Heyvandarlıqla bağlı Dövlət Məşğulluq Agentliyinə müraciət edən vətəndaşın müzakirələrə səbəb olmasından sonra Dövlət Məşğulluq Agentliyi məlumat yayıb.
Ölkə.Az xəbər verir ki, məlumatda videonun ötən ilə aid olduğu bildirilib. Həmçinin qeyd edilib ki, verilmiş heyvanlar xəstə olmayıb:
"Özünüməşğulluq proqramı iştirakçısı Ömərov Zaur Azad oğluna verilmiş aktivlərlə bağlı
Özünüməşğulluq proqramına qoşulmuş Balakən rayon sakini Ömərov Zaura 2022-ci ilin iyun ayında aktivlərin (malların) təqdim olunması zamanı çəkilən videogörüntülər Dövlət Məşğulluq Agentliyi tərəfindən araşdırılıb.
Bildiririk ki, Z.Ömərov istəyinə uyğun olaraq “Maldarlıq təsərrüfatı” zərfi üzrə Özünüməşğulluq proqramına qoşulub, 2022-ci ilin iyun ayında 3 baş inək və 400 kq qarışıq yemlə təmin edilib.
Zaur malları şəxsən özü seçərək, razılığını bildirərkən yük avtomobilində heyvanlardan birinin yıxılması görüntüsü düzgün olmayan fikirlərin yaranmasına səbəb olub. Belə ki, inəklərin aparılması üçün gətirilən avtomobilin yük yeri kiçikhəcmli olduğundan sıxlıq yaranıb, biri büdrəyərək yıxılıb. Aktivlər vətəndaşa tam sağlam, baytar sənədi əsasında təhvil verilib.
Ona verilən heyvanlardan heç bir narazılıq və bu barədə hər hansı müraciət olmayıb.
2022-ci ilin dekabrında Zaur Ömərovun özünüməşğulluq fəaliyyətinin dəyərləndirilməsi məqsədilə keçirilmiş baxış zamanı həyat yoldaşı verilmiş aktivləri artıq satdıqlarını, Zaurun isə Rusiya Federasiyasında işlədiyini bildirib".