Putin bunu etməz, zarafat iş deyil, insan vahiməyə düşür – Alimdən qorxunc PROQNOZ

 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya tərəfinin Zaporojye Atom Elektrik Stansiyasını (AES) minaladığını açıqlayıb.

Qeyd olunur ki, AES partlayarsa, Türkiyə, Belarus, Rumıniya və Moldova əraziləri də daxil olmaqla 2 milyon kvadrat kilometr ərazi çirklənəcək. Bu ərazinin də Çernobıl AES-də baş verən qəzadan sonra çirklənmiş ərazidən dəfələrlə böyük olacağı bildirilir.

Zaporojye AES partladılarsa, fəlakətin miqyası əslində nə qədər olacaq? Belə bir ehtimal həqiqətə uyğundurmu?

Mövzu ilə bağlı Demokratikmusavat.com -a danışan ekoloq Ənvər Əliyev AES partlayacağı təqdirdə Avropanın 50%-nin zərər görəcəyini söyləyib:

“Rusiya-Ukrayna müharibəsi başlayanda bu AES-in mühafizəsi Rusiyanın ixtiyarında idi. Zaporojoye AES Avropanın ən nəhəng AES-lərindən biri, bəlkə də birincisidir. Əgər bu AES-də hər hansı bir fəlakət baş versə, 2 milyon yox, Avropanın tən yarısı 4-5 milyon kvadrat kilometr ərazini tutacaq. 2 milyon ərazi normal halda çirklənə bilər. Amma oradakı hava axınları biz də daxil olmaqla bütün Avropanın yarısını tutacaqdı. Ona görə də ruslar həmin AES-i mühafizə edirlər. Mina döşənməsi məsələsinə gəlincə, axı rus özü də adamdır, onun da vətəndaşı var. Düşünürəm ki, bu, sadəcə, şantaj ola bilər. Çünki Zaporojoye AES-in partlaması, planetar fəlakətə səbəb ola bilər.

Bu fəlakət Avropanın azı 50%-ni əhatə edə və böyük nəticələrə səbəb ola bilər. 

Bilmək olmaz, bəlkə də üzü aşağı cənuba da axa, gəlib Aralıq dənizinə, Ural dağlarına qədər gedib çıxa bilər. 

Düşünürəm ki, bu, yalnız son anda, planetdə hər şey yoxa çıxıb onda sonuncu nöqtədə əlindəki qranatı partladan adam kimi ola bilər. Təəssüf edirəm ki, artıq planet elə bir səviyyəyə çatıb ki, milyonlarla insanın taleyilə oynayırlar”. 

Ə.Əliyev Zaporojoye AES partladılacağı təqdirdə ekosistemə vurulacaq ziyanın Çernobıldan qat-qat yüksək olacağına diqqət çəkib:

“Rusiya bunu etsə, Ukraynadan çox öz əhalisi qırılacaq. Bununla zarafat etmək hətta ən ağılsız ölkənin də ağlına gəlməz. Çünki planetin taleyindən söhbət gedir.

Heç kim qarantiya vermir ki, Çernobıldakı hadisələrin təsiri neçə ildən sonra düzələcək. Çünki reaktivlərdə istifadə edilən maddələrin parçalanma dövrü bəzən yüzillərlə, minillərlə davam edir. Ekosistemə elə ziyan dəyir ki, bunu 1-5 yaxud 50 ilə bərpa etmək olmur. Çünki partlayış nəticəsində bioloji dövrana qoşulmuş reaktiv maddələr meyvə, otlaq örtüyü, su və s. vasitəsilə heyvanların canına hopur, və bunan sonra da yavaş-yavaş bioloji dövrana və həmin ərzaqdan istifadə edən adamlara, onlardan da növbəti dövrə keçə bilir.

Bioloji dövrana qoşulan radioaktiv maddələri ayırmaq isə mümkünsüzdür. Bunun neçə nəsil davam edəcəyini düşəndə insan vahiməyə düşür”.

Billurə Yunus

0.17844796180725