Bakı şəhəri Nizami rayonunda yaşıllıq ərazi hasara alınıb.
Ölkə.Az xəbər verir ki, bu barədə "Bakı Gündəliyi" səhifəsi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nizami rayonu, Elşən Süleymanov küçəsi 72 A ünvanında (220 nömrəli məktəb-liseyin yanı) hasarlanma işləri ilə bağlı sakinlər ötən gün "102" xidmətinə zəng edib, həmçinin 24-cü Polis Bölməsinə müraciətindən sonra müraciət edib.
Məlumata görə, müraciətlərdən sonra tikinti müvəqqəti dayandırılıb. Tikintiyə aidiyyəti qurumdan icazə verilib-verilmədiyi bilinmir.
"Ərazidə restoran tikintisinin nəzərdə tutulduğu və buna qədər ağacların qurudulduğu deyilir. Müqayisə üçün indiki foto (1-ci şəkil) ilə iki-üç il əvvəl çəkilən fotolar (son 3 şəkil) təqdim edilir", - deyə iddia olunub.
Soldan birinci foto indiki vəziyyət, digər fotolar isə bir neçə il əvvəl çəkilib
Sakinlərin şikayətindən sonra ərazidə uşaq parkı salınacağına dair plakat yerləşdirilsə də, layihə əsasında heç bir məlumat yerləşdirilməyib.
Məsələ ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən Ölkə.Az-a bildirilib ki, tikinti işlərinin qarşısı alınıb.
"Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Nizami rayonu, Elşən Süleymanov 24 ünvanında şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilmiş, 5 və 16 mərtəbəli yaşayış binalarının ətrafında istifadədə olan parkın hasara alınması faktı aşkarlanmışdır.
Nəticədə Baş İdarə tərəfindən sözügedən tikinti işləri dərhal dayandırılaraq cəhdin qarşısı alınmışdır" - məlumatda deyilir.
Billurə Yunus