İşbazların ət hiyləsi - Ekspert deyilməyənləri AÇIQLADI - VİDEO

 

Qida mütəxəssisi İlkin Şirinovun Ölkə.Az-a müsahibəsini təqdim edirik:

- Xoş gəlmisiniz, İlkin bəy. Birinci ət mövzusundan başlayaq. Bu gün Azərbaycan istehlakçısı məhsul alanda belə yanaşır: gözümün qabağında kəsilməsə, ətin yaxşı olduğuna inanmıram. Bu nədən irəli gəlir?

- Yaxşı əti hər adam tanıya bilmir. Biz əti sortlaşdırmalı olsaq, erkək və dişi mal əti, dişi qoca mal əti, erkək öküz əti, dana ətinə ayırmaq olar. Bunlar təbii ki, müxtəlif dad, rəng və qoxuya malik olurlar. Amma bu gün insanların "gözümün qarşısıda kəsilən heyvan ətini alıram" deməsi, özü bir qanunauyğunsuzluqdur. Əvvəla, yeni kəsilən heyvanın əti insan sağlamlığı üçün fəsadlar törədə bilər. Ət kəsildikdən sonra 8-12 saat dincə qoyulmalıdır. Bu zaman əti dondurucuda yox, soyuducuda saxlamaq lazımdır. Bəlkə də heyvan kəsildikdən sonra əzələlərinin hərəkət etməsinin şahid olmusunuz. Hamı da bunu təzə ətin nişanəsi kimi qəbul edib alır. Amma o oynayan əzələ, isti, qanı axa-axa alınan ət ziyanlı qida hesab olunur. Ətin dincə qoyulmadan istifadəsi qəti şəkildə qadağandır. 

Digər tərəfdən kəsiləcək heyvanın ekoloji baxımdan hansı vəziyyətdə olmasına da fikir vermək lazımdır. Yəni təmizdirmi? Kəsimdə istifadə olunacaq alətlər hansı səviyyədədir və yaxud da heyvanı kəsən qəssab onu hansı formada kəsir. Bunun hələ psixoloji tərəfləri də var. Uşaqların o heyvanı küçədə görməsi, heyvanı axşam bağlayırlar sabaha qədər orada qalması, o heyvanın səsi, insanların gözü qarşısında kəsilməyi və insanlarda yaratdığı psixoloji travmalar, fəsadlar da bir tərəfə, onu hansı şəraitdə və necə kəsirlər, qanı düzgün axıdılırmı, kəsərkən heyvana hansı əziyyətlər verilməsi məsələsi də var. Bəs buna kim nəzarət edir?

- Əti kəsilən kimi bişirib yeməyin ziyanı nədir?

- Qəbizlik, həm həzm problemi yaradır, bağırsaqlarda şlaqlar yığılır və s.

- Bu gün əti qırmızı şəkildə süfrəyə təqdim edən restoranlar da var. Bu insan sağlamlığı üçün zərərli deyilmi?

- Ümumiyyətlə, təkdırnaqlı, cütdırnaqlı heyvanlarda olan xəstəliklər, limfa düyünlərində olan iltihab prosesləri cütdırnaqlı heyvanlarda - dana, inək, öküz, qoyun, quzuda olan qarayara, bruselyoz, onların ciyərlərində olan kəpənək qurdları kimi xəstəliklər birbaşa insan orqanizminə düşərsə, artıq onun fəsadı qaçılmazdır. Hansı ki, bunlar da qan vasitəsilə insan bədəninə düşə bilər. Tam bişməmiş, çiy formada qəbul olunan ət birbaşa xəstəliyin mənbəyidir. O ki qaldı heyvanların həkim nəzarətindən keçmədən, AQTA əməkdaşları ona nəzarət etmədən satışa verilməyindən yaranan problemlərə buna heç kim cavabdehlik daşıya bilməz. 

