Dollar dünya bazarında yenidən möhkəmlənməkdidr. Son 1 ayda avro dollara nisbətən 3%-ə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1,062 dollar ödəmək lazımdır.
İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlama ilə bağlıdır: "Bu ilin mart ayında Birləşmiş Ştatlarda 303 min əlavə iş yeri yaradılıb. İnflyasiya dərəcəsi isə hədəf diapozonu, 2%-ə yaxındır. Dolların digər əksər səbət valyutalara nisbətən də güclənməsi müşahidə olunmaqdadır".
Azərbacanda da dollar bahalaşa bilərmi?
Millət vəkili dolların qlobal bazarda dəyər qazanmasının manata təsirlərini belə şərh edib: "Manatın dollara nisbətən məzənnəsi Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd olunduğu kimi, bu, tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Bir daha qeyd etmək lazımdır ki, fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq".
"Göründüyü kimi, bu ildə də neft gəlirlərimiz, daha dəqiqi enerji bazarlarındakı tarazlıq manatın məzənnəsinə təsir edən əsas faktor olacaq. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarından istifadə edilə bilər. Deməli, 2024-cü ildə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq", - deyə V. Bayramov əlavə edib.