Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu 69 maddədən ibarət Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsini hazırlayıb. Artıq bir neçə gündür ki, yeni qaydalar ətrafında yaranmış qalmaqallar səngimir. Yeni dəyişikliklər ictimaiyyətdə böyük müzakirələrə, mübahisələrə və hətta bəzi məqamlarda tərəflərin bir-birilərini təhqir etmələrinə səbəb olub.
Sözügedən mövzu çərçivəsində AMEA Dilçilik İnstitutunun elmi işçisi, tanınmış dilçi alim Şahlar Məmmədovun Axar.az-a müsahibəsini təqdim edirik:
- Dilçilik İnstitutu orfoqrafiya qaydalarını 137 bənddən 38-ə endirməklə əslində böyük problemlərin əsasını qoymuşdu. Ona görə indi qaydaların 69-a qaldırılması müsbət haldır, ancaq bu təklif də, deyəsən, birmənalı qarşılanmadı. Nə baş verir?
- İlk orfoqrafiya qaydaları 1925-ci ildə, yəni 93 il bundan öncə hazırlanıb. O vaxtdan bu çağa qədər orfoqrafiya qaydalarında çox böyük dəyişikliklər və yeniliklər olub.
Sovet dövründə Orfoqrafiya lüğəti kiril qrafikası ilə 4 dəfə (1929, 1940, 1960, 1975) çap olunub. Bu il çap olunacaq Orfoqrafiya lüğəti isə sayca 7-ci olacaq. 1929-cu ildə çap olunmuş “İmla lüğəti” istisna olmaqla, ayrı-ayrı vaxtlarda çap olunmuş lüğətlər demək olar ki, öz dövrünün leksikasını əks etdirib. Məsələn, ikinci nəşrdə 21 min, üçüncü nəşrdə 40 min, dördüncü nəşrdə 58 min, beşinci nəşrdə 80 min, nəhayət, altıncı nəşrdə 110 mindən çox söz Orfoqrafiya lüğətində verilib. Dil inkişaf edir, dilə yeni sözlər daxil olur. Sözlərin sayı artıqca qaydalarda da dəyişiklik yaranır, bu da təbiidir. Doğrudur, 1975-ci ildə kiril əlifbası ilə çap olunmuş sonuncu orfoqrafiya lüğətində qaydalar digərləri ilə müqayisədə daha çox olub. Beşinci nəşrdə 36 maddə, 2013-cü ildə çap olunmuş sözlükdə isə 38 maddə verilib. Bu sözlükləri bir-biri ilə müqayisə etdikdə, hər bir lüğətin öz zamanına görə önəmli olduğunu deyə bilərik. Fikrimcə, altıncı nəşrdə nöqsanlar daha çox olsa da, yenilikləri də unutmaq olmaz. Əlbəttə, qaydaları kəskin şəkildə azaltmamaq da olardı. 1975-ci ildən bu yana nəzər salaq. 29 ildən sonra təxminən 100 maddənin ixtisar edilməsinin də müəyyən səbəbləri olub. Dildəki problemləri Dilçilik İnstitutu yaratmayıb. Bir çox alınma söz o vaxt rus dili vasitəsilə dilimizə keçdiyindən həmin problemlər tam həll olunmayıb. Bu gün həmin sözlərin yazılışı müəyyən problemlər yaradır, bəzən qaydalarla uzlaşmır. Məsələn, “sanatoriya” sözü sonuncu lüğətdə “sanatori” şəklində yazılıb. Hazırkı layihədə haqlı olaraq bu sözün “sanatoriya” şəklində yazılması tövsiyə olunub. Dilin özü bu sözün tələffüz variantını yazıya gətirir.
Biz hətta belə bir fikrə də rast gəlirik ki, təklif edilən 69 maddə sayca çoxdur. Bu qaydalar yadda qalmayacaq və s. Məncə, qaydalar nə qədər çox olsa, orfoqrafiya bir o qədər mükəmməl olar. Qaydaları dəqiqləşdirmədən lüğət tərtib etmək olmaz. Fikrimcə, təklif edilən maddələrin sayı bir qədər də artırıla bilər.
- Məsələn, hansı qaydaların artırılmasını təklif edərdiniz?
- Təklif edirəm ki, sonu “x” hərfi ilə bitən coğrafi adların yazılışı ilə bağlı 1975-ci ildəki qayda bərpa olunsun. Coğrafi adları hallandırdıqda söz kökü dəyişməməlidir. Məsələn, Qazağa, Yevlağa, Samuğa şəklində yazılış əvvəlki qaydaya ziddir, çünki dilimizdə x-ğ qaydası yoxdur. Buna görə də həmin adlar Qazaxın, Yevlaxın, Samuxun şəklində yazılmalıdır. Kərkük sözünün yazılışında da iki variant müşahidə olunur: Kərküküm, Kərküyüm. Məncə, yeni layihədə bu məsələ öz əksini tapmalıdır.
