Tallinndə Heydər Əliyevin 100 illiyi münasibətilə “Əbədilik” adlı təntənəli konsert keçirilib - FOTO

 

Estoniyanın Tallinn şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, ümummilli lider  Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əbədilik” adlı təntənəli konsert keçirilib.
 
Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Azərbaycanın Estoniyadakı səfirliyinin və Tallindəki Azərbaycan Evinin təşkilatçılığı ilə “Konsert Di Saal”  konsert salonunda baş tutan tədbirdə Azərbaycan və Estoniyanın rəsmi şəxsləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yerli ictimaiyyətin, müxtəlif milli azlıqların və icmamızın nümayəndələri iştirak ediblər.
 
Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan konsertin əsas məqsədinin Azərbaycan mədəniyyətini və ölkəmizin milli musiqi incilərini Avropa İttifaqının üzvü Estoniyada geniş təbliğ etmək olduğunu vurğulayıb. 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətimizin güclənməsi və inkişafı naminə göstərdiyi misilsiz və əvəzsiz xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüb. Komitə sədri keçirilən tədbirin iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə vermək məqsədi daşıdığını diqqətə çatdırıb.

Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Rina Solman xalqımızın ümummilli liderinin 100 illik yubileyinin Tallinndə qeyd olunmasını iki ölkənin tarixi baxımından mühüm hadisə adlandırıb, möhtəşəm musiqi gecəsinin ölkələrimiz  arasında mədəni əlaqələrin daha da inkişafına və eston tamaşaçısının Azərbaycan milli musiqisi ilə yaxından tanış olmasına xidmət etdiyini bildirib.

Sonra Narva şəhər Simfonik Orkestrinin iştirakı və Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə xalq artisti, xanəndə Nəzakət Teymurova, əməkdar artist, tarzən Əliağa Sadiyev, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fatimə Cəfərzadənin ifasında azərbaycanlı bəstəkarların, eləcə də dünya klassiklərinin əsərləri səsləndirilib. 

Konsertdən sonra Komitə sədri Azərbaycan-Estoniya dostluq əlaqələrinin genişlənməsinə verdiyi töhfələrə görə layiq görüldüyü "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalını Estoniyanın keçmiş xarici işlər naziri Kristina Oylanda təqdim edib. Bu cür əhəmiyyətli dövlət mükafatına layiq görüldüyünə görə dərin minnətdarlığını bildirən Kristina Oyland bu tədbirin iki ölkənin dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyini ifadə edib. 

Komitənin adından Narva sinfonik orkestrinin bədii rəhbəri Anatoli Şuraya və Azərbaycan əsilli estonıyalı siyasətçi Züleyxa İsmayılovaya xatirə hədiyyələri təqdim olunub. 

Komitə əməkdaşlarının Estoniyaya səfəri çərçivəsində ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Narva şəhərində də konsert proqramı təşkil olunub. 

Konsert proqramları tamaşaçıların rəğbəti ilə qarşılanıb.

Komitə sədri “Heydər Əliyev İli” çərçivəsində Estoniyada yaşayan azərbaycanlı rəssam Rövşən Nurun yeni açılmış yaradıcılıq qalereyasını ziyarət edərək, burada nümayiş olunan sərgiyə baxıb.

 

0.19128608703613