Sürücü son dayanacaqda olarkən namaz qılıb - Oxşar şayiəyə AYDINLIQ

 

Sosial şəbəkələrdə "BakuBus"ın sürücüsünün avtobusu saxlayaraq namaz qıldığı görüntülər yayılıb.

İddia edilirdi ki, sürücü sərnişinləri gözlədərək ibadətini yerinə yetirib.

Ölkə.Az xəbər verir ki, "BakuBus"un mətbuat katibi Əsmər Əliyeva BAKU.WS-ə açıqlamasında bildirdi ki, hadisə avtobusun sonuncu dayanacağında baş verib və intervala təsiri olmayıb:

"Daxil olmuş video görüntü əsasında daxili araşdırma aparıldı. Görüntü, "BakuBus"ın istismarında olan 175 saylı marşrut xəttinin son dayanacağında çəkilib. Son dayanacaqda avtobusun durma müddəti 9 dəqiqə təşkil edir. Sürücü həmin müddət ərzində (təqribən 3 dəq) ibadətini yerinə yetirmişdir. Bu, avtobusun hərəkət qrafikində heç bir gecikməyə səbəb olmamışdır".

Xatırladaq ki, bundan öncə də sürücünün avtobusun daxilində namaz qıldığını əks etdirən görüntülər yayılmışdı. Şayiələrə görə, sürücü nəqliyyat vasitəsi hərəkət edərkən ibadətini yerinə yetirmişdi. O zaman da analoji halın yaşandığı, yəni sürücünün sonuncu dayanacaqda namaz qıldığı məlum olmuşdu.

0.22513484954834