Emil Quliyevin qalmaqallı statusu: Nə baş verir? - Mərkəz AÇIQLADI

 

Rejissor Emil Quliyev Nizami Kinoteatrı ilə bağlı müzakirələrə səbəb olan paylaşım edib.

Ölkə.Az xəbər verir ki, rejissor mərkəzin ona etməli olduğu ödənişi hələ də vermədiyini bildirib.

"Təxminən bir il bundan qabaq Nizami Kino Mərkəzində "Mən burada tək olmuşam" filminin prokatı baş tutdu. Prokat dövrü ərzində müəyyən bir məbləğ yığıldı. Getdim pulumu almağa dedilər ki, sənin puluna kinoteatrın işıq pulunu ödəmişik. Onların yerinə mən utandım, inanın Allaha.

Hələ də pulumu ala bilməmişəm. Əslində, heç almaq fikrim də yoxdur. Kinomuzun işığı olmasa da, kinoteatrımız işıqlı olsun", - deyə o yazıb.

Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova Ölkə.Az-a açıqlamasında ödənişin verilmədiyini təsdiqləyib. O, sözügedən vəziyyəti maliyyə çətinlikləri ilə əlaqələndirib:

"Kinoteatr pandemiyadan sonra yaxşı işləmir. Problemlər, kommunal borclar var. Amma bu o demək deyil ki, biz nəyisə ödəməkdən imtina edirik.

Düzdür, bu dəqiqə vəziyyətimiz elə deyil ki, ödəmələri aparaq, amma borc bizim borcumuzdur, onu da kinoteatr ödəyəcək".

Mərkəzin əməkdaşı E.Quliyevin "əslində, pulu almaq fikrim də yoxdur" sözlərinə də münasibət bildirib:

"Niyə ödəmirik? Bu elə-belə baş verən bir şey deyil. Bizim onunla müqaviləmiz var. Müqavilə əsasında onsuz da ödəmələrimizi aparmalıyıq. Sadəcə, hazırda apara bilmirik". 

A.Əhədova nə qədər məbləğdən söhbət getdiyini və Mərkəzin zərərini açıqlamayıb:

"Ödənilməli olan məbləğ, əslində, böyük deyil, amma biz onu deyə bilmərik.  

Onunla münasibətimiz münasibətimiz çox yaxşıdır. "Mən burada tək olmuşam" Emil bəyin bizim kinotetarda yayımlanan birinci filmi deyil. Onun "Pərdə" və "İkinci pərdə" filmləri də  bizdə təqdim olunub. Hamısının da ödənişi  edilib. İndi vəziyyət bir az belədir deyə yubanır", - deyə o əlavə edib.

Billurə Yunus

 

0.24005389213562