Fransa vətəndaşının və bizim ictimai şüurumuz...

 

"Fransa xalqı keyf eləyir..."

İnkişaf etmiş ölkələrdə, hətta tullantıya qarşı münasibət belə, yüksək səviyyədə inkişaf edib, bu məsələyə yönəlik xüsusi ictimai şüur formalaşıb. "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin həyata keçirdiyi "Təbiətdə zibil yox, tullantı - xammal var" layihəsi çərçivəsində inkişaf etmiş ölkələrin tullantıları toplamaq və daşımaq təcrübəsini bölüşməyə çalışacağıq. Bu yazıda Fransa cəmiyyətinin tullantıya münasibətindən söhbət açacağıq. Fransada yalnız paytaxt Paris şəhərində deyil, ölkənin bütün digər şəhər və qəsəbələrində, hətta, kəndlərində belə, ideal təmizlik hökm sürür. Paytaxtda təmizlik o səviyyədədir ki, ilk dəfə Paris şəhərində qonaq olan əcnəbilər tullantı-toplanış məntəqələri ilə avtomat-oyun mərkəzlərini dəyişik sala bilirlər. Onlar bir-birindən yalnız üstündəki işarələr və yazılarla fərqlənirlər. Göz oxşayan tullantı konteynerlərinin yanından keçərkən isə siz yayin cırhacırında belə, heç bir xoşagəlməz qoxu hiss etməyəcəksiniz.
Saytlarda, qəzetlərdə və küçə banerlərində kommersiya reklamlarından daha çox tullantıların toplanması və digər sosial-maarifləndirmə reklamlarına rast gəlinir. Belə sayt reklamlarından birində oxuyuruq: "Tullantıların toplanması üçün yerli sistemi öyrənmək, Fransadakı yeni mülkünüzə köçərkən, asanlıqla gözdən qaça bilən vacib məsələlərdən biridir. Tullantıların götürülməsi cədvəlləri və tədbirlər - tullantı vergilərindən tutmuş, təkrar emalla bağlı qayda və öhdəliklərə qədər hər şeyi, o cümlədən Fransada tullantıların yığılması haqqında qaydaları bilmək vacib məsələlərdəndir.
Fransada tullantıların toplanması ilə məşğul olan xidmətlər şirkəti kommunalar adlanır. Tullantının toplanması Fransanın əksər şəhərləri, qəsəbələri və kənd yerlərində yerli kommunallar tərəfindən təşkil edilir. Tullantıların toplanması adətən həftədə bir neçə dəfə baş verir və kommunallar tərəfindən tullantıların yığılma günləri göstərilməklə, illik və ya iki illik təqvim verilir. Bu təqvimlər ildən-ilə, hətta, bəzən bir il ərzində də dəyişə bilər. Təqvimlər adətən hər evə paylanır. Tarixləri izləmək və tullantı qutularınızı lazım olan gündə, düzgün yerə qoymağı təmin etmək ev sahibi və ya kirayəçi kimi sizin məsuliyyətinizdir.

Kəndin, qəsəbənin, şəhərin ölçüsündən və təşkilindən, tullantıların yığılması ehtiyacından və atılma məntəqəsinin uzaqlığından asılı olaraq tullantılar həftəlik və ya daha qısa müddətdə aparıla bilər.

Əksər kommunallar hər bir əmlak üçün pulsuz tullantı qutuları təmin edir (bəzi kommunallar sizdən bunları satın almanızı tələb edə bilər). Mənzillər və ya mülk sahibləri adətən kommunal tullantı qutularını yerləşdirmək üçün otaq və ya açıq sahə təmin edir. Daha ucqar kənd yerlərində, həmçinin mərkəzi yerlərdə təyin olunmuş tullantıların ümumi toplanma sahələri və ya bir neçə mülkə xidmət edən daha böyük, çoxsaylı qutular qoyula bilər.

Ərazinizdə tullantıların toplanması xidmətləri və cədvəlləri haqqında öyrənmək üçün yerli bələdiyyə ilə əlaqə saxlamalısınız".

Bu cür maarifləndirici vasitələrə siz Fransanın hər yerində rast gələ bilərsiniz.
Monitorinqlər zamanı Fransanın Marsel şəhərində təhsil alan bir azərbaycanlı tələbə ilə təsadüfən həmsöhbət olduq. Bakıya yay tətilinə gələn tələbə Marsel şəhərindən 150 km kənarda yerləşən bir kənddə kirayədə qalır. Ailə kifayət qədər varlı olub və həmin tələbəni evində ödənişsiz olaraq saxlayır. Hətta, ailə tələbənin kommunal xərclərini də öz üzərinə götürüb. Həmin tələbə bizimlə söhbətində çox maraqlı bir əhvalat danışdı: "Bir gün ev sahibinin əlində süşə və plastik butulka, həmçinin bir neçə karton qutu gördüm. O, həyətin bir tərəfində butulkaları yerə qoyub, karton qutuları açaraq bir list halında, səliqə ilə üst-üstə yığdı. Daha sonra o, butulkaları və karton listlərini götürərək evin arxasına keçdi. Bu prosesi bir ay ərzində dəfələrlə izlədikdən sonra ev sahibinin bu işi mənim ciddi marağıma səbəb oldu. Bu mənim üçün həm də ona görə maraqlı idi ki, ev sahibinin kifayət qədər yüksək imkanlara sahib olduğunu bilirdim. Onun böyük qarajı və bahalı maşınlar kolleksiyası var idi. Mənə təəccüblü gəlirdi ki, yəni bu qədər imkanı olan adam butulka, karton, dəmir yığıb satır? Maraq güc gəldi və bu barədə məni evində pulsuz saxlayan ev sahibindən soruşdum. O, mənə bildirdi ki, həmin tullantıları yığaraq yerli bələdiyyəyə təhvil verir. Bələdiyyə isə həmin tullantıları firmalara sataraq gəlir əldə edir. Bu yerdə ev sahibinə sual verdim ki, bunları bələdiyyəyə pulsuz verməkdə sizin marağınız nədir, bələdiyyənin gəlir əldə etməsindən sizə nə fayda? Kişi gülümsəyərək oturdu və bunları dedi: "Necə yəni bələdiyyənin gəlir əldə etməsindən mənə nə fayda? Bizim bütün yerli problemlərimizi bələdiyyələr çözür, aradan qaldırır. Onların büdcəsinin artması, genişlənməsi bizim problemlərimizin daha səmərəli həll edilməsi deməkdir. Ona görə də hərə bacardığı qədər bələdiyyənin büdcəsinin artmasına yardım edir - ianələr də veririk. Kənddə mənim kimi belə tullantıları toplayan çoxlu sayda sakinlər var və bələdiyyələr də onları tanıyır. Ayda bir dəfə gəlib, yığılan tullantıları aparırlar. Hər ay bələdiyyə sakinlərdən pulsuz aldığı tonlarla karton, plastik, şüşə və dəmir tullantılarını sataraq müəyyən miqdarda gəlir əldə edir. Həmin vəsaitlər kəndimizin hər hansı bir probleminin həllinə xərclənir ki, bu da bizim cəmiyyətə töhfəmizdir".
Bəli, bu kifayət qədər imkanı olan Fransa kəndlisinin düşüncəsidir. Bəs bizdə necə, bu varlı fransız kəndlisi kimi düşünən kimisə tapa bilərikmi?

Dəniz Nəsirli

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, "Təbiətdə zibil yox, tullantı - xammal var" layihəsi çərçivəsində hazırlanıb.
Yazida əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

 
 
 
0.18315720558167