“Yeni ailə quran gənclərə qan analizi məcbur olduğu kimi psixoloji test də məcbur edilməlidir”.
Demokratikmusavat.com xəbər verir ki, bu təkliflə “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli çıxış edib.
“Bu gün Balaxanıda dəhşətli qəzanın görüntüləri yayılıb. Ər arvadını küçənin ortasında döyərkən ondan qaçmaq istəyən arvad uşağı ilə bərabər yola çıxıb və yüksək sürətlə hərəkət edən avtomobili 5 yaşlı uşağı vuraraq öldürüb. Nəticədə bir alçağa görə ən az 3 ailə bədbəxt olub.
Son zamanlar belə vəhşiliklərin sayı artır. Ötən həftə də ər arvadını və 5 aylıq qızını öldürmüşdü.
Düşünürəm ki, yeni ailə quran gənclərə qan analizi məcbur olduğu kimi psixoloji test də məcbur edilməlidir, yoxsa boşanmaların, cinayətlərin qarşısını almaq günü-gündən çətinləşəcək”, - deyə o söyləyib.
Qeyd edək ki, paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində kişi qadını təpikləyib. Kişidən qaçan ana və uşağı maşın vurub. Avtomobilin vurduğu uşaq 2017-ci il təvəllüdlü Nurcan Hümmət qızı İsmayılova həlak olub.