Ölkəmizdə fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin paytaxtda yerləşməsi bir sıra çətinliklər yaradır.
Buna görə də vaxtaşırı olaraq ali təhsil ocaqlarının Bakıətrafı ərazilərə və ya digər bölgələrə köçürülməsi məsələsi gündəmə gəlir.
Ölkə.Az xəbər verir ki, müzakirələr arasında universitetlərin Qarabağ ərazisində köçürülməsi də yer alır.
Bu təkliflə çıxış edən ekspertlər bildirirlər ki, bununla həm paytaxt nisbətən boşalar, sıxlıq azalar, həm də böyük qaydışdan sonra Qarabağda iqtisadi canlanma artar.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan təhsil eksperti Elmin Nuri hesab edir ki, bu, yaxşı fikir olsa da, müəyyən çətinliklər yarada bilər:
"Bakıda yerləşən böyük ali təhsil müəssisələrinin azad olunmuş Qarabağ ərazilərinə köçürülməsi, özlüyündə pis fikir deyil. Amma bunun nə dərəcədə realizə olunacağı məndə şübhə doğurur. Universitetin özünün cavab verməli olduğu beynəlxalq standartlar var. Elə məsələlər var ki, onlar nə universitetin özündən, nə də onun aid olduğu ölkədən, həmin universitetin dövlət, yaxud özəl profilli olmasından asılıdır. Bizim universitetlər bu dəqiqə çalışırlar ki, beynəlxalq reytinq cədvəllərində, beynəlxalq qiymətləndirmə vahidlərində öz yerlərini gücləndirsinlər, ən azından qorusunlar. Belə bir təqdirdə universitetlərin nəinki Qarabağ ərazisinə, ümumiyyətlə ölkəmizin digər yerlərinə, hətta Bakıətrafı yerə belə köçürülməsi, bu universitetin fəaliyyəti üçün maneə hesab oluna bilər.
Götürək Bakı Dövlət Universitetini. Bu universitet böyükdür və çox sayda tələbə kontingenti, professor, müəllim, texniki işçi heyəti var. Sizcə, bunu Qarabağ ərazisinə köçümək mümkündürmü?!"
Ekspertin fikrincə, bu o halda mümkün ola bilər ki, köçürülmə üçün milyonlarla vəsait ayrılsın:
"Birincisi, kampus tikilməli, yüksək infrastruktur qurulmalıdır. Bundan əlavə, tələbələrin yerləşdirilməsi üçün yer lazımdır. Bu, Bakı deyil ki, hər kəs orada-burada kirayə qalsın və ya qohumunun evində yaşasın. Çox güclü yataqxana sistemi qurulmlıdır. Məsələn, bu gün BDU-nun yataqxanası bu universitetin tələbə kontingentinin heç bir neçə faizini əhatə edə bilmir.
Digər tərəfdən buradakı professor-müəllim heyətinin gedib orada işləməsi üçün şərait yaradılmalıdır. Yəni heç nə göründüyü qədər asan deyil.
Düşünürəm ki, hələlik universitetlərin Qarabağa köçürülməsi məqsədəuyğun deyil".
E.Nurinin sözlərinə görə, ali təhsil müəssisələrini köçürməkdənsə, Qarabağda ayrı-ayrı universitetlərin filialları yaradıla bilər:
"Digər universitetlərimizin hazırda bölgələrdə filialları var. Turizm potensialının inkişafı üçün orada da filialın da açılması kifayət edər. Adi kollec filialının rayonlarımızda açılması, iqtisadi baxımdan həmin əraziyə nə qədər canlanma gətirmişdi".
Ekspert elm və təhsil nazirinin Qarabağda "Qarabağ" adlı böyük ali təhsil müəssisəsinin açılacağı ilə bağlı açıqlamasını da xatırladıb:
"Həmin universitetdə tibb sahəsindən tutmuş mühəndislik və digər ixtisaslara aid müxtəlif fənlər tədris olunacaq. Düşünürəm ki, Qarabağ Universiteti digər bölgə universitetinin aqibətini yaşamayacaq, kəmiyyət və keyfiyyətinə görə paytaxt universitetlərindən geri qalmayacaq.
Bununla yanaşı, əvvəllər də fəaliyyət göstərmiş Xankəndi Müəllimlər Universitetinin açılması çox yaxşı olardı. Bu ali təhsil müəssisəsi əvvəllər ADPU-nun Xankəndi filialı kimi fəaliyyət göstərib və fikrimcə, indi də o statusla fəaliyət göstərə bilər. Yaxud da ayrıca Xankəndi Müəllimlər Universiteti kimi fəaliyyət göstərə bilər. Eynilə Naxçıvanda həm Naxçıvan Dövlət Universiteti, həm də Naxçıvan Müəllimlər Universiteti olduğu kimi.
Dediyim kimi, Qarabağda böyük universitetlərin filiallarının olması qarşıdakı illər üçün yetərlidir".
Billurə Yunus