Bəzi işbazlarda bunu da müşahidə etdilər ki, heyvanı əvvəlcə kəsim məntəqəsinin qarşısına bağlayırdılar, sonra da "digər məntəqəyə aparıb kəsib gətirəcəyik" adı altında qoca heyvanı başqa kəsim məntəqələrində kəsdirib satışa verənlər də olurdu. Onların "digər kəsim məntəqəsi" dediyi də kiminsə həyətində kustar üsulla hazırlanmış natəmiz yerlər olurdu.

- Yaxşı ət hansıdır, necə bilmək olar?

- Heyvanların qidasından asılı olaraq ətin rəngi dəyişə bilir. Kənd təsərrüfatı ilə məşğul olanlar və kənddə yaşayanlar bunu yaxşı bilir. Ot yeyən heyvanla yem yeyən heyvanın ətinin rəngi fərqli olur. 

Bu gün Bərdə, Ağcəbədi, İmişli zonasının heyvanlarının ətinə daha çox üstünlük verilir. Bu zonalarda heyvanlar xüsusi saxlanc yerində kökəldilir və daha sonra istifadə olunur. Bu heyvanların yağının rəngi ağ olur.

Kökəltmə məntəqələri olmayan zonalarımızda heyvanlar otla qidalanır. Baxırsan ki, erkək heyvandır, amma sadəcə ot yediyinə görə, ətin rəngi tünd qırmızıdır. Hətta ot yeyən heyvanların əti yem yeyən heyvanlardan daha dadlı olur. 

Qoca camışın əti dana əti ilə müqayisədə bişmə məsələsində fərqini görmək olur. Ətin üzəri ağ rəngli köpüklü olur. Dana ətinin budu ilə camış ətinin budu tam fərqlidir. Dana ətində budun aşağısından yuxarısına gedən hissədə ovallıq var, camış ətinin budu isə düz formadadır. Camış göllərdə, bataqlıqlarda yatdığına görə, bu ətdə spesifik tünd qoxu olur. 

Ətin yağının rəngi və sümüyünün iliyinin rəngi tünd sarı olarsa, bu ya dişi mal ətidir, ya da qızdırma xəstəliyi keçirmiş heyvanın ətidir. Sadaladığım xüsusiyyətlər alıcılara əti seçmək məsələsində kömək edə bilər. 

- İnsanlar aldıqları ətin at əti olmasından narahatdırlar. Bunu necə fərqləndirə bilərik?

- Hər bir heyvan kəsildikdən sonra öz adı ilə satılmalıdır. At ətini dana əti adı ilə satma istehlakçını birbaşa aldatmaqdır və cinayət məsuliyyəti yaradır. 
Asiya ölkələrində - Monqolustan, Qazaxıstan, Qırğızıstanda at əti yeyilir. Sadəcə, bunun da müəyyən üsulları var. Bizdə isə işbazlar bunu bilmir.

At ətinin spesifik qoxusu olur. Rəngi mal əti ilə müqayisədə daha tünd - sanki malın qaraciyərinin rəngində olur. Yağının rəngi açıq sarı olur. Əlimizi at ətinə toxundurduqdan bir neçə saniyə sonra hava ilə təmas etdikdə ondan sanki balıq məhsulunun qoxusu gəlir. At ətini vizual ayırd edə bilmiriksə, ən yaxşı vasitəsi budur. Asiya ölkələrində atı kəsməzdən əvvəl qaçırdırlar və onun bədənində olan toksik maddələr və qoxu tər vasitəsilə ifraz edilir. İşbazlarımız isə bunun qaydasını bilmədiyinə görə, birbaşa kəsib satışa verirlər və həmin iy də qalır.

- Bu gün piştaxtalarda ucuz kolbasalar görürük. Ətin bir kiloqramının qiyməti ilə müqayisə edəndə uyğunsuzluq yaranır.

