Müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır.
Ezamiyyə haqqı isə heç də hamını qane etmir. Çünki bir qrup işçilər ümumiyyətlə ezamiyyə haqqı almadıqlarını, digər bir qrup isə bir gün üçün 20 AZN məbləğində pul hesablandığını deyirlər.
Bəs bu, qanunla necə hesablanmalıdır? Hansı hallarda ezamiyyə ödənişi verilməyə bilər?
Oxu.Az-ın suallarını əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov cavablandırıb.
Ekspert bildirib ki, Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, bir sıra hallarda işçinin iş yeri və orta əməkhaqqının saxlandığı hallar müəyyənləşdirilib:
“Həmin maddəyə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta aylıq əməkhaqqı ödənilməlidir. Bu hallardan biri də yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezam olunmaqdır.
Maddədən də göründüyü kimi, ezamiyyət zamanı işçinin iş yeri və orta aylıq əməkhaqqı məbləği saxlanmalı və ona orta aylıq əməkhaqqı ödənilməlidir”.
Oxuculara daha aydın olsun deyə hesablanma qaydasına nümunə qeyd edirik.
Məsələn, yeni satış məntəqələrinin açılması səbəbilə bazar araşdırması etmək üçün “A” müəssisəsində çalışan işçi 2021-ci ilin fevral ayında müəssisə rəhbərliyi tərəfindən dörd gün müddətinə Bakı şəhərindən Gəncə şəhərinə ezam olunub. Ezamiyyət zamanı orta aylıq əmək haqqının hesablanması və ezamiyyət haqqının müəyyən olunması məsələsinə baxaq:
Əmək Məcəlləsinin 177-ci maddəsinə görə, orta aylıq əməkhaqqı hesablanarkən ödənişdən əvvəlki iki ayın qazancı əsas götürülür.
İşçinin işlədiyi iş günləri və aldığı əməkhaqqı məbləği aşağıdakı kimi olub:
Dekabr - 22 iş günü, aylıq əməkhaqqı 1 200 AZN;
Yanvar - 18 iş günü, aylıq əməkhaqqı 1 300 AZN;
Fevral - 20 iş günü, aylıq əməkhaqqı 1 200 AZN.
Bir günə düşən orta əməkhaqqını tapmalıyıq. Bunun üçün ödənişdən əvvəlki iki ayın qazancını ödənişdən əvvəlki iki aydakı iş günlərinin sayına bölməliyik.
Beləliklə, bir günə düşən orta əməkhaqqı: (1200 + 1300 ) / (22 + 18) = 62,5 AZN.
Fevralda ezamiyyətdə olduğu günlərə görə əməkhaqqı: 4 x 62,5 AZN = 250 AZN.
Fevral ayındakı qalan günlərə görə əməkhaqqı: 1200 AZN / 20 iş günü = 60 AZN (bir iş gününə düşən əməkhaqqı).
16 iş günü x 60 AZN = 960 AZN;
Fevral ayı üzrə cəmi əməkhaqqı: 250 + 960 = 1 210 AZN;
İşçinin dörd günlük ezamiyyət haqqı 280 AZN (4 gün x 70 AZN) olacaqdır.
N.Xəlilov onu da əlavə edib ki, Əmək Məcəlləsinə əsasən, ezamiyyətə getməsi məhdudlaşdırılan bəzi işçi kateqoriyaları da var:
“Hamilə qadınların, üç yaşına çatmamış uşağı olan qadınların, yaşı 18-dən az olan işçilərin ezamiyyətə göndərilməsi qadağandır. Üç yaşından 14 yaşınadək uşağı olan qadınların, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir”.
“Əgər işçinin ezamiyyə xərcləri dəvət edən tərəfindən (qurum, müəssisə, nazirlik və s.) qarşılanarsa, bu halda işçinin çalışdığı müəssisədən ezamiyyə xərcləri ödənilmir”, - deyə ekspert əlavə edib.