Tanınmışlar Hacı Şahin haqqında yazdı: Sən demə, tələsirmiş...

 

İlahiyyatçı Hacı Şahin Həsənlinin vəfatından 8 ay ötür. 

Ölkə.Az xəbər verir ki, ölümünün 8 ayında sevənləri Hacı Şahini xoş sözlərlə yad ediblər. Onlar arasında tanınmış şəxslər də yer alıb.
İlahiyyatçı ilə xatirələrini bölüşənlədən biri də biri də tanınmış jurnalist Nərgiz Liftiyevadır. O, Hacı Şahin haqqında aşağıdakı sözləri yazıb:

"8 ay öncəyə qədər cümələrimiz daha gözəl idi. Həftənin bütün ağırlığı, gərginliyi, neqativ enerjisi üstümüzə çökəndə Hacının kanalından canlı yayım bildirişi gəlirdi. Sanki minlərlə insana yox, tək sənə yönəlmişdi, o sanki duyğunlarına tərcüman olurdu, "hər şey yaxşı olacaq" deyirdi. "Bəndə bir sıxıntıdadırsa, bilsin ki, həmin an Allah ona nəvaziş edir" - deyirdi. "Əgər çox çalışdın və istədiyinə nail ola bilmədinsə, demək Rəbbin daha böyük mükafat hazırlayıb" - deyirdi. 

Özgüvən, şəxsiyyətin inkişafı üçün bundan böyük motivasiya ola bilməzdi. 
Nə yaxşı ki, müsahibələrdə, verilişlərdə görüşmək, bir müddət bir yerdə çalışmaq fürsətim oldu. Yaxından tanıyan insan üçün qat-qat böyük itkidir. 

Ruhun şad olsun, qəlblərdə yaşayan İnsan! Kaş ki övladlarımıza da səni görmək, dinləmək qismət olardı. Yaxşı ki, səsin, sözün qaldı".

İlahiyyatçı Kənan Rövşənoğlu deyir ki, Hacıdan sonrakı 8 ay göstərdi ki, həyat və ölüm arasında məsafə şərtidir:

"Yaşayarkən ölülər var, öldüyü halda yaşayanlar var.
İndi fikir verirəm ki, çıxışları bu gün, yəni Hacı Şahinin fiziki olaraq həyatda olmadığı günlər üçün qoyub getdiyi konseptleri imiş. Bu adam 48 ilə nə qədər fəaliyyət sığdıra bildi? Bəlkə 10-dan çox jurnalist birbaşa və ya dolayı yolla məndən Hacının nömrəsini almışdı. Heç kimə yox demirdi, hər kəsin, hər mövzuda suallarını cavablandırırdı. Hətta əyləncəli proqramlara çıxırdı, bilirdim ki, dostları, elə mən də razı deyildim. Özünə də üstüörtülü şəkildə demişdim, amma mənim bilmədiyim şeylər varmış. 
Heç demə, Hacı tələsirmiş, vaxtın az olduğunu bilirmiş. Buna görə də bütün sözləri, fikirləri demək istəyirmiş ki, sonra özü olmayanda biz onları dinləyək, faydalanaq, bizə yol göstərsin. 
Diri olmaq elə budur. İslam dininə görə, insanın əməl dəftəri öldükdən sonra bağlanır, yalnız öyrətdiyi elm və tikdiyi bulaqdan ölümündən sonra da ona savab gəlir. Bu mənada mənə görə Hacı Şahin diridir və əməl dəftəri də açıqdır. Nə qədər biz onun sözlərini dinləyib örnək alacağIq, Hacı o zamana qədər diri olacaq. 
Ruhun şad olsun əziz ustad! 
Səni tanıyan, səndən bəhrələnən sonuncu insan ölənə qədər Sən dirisən, yaşayacaqsan!"

Dövlət Rəqs Ansamblının əməkdaşı, qarmon ifaçısı Ramin Hüseynov isə Hacı Şahinin məzarə başında tanış olduğu biri ilə aralarında keçən dialoqu paylaşıb:

"Bu gün Hacının ziyarətində bir qardaşla görüşdüm. Qayıdanda yolda Hacıdan danışdıq.
Dedi ki, Hacını ziyarət etmək üçün Siyəzəndən gəlib. Əvvəllər Bakıda işləyib, lakin maddi vəziyyəti çətin olub deyə, rayona qayıtmalı olub. İmkan olduqca, canlı görüb-eşitmək, xütbələrini dinləmək üçün Bakıya gəlirmiş. Gözləri yaşardı. Deyir ki, indi 8 aydır özümə yer tapa bilmirəm, hələ də inanmıram.
Danışır ki, qardaşının 5 yaşlı oğlu onun telefonunda Hacının şəklini görüb kim olduğunu soruşub. O da uşağa izah edib. Deyir ki, uşaq hər gün ona deyirmiş ki, məni də ora apar. Başa salmağa çalışıb ki, birdən qəbiristanlıqdan qorxar. İsrar edib ki, yox, qorxmaram. O da uşağa Hacının ziyarətinə gətirəcəyinə söz verib". 

Billurə Yunus

0.1940221786499