- Ən ucuz ətin kiloqramı 9-10 manata olduğu halda bu gün kiloqramı 4-5 manata təklif olunan kolbasalar var. Bəziləri deyir ki, ola bilsin, bu kolbasaların tərkibindəki 3-cü, 4-cü növ heyvan ətidir. Bu gün heç kim təsərrüfatındakı heyvanından bezməyib ki, onun kiloqramını 4-5 manata satsın. 

Ət sümükdən ayrılırsa, artıq maya dəyəri qalxır. Burada məhsulun hazırlanmasına sərf olunan enerjini, onun tərkibinə vurulan qatqıları da hesablasaq, kolbasanın maya dəyəri 15 manata ola bilər. Amma bu gün təəssüf ki, ekoloji baxımdan natəmiz olan ərazilərdə, bazarların qarşısında yeşiklərin üzərində kolbasaların kiloqramı 4-5 manata təklif edilir. 

- Bəs onda bu kolbasalardakı nə ətidir?

- Onun tərkibini aidiyyəti orqanlar araşdırıb deməlidir.  

- Belə bir fikir səsləndirilir ki, donuz piyi bahalı şeydir, ucuz kolbasanın tərkibində ola bilməz...

- Hər bir kolbasa və sosiskanın üzərində istehlakçıların məlumat alması üçün xüsusi stikerlər olmalıdır. İstehlakçı bunu oxuyanda məhsulun tərkibindəki inqridiyentləri, saxlanma temperaturunu, saxlanma şəraitini bilməlidir. 

Bu gün həmin məhsullarla bağlı ən böyük problemlərdən biri də kolbasa, toyuq, ət məhsullarının saxlanılma və daşınma şəraitidir. Baxmaq lazımdır ki, bu məhsullar daşınarkən soyuq qida zəncirinə əməl olunurmu, daşınarkən sərin temperatura riayət edilirmi və s. 

- Siz kolbasa yeyirsinizmi?

- Yox, yemirəm.

- Bu günlərdə 24 şagird dönərdən zəhərləndi. Adətən, zəhələnmələr yay aylarında müşahidə olunurdu. Bu da onunla əlaqələndirilirdi ki, isti havada ərzaqlar tez xarab olur. Bəs indi bu zəhərlənmə nə ilə əlaqədar ola bilər?

- Misal olaraq bir dönərxananın yanından keçək və oradakı antisanitar vəziyyətə özümüz baxaq. İstehlakçı olaraq biz nəsə tələb etməliyik. Yaxşı, deyək ki, dönər əti ilə, onun tərkibinə vurulan ədviyyatla maraqlanmırıq. Axı biz ondan istifadə edirik. Tələb etməliyik ki, heç olmasa, bir yan-yörəni, istifadə etdiyin ədviyyatların qabını təmiz saxla. Bu gün zəhərlənmə hallarına səbəb olan mayonezə hava, günəş işığı, toz, ərazidən keçən avtomobillərdən çıxan müxtəlif qazlar qarışanda bunun yaratdığı fəsadlardan heç kim sığortalanmır. Heç olmasa, mayonezin ağzını bağla, saxladığın qaba nəzarət elə. Bunlar sadə şeylərdir, tələb edə bilərik. Təəssüf ki, bu gün yol kənarında, ekoloji baxımdan bərbad olan, maşınların sıx olduğu yerlərdə dönərxanalar var. Şəhərimizin küləkli olmasını da nəzərə alsaq, küləyin qaldırdığı toz-torpaq həmin mayonezin içərisinə, şüşəsi açıq olan dönər ətinin üzərinə vurur. Biz də bəh-bəhlə onu alıb yeyirik. Kimsə deyə bilərmi ki, mən bundan zəhərlənməyəcəyəm. 

Heç olmasa, dönər ətinin özü ilə maraqlansınlar. Soruşsunlar görək, hansısa baytarlıq sənədi varmı? Ətin necə şəraitdə saxlanılması ilə maraqlansınlar. 

