Keçid balları ötən illə müqayisədə niyə aşağı düşüb? - AÇIQLAMA

 

Ali təhsil müəssisələrinə müsabiqənin şərtləri açıqlanmasından sonra bəlli oldu ki, l ixtisas qrupu üzrə dövlət sifarişinə müvafiq olaraq formalaşan keçid balları ötən illə müqayisədə bir qədər aşağı düşüb. 

Bu sözləri Demokratikmusavat.com -a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O, bu il dövlət sifarişli yerlərin sayının artırılmasına diqqət çəkib:

“İkinci ixtisas qrupunda isə müvafiq olaraq bəzi ixtisas ballarının keçidi daha yüksək formalaşıb. Üçüncü ixtisas qrupunda da bəzi ixisaslarda keçid balları artıb, xüsusilə də TC (tarix-coğrafiya) altqrupunda daha çox kəskin artım var. 4-cü ixtisas qrupunda isə müvafiq olaraq tibb sahəsi üzrə və bəzi ixtisaslarda isə keçid ballarında enmə müşahidə olunub. 5-ci ixtisas qrupunda isə xüsusi olaraq dizayn və idman istiqamətində bəzi ixtisaslarda keçid balları ötən illə müqayisədə daha yüksək formalaşıb.

Prezident İlham Əliyevin müvafiq olaraq təhsilin əlçatalılığının təmin olunması ilə bağlı verdiyi tapşırığa əsasən, dövlət sifarişli yerlərin sayı da ilbəil artır. Bu il 27 mindən çox dövlət sifarişli yer ayrılmışdı. Ümumilikdə, qəbul olanlara nəzər salsaq, 90%-dən çoxu pulsuz təhsil ala biləcək. Buraya ödənişli əsaslarla universitetə qəbul alıb məcburi köçkün və digər statusu olanları da şamil etsək, bu, kifayət qədər böyük bir rəqəmdir. Bu il 54 min nəfər ali təhsil müəssisələrinə qəbul olubsa, onların 47-48%-i məhz dövlət sifarişli qəbul olacaq. Bu da böyük bir rəqəmdir.

Builki statistik nəticələr onu deməyə əsas verir ki, artırılmış plan yerləri müvafiq olaraq bəzi ixtisas qruplarında keçid ballarının aşağı enməsi ilə nəticələnib”. 

 

 

0.19469618797302