Energerika nazirinin yeni müavini KİMDİR... 

 

Azərbaycan Respublikası energetika nazirinə yeni müavin təyin edilib. 

Modern.az-ın məlumatına görə, bu vəzifəyə Orxan Zeynalov gətirilib.

Bu gün Xarici İşlər Nazirliyində nazir və rəhbər heyətin iştirakı ilə Azərbaycan Respublikasının energetika nazirinin müavini təyin edilmiş Orxan Zeynalov ilə görüş keçirilib. 

Uzunmüddətli diplomatik fəaliyyətinə görə diplomatımıza təşəkkür edilib və ona yeni vəzifəsində nailiyyətlər arzulanıb.

Energetika Nazirliyinin 21 dekabr 2020-ci il tarixli əmri ilə Zeynalov Orxan Namiq oğlu Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri təyin edilmişdi.

Orxan Zeynalov 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr, 2004-cü ildə isə magistr təhsil pilləsini bitirib. Eyni zamanda, 2003-2004-cü illərdə Pakistan Xarici Xidmət Akademiyasında xüsusi diplomatik təhsil, 2015-ci ildə isə Harvard Kennedi Məktəbində əlavə təhsil alıb.

2003-2020-ci illər ərzində Xarici İşlər Nazirliyi (XİN) sistemində müxtəlif diplomatik vəzifələrdə çalışıb. 2003-2004-cü illərdə XİN-də enerji, nəqliyyat və ətraf mühit üzrə mütəxəssis, 2005-2007-ci illərdə Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyində iqtisadi-ticarət məsələləri üzrə attaşe, 2008-2009-cu illərdə XİN mərkəzi aparatında regional iqtisadi təşkilatlar üzrə məsul əməkdaş, 2010-2012-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyində, həmçinin, ATƏT yanında Daimi Nümayəndəlikdə müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə O.Zeynalov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Enerji, Ətraf Mühit və Minerallar Departamentinin müdiri (D2) vəzifəsinə seçilərək, 2013-2016-cı illər ərzində sözügedən təşkilatda Azərbaycanı təmsil edib.

2018-ci ildə XİN sisteminə bərpa olunaraq, Avropa İttifaqı (Aİ) şöbəsinin müdiri və 2017-ci ilin fevral ayından Aİ-Azərbaycan Yeni İkitərəfli Sazişi üzrə Azərbaycan tərəfdən sektoral danışıqlar qrupunun rəhbəri və baş danışıqçının müavini olub. 2016-2017-ci illərdə “Azərbaycan-Avropa İttifaqı Tərəfdaşlıq Prioritetləri 2018-2020” sənədi üzrə Azərbaycan tərəfindən danışıqlar prosesinin aparılması və sənədin razılaşdırılmasında bilavasitə iştirak edib.

2018-ci ildə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsinə təyinat alaraq, 2020-ci ilin dekabr ayınadək bu vəzifədə çalışıb.

İngilis, rus, türk dillərini sərbəst, alman və fars dillərini orta səviyyədə bilir.

0.17416405677795