- Dövrümüzdə xəstəliklərin çoxaldığını və cavanlaşdığını deyirik. Belə çıxır ki, antisanitar vəziyyətdə normaldır?

- Təbii ki. Əgər biz öz gigiyenamıza əməl etmiriksə, qida satılan yerlərdən bu gigiyenanı tələb etmiriksə, artıq xəstəliyi özümüz çağırırıq. Ekologiya ilə qida bir zəncirdir. Birinə əməl etməyəndə bu zəncir qırıldısa, bəs edir. 

At ətinin satılmasına görə işbazlar saxlanılır, məsuliyyətə cəlb olunur, cərimələr edilir, amma istehlakçı olaraq bizim də üzərimizə çox iş düşür. Biz də heyvan kəsib satan məntəqələrdən baytarlıq sənədi, nəzarət qəbzini istəyə bilərik. Mən bilməliyəm ki, hansı əti alıram. 

- Alıcı məhsulun həm ucuz, həm də dadlı olmasını istəyir. Belə çıxır ki, biz məsələyə doğru yerdən yanaşmırıq?

- Təbii ki, keyfiyyət baxımından aşağı olan ətin tərkibinə müəyyən ədviyyatlar vuranda onu dada gətirəcək. Ədviyyatların onun dada gətirməsi, hələ ətin keyfiyyətli olması demək deyil.

- Toyuq ətinin satışı və hazırlanması ilə bağlı da çoxsaylı problemlər var. Reydlər zamanı quş ətinin köhnə hamam vannalarında çirkab içərisində saxlanıldığı üzə çıxmışdı. Deyək ki, mal ətini rənginə, qoxusuna görə fərqləndirə bildik. Bəs quş ətinin yaxşısı ilə pisini necə ayırd edək? 

- Toyuq əti də bu gün bəlalı yerdir. Broylerlər insanlara toyuq əti yox, zəhər satır. Bizim istifadə etdiyimiz toyuq əti deyil, o, bir şişdir. Biz şişmiş məhsul alırıq. Statistikaya baxsaq, şiş xəstəliklərinin geniş yayıldığını görürük. 30 günə 2.5 kiloqram olan toyuğun xəstəlik mənbəyi olması hamıya məlumdur. Cücənin 7-8 aya 1 - 1.2 kq olması normalır. Bu da cücəyə müəyyən yemləri verdikdə baş verir. Amma günəş işığı olmadan, xüsusi kalsium və vitaminli yemlər olmadan toyuqlar şişirdilir. Həmin şişirtmənin nəticəsi də bu gün yayılan xəstəliklərdir. 
Broyler toyuqlar hərəkət eləmir, ancaq yeyir və yatırlar, hərəkət etmələri mümkünsüzdür. Onlarda hərəkət sistemi yoxdur. Broyleri 1 ay açıq havada saxlasaq, 2.5 kiloqramlıq şişdən bir şey qalmayacaq. O toyuqların üzərində günəş işığı düşmədiyinə görə, broyler həmin vəziyyətə gəlib çıxır. Amma günəş işığı dəyəndə avtomatik bədəndə olan su çəkilməyə başlayır və çəkisi 800 qrama düşür.

- Yəqin ki, o toyuğu ziyanlı edən təkcə tərkibinə vurulan su deyil.

- Toyuğun şişməsi üçün hormonal komponentlərdən istifadə olunur. Balıq unlarından, soya və şişirdici yemlərdən istifadə olunur. Həmin şişmiş zəhər asanlıqla gəlib bizim mətbəximizə girə bilir. 

- Soya yemlərinin zərəri nədir?

- Bağırsaq problemləri, şiş xəstəlikləri və həmin o qidaların toyuq vasitəsilə bədənimizə ötürülməyidir.

Bu gün geni modifikasiya olunmuş (GMO) məhsullar toyuğa yedirildikdən sonra biz də onu qəbul edirik.

