Seans vaxtı sosial şəbəkələrdə canlı yayıma çıxan loqopedin görüntüsü insanları hiddətləndirib.
Ölkə.Az xəbər verir ki, loqoped Aysel Nəbiyeva adlı profildən canlı yayım açan xanım azyaşlı uşaqla kobud rəftar edib.
O, uşağa qışqırır, ağladığını gördükdə isə daha da səsini yüksəldir, "ağ elədin", "gördün adamı necə tabe edirlər?!" kimi ifadələr işlədir.
Sosial şəbəkə isifadəçiləri arasında bu cür rəftarın metodika olduğunu deyənlərlə yanaşı, loqopedin azyaşlıya psixoloji şiddət göstərdiyini söyləyənlər də olub.
Adı çəkilən xanımı tanıdığını deyən sosial şəbəkə istifadəçilərindən biri onun bu sahə üzrə təhsilinin olmadığını iddia edib.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan klinik psixoloq Rövşən Nəcəfov bildirib ki, psixoloji aspektdən şiddət qəbul olunmazdır:
"Psixologiya heç bir halda cəza metodlarını qəbul etmir. Psixologiya hər zaman alternativlər axtarır. Tərbiyədə ən asan üsul qadağan etməkdir, tənbehləməkdir. Amma bu, tərbiyə forması deyil, travmadır. Xüsusi və həssas uşaqlarla işləmək uyğun metodlar tətbiq edilməlidir.
Bəzi mütəxəssis dediyimiz şəxslər valideynlərə yalan vədlər verərək, ümidləndirərək uşaqlara istədikləri hər şeyi etmək iqtidarında olduqlarını düşünürlər. İstər xüsusi və həssas, istərsə də digər uşaqlara fiziki və psixoloji şiddət tətbiq etmək olmaz. Psixologiya insanları travmalarından xilas etmək, düşüncələrini müsbətə doğru dəyişmək üçün elmi əsaslara söykənir. Bu istiqamətdə fəaliyyət göstərən hər kəs hüquqi olaraq yoxlanılmalıdır".
Sözügedən görüntüləri təqdim edirik: