
Buna qədər "köhlən atlar"ın Avropa turnirlərində qazandığı ən irihesablı qələbələr "Samtredia” (Gürcüstan) və "Linkoln" (Cəbəllütariq) ilə matçlarda qeydə alınmışdı - 5:0. Hər iki qarşılaşma Çempionlar Liqasının II təsnifat mərhələsinə təsadüf edib.
"Ludoqorets" üzərində qazanılan qalibiyyət həmçinin "Qarabağ"ın ən böyükhesablı səfər qələbəsi kimi də tarixə düşüb. Belə ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 13 il əvvəl Avropa Liqasının I təsnifat mərhələsində səfərdə Latviyanın "Banqa" klubunu 4:0 hesabı ilə üstələyərək ilki gerçəkləşdirmişdi.
Qeyd edək ki, "Ludoqorets"i mübarizədən kənarlaşdıran "Qarabağ" qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə yüksəlib. Ağdam təmsilçisinin bu mərhələdəki rəqibi Xorvatiyanın "Dinamo" (Zaqreb) kollektivi olacaq.