Ticarət mərkəzlərindən də yayılan xəstəlik: "Müraciətlər çoxdur"

 

Türkiyədə bu yaxınlarda maraqlı statistika açıqlandı. Qeyd olundu ki, dermotoloji poliklinikalara gedən hər 100 nəfərdən 30-da qotur xəstəliyi aşkarlanıb. Dəri xəstəliklərinin 97%-nin mol və digər ticarət mərkəzlərində insanların geyinib-soyunduğu paltarlardan yoluxduğu deyilir.

Paltar dəyişmək məsələsini nəzərə alsaq, eyni halın ölkəmizdə də yaşanması istisna deyil.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan dermotoloq Aygün Mustafayeva bu xəstəliyin ölkəmizdə də artdığını deyib:

"Bizdə də axır vaxtlar qotur xəstəliyi yayılıb. Bununla bağlı çox müraciətlər olunur. Özü də ata, ana və uşaqlarda rast gəlinir. Hətta ata-ana sağalır, uşaqlarda davam edir. Bu da immunitetlə əlaqəlidir.

Xəstələrin gec addım atması və yayılanın sürətli olması da, sağalmanı gecikdirən səbəblərdəndir".

Dermotoloq deyir ki, ticarət mərkəzlərində hər hansı bir şəxsin dəri xəstəliyi varsa, bu onun geyinib-soyunduğu paltarlardan başqasına yoluxmasına səbəb ola bilər:

"Yoluxma paltarlardan, eləcə də, onlayn sifariş verilən və bağlamada gələn paltarlardan da ola bilər. Yoluxma təmas yolu ilə baş verir. Ailə daxilində təmasdan irəli gəlir. Uşaqlar da bağçada, məktəbdə yoluxa bilər. Çox vaxt uşağı xəstə ola-ola məktəbə göndərirlər və nəticədə digərlərinə yoluxma baş verir. Bu xəstəliyə yoluxma immunitetin aşağı olması və natəmizliklə bağlıdır.

Qotur xəstəliyinə yoluxmuş şəxs müalicəyə vaxtında başlamayanda ikincili bakterial infeksiyalaşma, irinli iltihabi səpgilər yaranır. Bundan ələvə, atopik, yəni anadangəlmə həssas dəri ilə doğulan uşaqlarda atopiya xəstəliyinin ağırlaşaması, bakterial infeksiyaya yoluxması halları baş verir".

A.Mustafayevanın sözlərinə görə, qotur xəstəliyindən ev şəraitində sağalmaq olmaz:

"Hətta yaxşı olar ki, həmin pasiyentlər stasionar müalicə alsınlar. Beləliklə, həm xəstənin digər ailə üzvlərini yoluxdurmasının qarşısı alınar, həm də individual özlərinin müalicəsi aparılır ki, ağırlaşmalar olmasın. Bu baxımdan mütləq şəkildə nəzarət olunması lazımdır.

Bu xəstəliyə yoluxmuş şəxslərin yaşadığı evlər dezinfeksiya olunmalı, sanitariya qaydalarına diqqət etmək lazımdır".

Həkim bildirib ki, fəsil dəyişməsi zamanı qotur xəstələrinin sayında artım müşahidə olunur. O həmçinin insanların immunoloji durumuna aid olan xəstəliklərdə (göbələk və allergik xətəliklər) də artım olduğunu söyləyib.

Billurə Yunus

0.18244004249573