Bakıda ana və 2 azyaşlı körpəsinin çətin şəraitdə yaşaması, zibillikdən yemək yeməsi və dilənməsi ilə bağlı məlumatlar yayılıb.
Ölkə.Az xəbər verir ki, jurnalistlər sözügedən ana və uşaqları hər gün Xətai rayonu Xəzər dairəsi adlanan ərazidə gördüklərini bildiriblər.
Qeyd edilib ki, ailə zibil qablarının yanında qalır.
Jurnalistlər bildirib ki, sözügedən ailənin problemi dəfələrlə işıqlandırılsa da, ana dilənməyə üstünlük verib.
Qeyd olunub ki, dövlət qurumları tərəfindən ailəyə ümumilikdə 1500 manata yaxın ödəniş edilir. 2 ildir ana və övladlarının vəziyyətinin tez-tez gündəmə gəldiyi bildirilir. Məlumata görə, uşaqların acınacaqlı vəziyyətinə görə, qadının bacısı ilə də əlaqə saxlanılıb və o, sadəcə, "bacarmıram" cavabını verib.
Həmçinin qeyd olunub ki, ailəyə bu ilin fevralından aylıq 615 manat sosial yardım təyin olunub.
Uşaqlardan biri məktəbə yazdırılsa da, onun da təhsildən yayındığı bildirilir.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu təxirəsalınmaz tədbirlər görüləcəyini deyib:
"Hazırda komissiya və qurumlar yenidən ailəyə baxış keçirib vəziyyəti qiymətləndirəcək və təxirəsalınmaz tədbirlər görüləcək. Görünür, ananın valideyn hüquqları məhdudlaşdırılmalıdır. Lazımı tədbirlər görüləcək", - deyə o söyləyib.
Billurə Yunus