Deyəsən, mənim də yetişdi növbəm... - Zəki Bayram

 

Deyəsən, mənim də yetişdi növbəm,
Tanrı dərgahına ulaşdı tövbəm.
Mən səni Mədinəm, mən səni Kəbəm,
Bilirəm, Şuşam, bilirəm.

Bezmədim oxşayıb-əzizləməkdən,
Qəlbdə ocaq çatıb, köz közləməkdən.
Bir ömür boyunca yol gözləməkdən,
Ölürəm, Şuşam, ölürəm!

Türkün ilk qalası, son şəhəri tək,
Ölməz şəhidlərin zor zəfəri tək,
Qoca müsəlmanın həcc səfəri tək,
Gəlirəm, Şuşam, gəlirəm!

Aç duman-duvağı, göstər üzünü,
Hələ görməmişəm Cıdır düzünü.
Gözümün yaşıyla yağı izini
Silirəm, Şuşam, silirəm!

Qayıtdın ilahi inam, ümid tək,
Yaşandı otuz il ölü sükut tək.
Yol boyu boşalıb qara bulut tək
Doluram, Şuşam, doluram.

Qovzan zirvələrdən, gəlişimə bax,
Bu dağda, dərədə əl işimə bax.
Göz yaşı içində gülüşümə bax, –
Gülürəm, Şuşam, gülürəm!

Qara donlu kafir, qara günlü sən;
Başında kəlağay – ağca duman-çən.
İstəsən, son şəhid, ilk qurbanın mən,
Olaram, Şuşam, olaram!

Şeir 9 iyun 2022 -ci ildə qələmə alınıb

"Demokratikmusavat.com"

 

0.168869972229