Türk dövlətlərinin idmançıları Paris Olimpiadasında 41 medal qazanıblar

 

Türk dövlətlərinin idmançıları Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında ümumilikdə 41 medal qazanıblar.

“Report” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev məlumat verib.

“Bütün idmançılarımızı və azarkeşlərimizi təbrik edirik!”, - deyə o qeyd edib.

Xatırladaq ki, iyulun 26-da Sena çayı ətrafında açılış mərasimi olan Paris-2024-də Azərbaycan 48 idmançı ilə təmsil olunub. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edib. Millimizin heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.

Qazaxıstan idmançıları bir qızıl, üç gümüş və üç bürünc olmaqla yeddi medal, Qırğızıstan idmançıları 6 olimpiya medalı (2 gümüş və 4 bürünc), Türkiyə komandası isə üçü gümüş, beşi bürünc olmaqla 8 medal qazanıblar.

Parisdə keçirilən Yay Olimpiya Oyunları Özbəkistanın müstəqillik tarixində ən uğurlusu olub: idmançılar 13 medal - 8 qızıl, 2 gümüş və 3 bürünc əldə ediblər.

Medal sıralamasında Özbəkistan 13-cü, Azərbaycan 30-cu, Qazaxıstan 43-cü, Türkiyə 64-cü, Qırğızıstan 68-ci yerdə qərarlaşıb.

0.20103812217712