- Bu yaxınlarda belə bir məlumata rast gəldim ki, GMO-lu qidalar insan fiziologiyasını dəyişir. Yəni biz GMO-lu qidaları çox yedikcə, tədricən neandertal insana qayıdırıq. Məsələn, insanların burnu uzanır, çirkinləşir və s. Bu nə dərəcədə doğrudur?

- GMO-lu qidalar insan orqanizmində daxildə və xaricdə yaratdığı fəsadlar qaçılmazdır. Zaman-zaman alimlər də, mütəxəssislər də deyirlər ki, GMO-lu qidalar birbaşa insan sağlamlığı üçün ziyandır. Bunu təcrübə də eləmişəm. İşə gedib-gələndə bir piştaxtanın yanından bir ay keçdim. Orada qoyulan üzümün bir dənəsi ərik boyda idi. Bir ay o üzüm orada durdu. Axırda səbrim çatmadı, gedib soruşdum ki, bu üzüm xarab olmadı? Siz təsəvvür edin ki, üzüm bir ay əvvəl necə idisə, o vəziyyətdə də qalmışdı. Həmin üzümün insan orqanizmində yaradacağı fəsaddan kim qaça bilər? Peyvənd ayrı şeydir, GMO ayrı şey. Bu gün meyvə piştaxtada xarab olmursa, bununla bağlı mütəxəssislər həyəcan siqnalı çalmalıdır.

- Soğanla GMO-lu qidaları bir yerdə saxlayanda bu tərəvəzin xüsusi zəhərli maddə buraxdığı və insan sağlamlığına ziyanlı ola biləcəyi deyilir.

- Ümumiyyətlə, soğanı digər meyvə-tərəvəzlərlə, qidalarla birlikdə satışı və piştaxtalarda nümayişi qadağandır. Çünki soğan özündən müəyyən maddələr ifraz edən məhsuldur. Buna görə də soğanın nəinki GMO-lu qidalarla, həmçinin digər məhsullarla birgə satışını təşkil etmək olmaz.

Soğanla toyuğu bir yerdə satmaq olmaz. Avtomatik olaraq soğanın tərkibində olan və biz onu doğrayanda gözyaşardan maddələr toyuqdakı maddələrlə reaksiyaya girərsə, təhlükəli hal alar.

- Çoxlarımız evdə soğan-kartofu yanaşı saxlayırıq. Bu da ziyanlıdırmı?

- Kartofun üzərində xüsusi qabığı olduğundan ona o qədər də ziyan etmir. Amma digər məhsullarla meyvələrlə yanaşı qoymaq olmaz. Meyvələrin qabığı ilə kartof qabığının arasında fərq çoxdur.
Bundan əlavə, üzüm, alma, göyərti və ət məhsullarının yanında soğan satmaq olmaz. Piştaxtalarda qida qonşuluğu deyilən bir anlayış var və buna riayət etmək lazımdır. 

- Aldığımız kənd çolpaları necə?

- Bir ara müəyyən bir qrup işbazlar çəkisi az olan toyuqları axşamdan kəsirdilər, sarı kök və ya hansısa maddələr vurulmuş suda saxlayır və sonra da "kənd çolpası" adı ilə satırdılar. Amma kənd çolpasından istifadə edən adamlar rənginə baxanda bunu başa düşürlər. Broyler toyuğu ağ rəngdə olur, kənd toyuğu isə qırmızı. Necə ki, mal ətinin yanınızda kəsilməsini tələb edirsiniz, toyuq məhsuluna da o cür yanaşın. Gördüyünüz toyuğu alın kəsin.

Digər tərəfdən kənd çolpası gec bişir. Bu gün xanımlarımız mətbəxdə işinin asan olması üçün broyler toyuqlarına üstünlük verirlər ki, tez hazırlanır. Kənd toyuqlarının spesifik qoxusu və yapışqanlığı olur. Hətta sümüyünün və sümüyünün içinin rəngi fərqlidir. 
Sümük bıçaqla kəsilərmi? Amma broylerlərdə çox rahat kəsmək olur. 