Daha bir iradım üçüncü maddədə “Qeyd” hissəsi ilə bağlıdır. Yazılır ki, söz sonunda [k] kimi tələffüz olunan əksər alınma sözlərə bu qayda şamil edilmir, yəni onlarda əvəzlənmə baş vermir: əmlak-əmlaka, iştirak-iştirakımız, mexanik-mexanikə, şərik-şəriki, texnik-texnikin və s. Burada mexanik, texnik sözləri qayda ilə uzlaşmır. Bu təklif artıq nəzərə alınıb.
- Etirazlara səbəb olan məqamlardan biri də “əsgər”, “İsgəndər” kimi sözlərlə bağlıdır. Hansı prinsiplərə əsasən, hansı qaydaların tətbiqi ilə “əsgər” dönüb “əskər” oldu?
- Əvvəllər bu söz “əskər” kimi yazılıb. Sonrakı orfoqrafiya sözlüklərində bu söz “g” samiti ilə lüğətə daxil edilib, sözün tələffüzü əsas götürülüb. Bu dəfə isə mənbə dildə olduğu kimi yazılışı təklif olunur.
- Səhv etmirəmsə, 1975-ci il nəşrində “əsgər”, “İsgəndər” kimi verilib. Demək, bu sözlərin yazılış qaydası ən azı 40 ildən çoxdur ki, “g” ilədir. Üstəlik, sözlərdəki kar samitin cingiltili samitlə əvəzlənməsi prosesinin özü 1000 il çəkir. Başqa sözlə, bu məqamda həm sözün özününküləşməsi, həm də tarixi, qədimliyi öz sözünü deyir. Bəlkə dilçi alimlərimiz təkcə deyiliş yox, həm də tarixilik baxımından o bənddə güzəştə getməlidirlər? Digər tərəfdən, vaxtilə bu sözləri lüğətə “əsgər” kimi daxil edən alimləri “mənbədəki sözü” bilməməkdə ittiham etmək kimsənin ağlından keçməz, yəqin ki! Belədə, bu sözlərin lüğətə “g” ilə salınması səbəblərini bəlkə, qoruyub saxlayasınız? Dilin qəbul etdiyi, artıq dilimizə oturuşmuş bu sözlərə qaydaları tətbiq etməmək də mümkündür və dildə ümumiyyətlə, istisnalar hər zaman olur.
- Dilimizdə yazılışı mübahisə yaratmayan, əslində isə yanlış şəkildə yazılan o qədər söz var ki! Əlbəttə, onların dəyişdirilməsinə gərək yoxdur. Ümumiyyətlə, bu layihədə məsələlərə siz dediyiniz kimi yanaşılmayıb. Layihə “əslində söz necə yazılmalıdır?” prinsipi ilə hazırlanıb. Düzdür, cəmiyyətdə bu təkliflər birmənalı qarşılanmır. Etiraz edirlər ki, “əskinas” 5-10 il əvvəl “əsginaz” kimi yazılırdısa, nəyə görə yenidən “əskinas” kimi təklif edilir?
- “Əsginaz” sözü hazırda da 4 formada yazılır və lüğətlərdə vaxtaşırı olaraq dəyişilmələr bu sözün yazılış variantlarını ortaya çıxarıb...
- Mən də sözün tez-tez dəyişdirilməsinin əleyhinəyəm. Hesab edirəm ki, “Layihə”nin birmənalı qarşılanmamasının əsas səbəbi 2013-cü ildə çap olunmuş Orfoqrafiya lüğətindəki nöqsanlardan qaynaqlanır. Mən də bu fikirdəyəm ki, sözün necə yazılmasından asılı olmayaraq, doğru hesab olunan və məqbul sayılan variant gələcəkdə yenidən dəyişdiriləcəksə, bu gün həmin sözləri dəyişməyə heç bir mənəvi haqqımız yoxdur.
Askinas Yafəs oğullarından birinin adı olub. Türk dilində işlənən “aşkinasi” sözü “gəlmə yəhudilər” anlamında işlənir. Bu söz həm də “əskinas” şəklində dilimizdə maliyyə terminini ifadə edir. “Əskinas” sözünün yazılışı ilə bağlı əvvəllər də mübahisələr olub. 2004-cü ildə “əsginaz”, 2013-cü ildə “əsginas” şəklində yazılıb. 2012-ci ildə Nizami müəllim “əskinas” sözünün “g” ilə yazılışını məqsədəuyğun saymışdı. Arqumenti də bu idi ki, “əsgi” dedikdə mənfi anlayış formalaşır. Diçilərimiz bunu əsas götürərək, sözün “əsginas” variantı üzərində dayanmışdılar. Fikrimcə, bu cür yanaşma doğru deyildi.
- Keçək “əskər” və “İskəndər”ə...
