Kirayə üsulu ilə satışa çıxarılan mənzillər üçün şərtlər – Minimum 3, maksimum 25 il...

 

İndiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 4434 vətəndaşla İpoteka və Kredit Zəmanət Fondu  arasında kirayə müqaviləsi bağlanıb.

Valyuta.az xəbər verir ki, bir neçə gün öncə İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində 328 tam təmirli mənzil vətəndaşlara təqdim edib.

 Bildirilib ki, mənzillərin aylıq ödənişləri 376 manatdan başlayır. Mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün 23 may 2024-cü ildən etibarən açıq olacaq. 

Bəs kirayə mənzillər vətəndaşlara hansı şərtlərlə verilə bilər?

Kirayə üsulu ilə ev almaq istəyənlər Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan şəxs olmalıdır. Həmin şəxsin fonda kirayə mənzil üçün müraciət anına qədər vaxtı keçmiş öhdəlikləri olmamamlədır. Bundan əlavə şəxsin yaşı 60-dan yuxarı olmamalı və rəsmi gəlirləri olmalıdır.

Həmin şəxslərlə kirayə müqaviləsi minimum 3 maksimum 25 il müddətinə imzalanır. Həmin mənzillərə görə isə ilkin ödəniş aylıq ödənişin ən azı 12 misli Azərbaycan manatı dəyərində olmalıdır.  Son ödəniş tarixinə qədər yaşı 70 yaşdan çox olan şəxslərlə müqavilə bağlanmır. 

Kirayə mexanizmi çərçivəsində satışa çıxarılan mənzillərin yerləşdiyi binalar 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilməlidir. Mənzillərin satıldığı dövrün tələbinə uyğun olaraq tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə təchiz olunmalıdır. Binaların tikintisi isə standart və normalara cavab verməli, infrastruktur obyektlərə yaxın olmalı, sakinlərin istirahəti üçün həyatyanı sahəyə malik olmalıdır. 

Bundan əlavə həmin mənzillər bazar qiymətinə uyğun olaraq fond tərəfindən sığortalanır. 

 

0.18947601318359