- Toyuq çox bakteriyalı qida hesab edilir. Qeyd olunur ki, toyuq dəyən mətbəx dəzgahını, qab-qaşığı təmiz yumaq lazımdır.

- Balıq və toyuq məhsullarından istifadə edərkən orada istifadə olunan bütün alətlər təmiz yuyulduqdan sonra digər məhsullara vurula bilər. Toyuğun toksikoloji maddələri yığılan yeri dərisi ilə ətin arasıdır. Broyler toyuqlarında dəri ilə ətin arasında xüsusi qat var. Bunu toyuğu bişirdikdə qaynadılmış suda gömək olar. Həmin o qaynadılmış suda ağ rəngli xüsusi örtük əmələ gəlir. Su soyuduqdan sonra həmin ağ örtük bərk bir maddəyə çevrilir. Bu bərk maddə birbaşa zəhərdir. Təəssüf ki, toyuğun qaynatmadan qızardılması zəhərin birbaşa bizim bədənimizə ötürülməsi deməkdir.

- Palma yağı tez-tez müzakirələrə səbəb olur. Zərərlidirsə, nə üçün qidaların tərkibində istifadəsinə icazə verilir?

- Palma yağının hansısa faydası olması barədə eşitməmişəm. Bu gün artıq çəkidən, tromblaşmadan, ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların çox olduğunu görürük.
Sağlam qidalanmamaq qeyri-sağlam həyat tərzi deməkdir. Baxırsan ki, bəzən 30 yaşlı insan 50 yaşında görünür. Bu da qidalanmanın nəticəsidir. O ki qaldı palma yağı məsələsinə, bu, çox geniş bir mövzudur.
Bu yaxınlarda palma yağı ilə bağlı araşdırma elədim. Sən demə, nəinki şirniyyata, kəsmiyə, pendirə, süzməyə və digər qatıq məhsullarına belə bu yağdan vurulur. 

- Palma yağının özəlliyi nədən ibarətdir?

- Yağlılıq və formada saxlamaq üçündür. Daha ucuz olduğuna görə, istehsalatda geniş istifadə olunur.
Bu gün palma yağı daha çox şirniyyat istehsalında istifadə olunur. Çünki kərə yağı istifadə etmək sərfəli deyil. Qiymət baxımından maya dəyəri baha olan şirniyyatı heç kim almır. Eynilə ucuz ətin, məhsulun bazarda çox müştərisi olduğu kimi.

- Bir dəfə professor Rəşid Mahmudov saytımıza açıqlamasında demişdi ki, palma yağı həm qadınların, həm də kişilərin hormonlarına mənfi təsir göstərir. Doğrudan da palma yağı hormonlara təsir edirmi?

- Palma yağının bədən üçün fəsadlarını A-dan Z-yə hamı bilir. Bunun üçün qida mütəxəssisi, ekoloq, həkim olmaq şərt deyil. Palma yağının insan sinir sistemində yaratdığı fəsadlar göz qabağındadır. Amma hormonoloji məsələyə gəldikdə palma yağından çox insanların diqqətini toyuq məhsullarına yönəldərdim. Bu gün qadın və kişilərimizdə hormonoloji problemləri birbaşa yaradan səbəblərdən biri də gündəlik istifadə etdiyimiz zəhərlə qidalanan toyuqlardır. Hətta palma yağından toyuqların qidalanmasında da istifadə edildiyini eşitmişəm.

- Mövsümü olmadığı halda piştaxtalarda gördüyümüz meyvələr barədə nə deyə bilərsiniz?

- Hər meyvə öz mövsümündə gözəldir. Yerə qar düşəndə nar, isti havada qarpız yemək lazımdır. Mövsümü olmayan meyvə qış vaxtı hansı ağacda, hansı günəş işığının altında yetişə bilər? 