- “Əsgər” sözünə dediyiniz prinsiplə yanaşsaq, məntiqlə “nikah” sözü də “nigah” kimi yazılmalıdır, halbuki “nikah”ın “nigah”la əvəzlənməsi doğru deyil. Orfoqrafiya lüğətində həm “nikah”, həm də “nigah” sözləri var. “Nikah” ərəb, “nigah” isə fars mənşəlidir. Digər tərəfdən, hazırda şəxs adları kimi “Əskər” və “İskəndər”ə də rast gəlinir. Yəni bu söz də iki variantda işlənir...
- Qətiyyən elə deyil. “Əsginaz”dan fərqli olaraq, “Əskər” və “İskəndər” adının rəsmi sənədlərdə rast gəlinmə səbəbi Nikah Şöbələrində çalışan savadsız “mirzələrin” günahıdır. Ona qalsa, “Hüseyn” adı da bir neçə formada işlədilir: “Hüseyin”, “Söyün”... Bu o deməkdir ki, “Hüseyn” sözünün yazılış variantları mövcuddur?
- Bu sözlərin yazılışını təkcə kiminsə savadsızlığına yazmaq olmaz. Fakt odur ki, bu adlar regionlarda işlənir. Elə variantlılığın qarşısını almaq məqsədilə mənbə dilə üstünlük verilir ki, problem birdəfəlik həll olunsun. Yazılış formasından fərqli olaraq, sözün “əsgər”, “İsgəndər”, “işgəncə”, “əsginas” şəklində tələffüzü isə dilimizin qaydalarına tam uyğundur. Məncə, “Layihə”də mənbə dil ifadəsinə aydınlıq gətirilməli idi. Söhbət mənbə dildəki sözün bütöv səs tərkibindən (məs.: askər və s.) getmir, sözün təkibindəki samit nəzərdə tutulur.
- Mediada ən çox müzakirə olunan məsələlərdən biri də “alğı-satqı” sözüdür. 2013-cü il lüğətinə qədər bu söz “alğı-satqı” yazılırdı, yalnız 2013-cü il lüğətində “alqı-satqı” kimi qeyd edilmişdi. İndi isə yenidən əvvəlki varianta qayıdırsınız...
- Qaydada belədir: feil köklərindən isim və sifət düzəldən şəkilçilər hissəsində sonu cingiltili samitlə bitən sözlərdə isə: -ğı, -gi, -ğu -gü: bölgü, çalğı, vergi, vurğu; -ğın, -gin, -ğun, -gün: əzgin, qırğın, süzgün, yorğun və s.
Məsələ burasındadır ki, 2013-cü il lüğətində də məhz bu qayda vardı. Sadəcə, lüğətin özündə “ğ” texniki xəta üzündən “q” kimi yazılıb. Qaydaya görə, “çalğı” sözünün “alğı”dan fərqi nədir? Niyə bu sözləri bir qayda ilə yazmamalıyıq? Əgər “alqı” variantı məqsədəuyğun sayılacaqsa, o zaman yuxarıda qeyd etdiyim qayda dəyişməlidir.
- Yəni hazırda dilçi alimlər 2013-cü ildəki texniki xətanı aradan qaldırıblar. Bəs, bunu xüsusi elan etməyə nə ehtiyac vardı ki, müzakirəyə də səbəb olsun?
- Layihədə qaydalar izahla verilir və tam mətndə də bu, əksini tapmalıdır.
- Avazınız yaxşı gəlir, ona görə də keçək Qurana. Niyə “Qur-an” yox, “Qu-ran”?
- Orfoqrafiya lüğətində sözlərin sətirdən-sətrə keçirilməsi ilə bağlı cəmi iki maddə (37, 38) verilib. Bu maddələr isə yarımçıqdır, bütövlükdə dilin mənzərəsini ifadə etmir. Apastrofun ləğvindən sonra bəzi apastroflu sözlərin sətirdən-sətə keçirilməsilə bağlı problemlər yaranıb. Bu məsələyə Orfoqrafiya lüğətində vaxtında aydınlıq gətirilməliydi. Sürət, cürət, Sənan və s. apastroflu sözlərin bir qayda ilə sətirdən-sətrə keçirilməsi təklifi də məntiqlidir. Apastrof ləğv edilibsə, deməli, sözün sətirdən-sətrə keçirilməsi qaydası digər “apastroflu” sözlərə də şamil edilməlidir. Ona görə də “Layihə”yə belə bir maddənin əlavə olunması məntiqlidir. “Quran” sözünə gəlincə, istisna hal kimi bu söz “Qur-an” şəklində sətirdən-sətirə keçirilə bilər. Lakin bu söz “Qu-ran” şəklində qalsa da problem yaratmır, çünki “Quran” sözü böyük hərflə yazılır, feili sifət kimi işlənən “qu-ran” sözündən formasına görə fərqlənir.