200 nəfərlə çevriliş etmək istəyən zabit – Stalinin göstərişi ilə güllələndi

 

1927-ci ildən SSRİ-də “Osoaviaxim”adlı bir cəmiyyət fəaliyyət göstərib. 1951-ci ildə cəmiyyətin adı dəyişdirilərək DOSAAF (Ordu, Aviasiya və Hərbi Dəniz Qüvvələrinin Təşviqi üzrə Könüllü Cəmiyyət) qoyulub.

Stalinin hakimiyyəti dövründə Mərkəzi Komitə bu cəmiyyətin fəaliyyəti ilə çox da maraqlanmayıb. Heç Stalinin özü də DOSAAF-ın işinə müdaxilə etməyə, onun fəaliyyətinin araşdırılmasına vaxt ayırmayıb, həvəs göstərməyib. 1934-cü ildə baş verən hadisə isə bu könüllü cəmiyyəti Kremldə gündəmə gətirib.

GENERALLAR SON.jpg (101 KB)

Adətən məzuniyyətini Moskvadan kənarda keçirəndə Stalinə gündəlik olaraq baş verən hadisələr və cari məsələlərlə bağlı paytaxtdan yazılı məlumatlar təqdim edilib. Sovet lideri 1934-cü ilin avqust ayında Soçidə istirahət edəndə də hər gün Moskvadan məlumatlar alıb. Soçidəki iqamətgaha yazılı məlumatlardan biri də Siyasi Büronun üzvü, Mərkəzi Komitənin katibi Lazar Kaqanoviçdən daxil olub. 8 bəndlik məktubun beşinci bəndi Stalini ciddi narahat edib:

“Bu gün “Osoaviaxim”in artilleriya divizionunda xoşagəlməz hadisə baş verib. Hadisə ilə bağlı ətraflı məlumatı sizə ayrıca göndərmişəm. Diqqətinizə çatdırıram ki, hadisənin araşdırılması üçün Henrix Yaqodaya (xalq daxili işlər komissarı) xüsusi tapşırıq verilib. Əsas aydınlaşdırmaq istədiyimiz odur ki, hadisəni törədən təkdir, yoxsa arxasında kimlərsə dayanır? Araşdırmaların nəticələri haqqında sizə əlavə məlumat göndərəcəyəm”.

Maraqlıdır, anlaşılmaz yazılan bu məktubda söhbət hansı hadisədən gedib və taleyi NKVD-yə həvalə olunan bu hadisəni kim törədib?

ZABİT.jpg (37 KB)

Hadisənin əsas müəllifi Artyom Naxayev olub. Onun haqqındakı materialların əsas hissəsi bu günə qədər də “məxfi” qrifli qovluqlarda saxlandığından barəsində çox da geniş məlumat yoxdur. Məlum olan odur ki, 1900-cü ildə anadan olan Naxayev Leninqraddakı artilleriya məktəbində təhsil alıb. Yeniyetməlik yaşlarından bolşevik hərəkatına qoşulub, Kommunist Partiyasının üzvü olub və orduda xidmət edib. Artyom Naxayev 1927-ci ildə partiya biletini ataraq Zinovyev, Kamenev, Trotski və digərlərinə qarşı edilən ədalətsizliklərə öz etirazını bildirib. Bu hadisədən sonra onu ordudan tərxis ediblər.

Xidmətdən azad olunduqdan sonra yüksək maaşını itirən Naxayev heç bir yerdə işə düzələ bilməyib və maddi sıxıntılar içərisində yaşayıb. Nəhayət, 1933-cü ildə o, çətinliklə özünə iş tapıb. Naxayevə “Osoaviaxim”də divizion qərargahının rəisi vəzifəsi verilib.