- Öz ölkəmizdə yetişməyən məhsulların genetik kodlarımıza təsir etməsi ilə bağlı fikirlər səsləndirilir. Bu nə dərəcədə doğrudur? Kulturoloqlarımızdan biri demişdi ki, bananı afrikalı yeyər. Biz onu yeyiriksə, genetik kodumuz dəyişir.

- Təbii ki geni modifikasiya olunmamış heç bir məhsul bizim genetik kodumuza təsir edə bilməz. Amma bananın çox yemək məsələsinə gəldikdə, bu, ziyanlıdır. Çünki banan gec həzm olunan meyvədir. Suyu qədərində içmək lazım olduğu kimi, hər şeyi qədərində istifadə etmək lazımdır.
Bir adam gündə 4-5 ədəd banan yeyəndə bunun fəsadı qaçılmazıdr. Burada hansı təzyiq sistemindən danışmaq olar? Biri gələcək ki, təzyiqim qalxdı. Niyə? Deyir 5 banan yemişəm. Ay qardaş, yemə də, nə məcburdur?! 

O ki qaldı insanların qida rasionunda müxtəlif, xarici, mənşəyi bilinməyən meyvələrə, onu deyə bilərəm ki, Azərbaycanımızda bu qədər meyvə olduğu halda nə məcburdur ki, biz xarici meyvə ilə qidalanaq. 

Bir dəfə mən özüm eksperiment aparmışdım. Bağımızda bir neçə yeşik arı saxlayırdım. Bilirsiniz ki, arılar son dərəcə həssas canlılardır. Bir dəfə qarpız almışdıq. İçərisinə çoxlu damarlar var idi. Evdəkilərə “yeməyək” dedim. Sonra qarpızın içərisinə bir balaca şəkər tozu tökdüm və arı yeşiklərinin qarşısına qoydum. Hər yeşikdən bir arı çıxıb qarpıza qondu, bir dəqiqə sonra getdilər yuvalarına girdilər. Axşama qədər yeşikdən heç bir arı o qarpızın üzərinə qonmadı. Öz-özümə fikirləşdim ki, o qarpızın tərkibində nə var idi ki, belə oldu. 

- “Zavod çörəyini 3 gündən sonra yemək olmaz” deyə fikir işlədirlər. Bəzən çörəyin içərisi bir az ağarsa da, tamında ciddi fərq hiss etmirik deyə yeyirik. Bunun bir fəsadı varmı?

- Çörək istehsalında yaş və quru mayadan istifadə olunur. Maya çörəyin yumşaq olması üçün vurulur. Bəzən isə həddindən çox mayadan istifadə olunur. Bu da çörəkdə kif bakteriyalarının həddindən tez yaranması deməkdir. 

Çörəyə həddindən artıq maya vurulanda sulanma prosesi gedir ki, bu da istifadəsi zamanı ziyan verir.

- Hazır qəhvələrin ziyanlı oluğu deyilir. Bu barədə nə deyə bilərsiniz?

- Məndə “Y” (ye) komponentli maddələrin siyahısı var. Kofeyə “Y” tərkibli kimyəvi inqrediyentlər vurulur. Bu inqrediyentlərin bəzilərin tərkibində donuz hormonrından və ona məxsus maddələrdən istifadə olunduğu bildirilir. Bu məsələni araşdıracağam, görək, nə dərəcədə doğrudur. Əgər belədirsə, onda tərkibində donuza aid maddə olan kofenin hallallıq-haramlıq məsələsi sual altına düşür.

Ümumiyyətlə, kofeni alıb evdə üyütmək, hazırlamaq daha məsləhətlidir. “Üçü birində”lərdən ikisini bilirəm, amma biri mənim üçün sual altıntadır. Bu barədə sonra danışarıq.

- Vaxt ayırdığınız üçün çox sağ olun.

- Mən təşəkkür edirəm.

Billurə Yunus

 

0.17777490615845