“Partiya mənsublarının silahlı qüvvələrin işinə kobud müdaxiləsi yolverilməzdir. Ordu quruculuğu haqqında anlayışı olmayanlar vəzifə səlahiyyətlərini aşaraq Vermaxtın fəaliyyətini iflic vəziyyətə salırlar. Mənim fürerim, bunların qarşısı alınmaya qədər biz heç bir yüksək göstəricilərdən danışa bilmərik. Həmkarlarım adından sizdən xahiş edirəm ki, bu məsələyə nəzarətinizi gücləndirəsiniz...”
Adolf Hitlerin iştirakı ilə keçirilən əməliyyat müşavirəsində feldmarşal Vilhelm Leeb bu ifadələri söyləməklə həm də ümumilikdə nasist partiyasının fəaliyyətindən narazı olduğunu bildirib.
Sözsüz ki, partiya liderinin üzünə bu ifadələri söyləmək feldmarşaldan cəsarət tələb edib. Çoxları elə düşünüb ki, Hitler bu tənqidə görə Leebi cəzalandıracaq. Amma heç də düşünülən kimi olmayıb. Çünki son dərəcə təcrübəli, peşəkar və bacarıqlı hərbçi olan Leeb fürer üçün ən lazımlı kadrlardan biri sayılıb və o, əksinə olaraq feldmarşalın vəzifəsini bir pillə yuxarı qaldırıb.
Bəli, Hitler Leebi Almaniya ordusunda yüksək vəzifədə görmək istəyib. I Dünya müharibəsinin iştirakçısı olan, ağır döyüş yolları keçən Leeb dünya hərbçiləri arasında tanınmış simalardan sayılıb. II Dünya müharibəsinə qədərki dövrdə onun hərbi nəzəriyyə ilə bağlı müəllifi olduğu “Müdafiə” kitabı təkcə Almaniyada deyil, həm də ABŞ və SSRİ-də dərslik kimi istifadə olunub.
Qeyd edək ki, 1876-cı ildə Bavariyada anadan olan Leebin atası da peşəkar hərbçi olub. Leeb hərbi xidmətə 1895-ci ildə 4-cü Bavariya səhra artilleriya alayında başlayıb. Bavariyada hərbi akademiyada təhsil aldıqdan sonra xidmətini Münhendə və Berlində davam etdirib.
I Dünya müharibəsi başlayanda 1-ci Bavariya ordu korpusunun qərargah rəisi vəzifəsinə təyin edilən Leeb müharibə dövründə bir çox uğurlu hərbi əməliyyatları ilə fərqlənib, yüksək dövlət mükafatları ilə təltif olunub.
II Dünya müharibəsinə qədərki dövrdə o, ayrı-ayrı ordu korpuslarına rəhbərlik edib, general rütbəsinə qədər yüksəlib. Hitler hakimiyyətə gəldikdən sonra isə onu 2-ci qoşun qrupuna komandan təyin edib.
26 avqust 1939-cu ildə Leeb cənub cəbhəsində dislokasiya olunan “S” ordu qrupuna komandan təyin edilib. 1941-ci ildə “S” ordu qrupunun adı dəyişdirilərək “Şimal” ordu qrupu adlandırılıb. Leebin komandan olduğu bu qrupun qarşısına Baltikyanı ərazilərin və Leninqradın işğal edilməsi vəzifəsi qoyulub.
Leeb təcrübəli nəzəriyyəçi kimi rəhbərlik etdiyi bütün hərbi əməliyyatlarda canlı qüvvənin və texnikanın minimum itkilərinə nail olub. Leninqradın işğal olunmasında da feldmarşal fərqli bir yol seçib. O, Hitlerə aşağıdakı məzmunlarda teleqram göndərib:
“Leninqrad cəbhəsinə əlavə canlı qüvvələr və silah-surhat göndərməyə ehtiyac yoxdur. Şəhər aclıq nəticəsində özü təslim olacaq...”
“Leninqradlılar üçün ikinci çıxış yolu yoxdur. Onlar ağ bayraq qaldırmağa məcbur olacaqlar...”
“Biz Leninqradı darmadağın etmək gücündəyik. Amma texnika və silah-sursata qənaət etmək üçün bu yolu seçmirik. Bu şəhər acından öləcək, Leninqrad məhvə məhkumdur...”
Beləliklə, Leeb Leninqradda hərbi əməliyyat yox, “aclıq” əməliyyatı keçirib, o, şəhərdə yerləşən ərzaq, əşya, yanacaq və digər anbarları partlatmaqla şəhər əhalisini iflic vəziyyətə salıb. Bunun nəticəsi olaraq Leninqradda 630 min insan həyatını itirib.
1942-ci ilin dekabr ayında feldmarşalla Hitler arsında yenidən fikir ayrılığı yaranıb. Bu dəfə də Leeb nasist partiyasının fəaliyyətini tənqid etməklə fürerin qəzəbinə düçar olub. 65 yaşlı feldmarşal səhhətində yaranmış problemləri bəhanə gətirərək Hitlerə yazılı məruzə ilə müraciət edib. O, fürerdən ordudan tərxis olunmasını xahiş edib. Fürer onun müraciətinə müsbət cavab verərək feldmarşalı istefaya göndərib.
İstefaya çıxdıqdan sonra Leeb Bavariyaya qayıdaraq özünü hərbi və siyasi proseslərdən tam təcrid edib. Amma onun bu sakit həyat uzun sürməyib. 2 may 1945-ci ildə Leeb ABŞ qoşunları tərəfindən həbs olunaraq hərbi cinayətkar kimi istintaqa təhvil verilib.
Digər hərbi cinayətkarlar kimi Leeb də Nürnberq məhkəməsinin müttəhimlər kürsüsündə əyləşib. Leeb məhkəmədə hüquqi biliklərini də yüksək səviyyədə ifadə etməyi bacarıb. 630 min nəfərin ölümündə günahkar bilinən Leeb sübut edib ki, beynəlxalq humanitar hüquqda aclığın müharibə silahı kimi istifadəsini qadağan edən norma yoxdur. O, məhkəmənin hökmü cəmi 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalından azadlığa buraxılıb. Belə ki, onun həbs olunduğu vaxtdan 3 il keçdiyinə görə cəzası bitmiş hesab olunub.
Leebin məhkəmə prosesi digərlərindən daha “maraqlı” keçib. Ona ünvanlanan sualların cavablarından daha çox Leeb çıxışlarında nasist partiyasının fəaliyyətindən danışıb, Hitleri aşağılayacaq qədər sərt tənqid edib.
Leeb ömrünün son illərini xatirələrini yazmağa, hərbi nəzəriyyə ilə bağlı kitablarını çap etdirməyə həsr edib. Feldmarşalın kütləvi informasiya vasitələri nümayəndələri ilə sıx ünsiyyəti olub, o, jurnalistlərə böyük həvəslə müsahibələr verib. İki müharibə görməsinə, dəfələrlə yaralanmasına baxmayaraq, Leeb heç vaxt səhhətindən şikayətlənməyib. Ömrünün son günlərinə qədər gümrah görünən feldmarşal 79 yaşında qəfil ürəktutmasından vəfat edib.(musavat.com)