5 avqust 1934-cü ildə Naxayev çağırışa və səfərbərliyə düşən 200-ə yaxın şəxsi Moskvadakı motoatcı diviziyaya təlim toplantısına aparıb. Elə həmin gün Naxayev təlim toplantısına gələnləri diviziyanın meydançasına düzüb və onların qarşısında çıxış edib:

“Biz 1917-ci ildə inqilab etdik. Zavodları, fabrikləri, torpaq sahələrini fəhlə və kəndlilərə vermək üçün son damla qanımızadək mübarizə apardıq. İstədiyimizə nail olduq. Bəs sonra nə oldu? Hanı fəhlələrə verilən zavodlar? Hanı kəndlilərə ayrılan torpaq sahələri? Bütün əldə etdiklərimiz bir qrup adamın əlindədir. İnqilab dövründə verilən vədlərin heç biri yerinə yetirilmədi. Bu, tarixi haqsızlıq və ədalətsizlikdir. Yaşasın yeni inqilab, yaşasın yeni hökumət!!!”

Çıxışından sonra Naxayev təlim toplantısına yığışanlara diviziyanın silah otaqlarına basqın edilməsi, silahlarını götürüb Kremlə doğru irəliləməsinə dair göstəriş verib. Ancaq diviziyanın qaravul xidməti buna imkan verməyib. Naxayev isə elə yerindəcə həbs edilib.

STALİN SON.jpg (101 KB)

Bu hadisə Stalinə olduqca mənfi təsir göstərib və o, elə həmin gün Soçidən Kaqanoviçə tapşırıq verib ki, məsələ son dərəcə ciddi araşdırılmalıdır. Sovet lideri xüsusilə vurğulayıb ki, Artyom Naxayevin arxasında böyük bir casus şəbəkəsi dayanır.

İstintaq zamanı Naxayev onun arxasında heç bir xarici qüvvənin dayanmadığını söyləyib. Bu haqda Stalinə məruzə edəndə, o, qəzəbini boğa bilməyib:

“Casuslar hökmən ələ keçirilməlidir, onların arxasında ya Almaniyanın, ya da Yaponiyanın xüsusi xidmət orqanları dayanır”.

Nəhayət, davamlı işgəncələrdən sonra Naxayev bir nəfərin adını çəkib. Bu, həm “Osoaviaxim”də işləyən, həm də Moskva Bədən Tərbiyəsi İnstitutunda sektor müdiri vəzifəsini tutan Leonid Bıkov olub. Bıkov çar Rusiyasında general rütbəsində xidmət edib, Birinci Dünya müharibəsində əsir düşüb, əsirlikdən sonra Rusiyaya qayıdan Bıkov qırmızı orduda xidmət edib. Onun vaxtilə xarici ölkələrin xüsusi xidmət orqanları ilə sıx əlaqələri olub. Elə bu səbəbdən də Stalin elə düşünüb ki, bu hadisənin arxasında casus şəbəkəsi durur.

Əslində Artyom Naxayev özünə kumir seçdiyi Trotskinin qisasını almaq məqsədilə bu addımı atıb. Yəqin ki, o, özü də yaxşı anlayıb ki, maksimum iki yüz nəfərlə Stalinə qarşı inqilab etmək mümkün deyil. Sadəcə, qisas hissi o qədər güclü olub ki, yeni inqilab, yeni hökumət xəyallarını Naxayev bu bəsit üsulla gerçəkləşdirmək istəyib.

Artyom Naxayevin istintaqı cəmi 2 həftə çəkib. Materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin hökmü ilə Stalini devirib yeni hökumət yaratmaq istəyən Naxayev ən ağır cəzaya, güllələnmə cəzasına məhkum edilib. Naxayevin istintaqda verdiyi ifadəyə görə isə Leonid Bıkov nəzarət altına götürülərək həbsxanaya göndərilib. 1937-ci ildə onu da güllələyiblər. Bu hadisədən sonra Stalin “Osoaviaxim”də ciddi araşdırmaların aparılmasını göstəriş verib və könüllü cəmiyyətdə ciddi kadr islahatları aparılıb.(Musavat.com)

0.25964498519897