ƏBƏDİYYƏT HÜZURUNDA

 

ƏBƏDİYYƏT HÜZURUNDA

Nizaminin misralarıdır: Doğru yazmağa var madam ki, imkan,
Neçin gəlməlidir ortaya yalan!
Sözün qiymətini saldı yalanlar,
Doğrunu danışan hörmətli olar. (Xosrov və Şirin)

Doğru söz deməyə imkan olanda da, olmayanda da “müqəddəs” yalanlarsız keçinə bilmirik. Əgər zalımı tərifləyib, məzlumu müdafiə edə bilmiriksə, deməli riyakarlıq edirik. Həqiqətən də haqqı, ədaləti qoruyan üçün bu dünya məhşər ayağına çəkilmək imiş! Birisi günahsız yerə şərlənib həbsxanaya düşəndə “Allah qapısını açsın!” deyirik. Bu tənbəlliyi, biganəliyi ört-basdır edən ifadə nə qədər süni, çırmanmış, qırmızı boyanmış, auksiona qoyulmuş, günahkar dodaqlara bənzəyir! Məgər Allah qulunun haqqını tapdayan zalıma etiraz etməkdən qorxan digər məzlum bəndənin o acizanə xahiş-duasını Allah eşidərmi? Məncə əksinə, Allah qəzəblənər və deyər ki, Mən sizə şüuru ona görə verdim ki, haqqı nahaqdan ayırasınız, zülmün bağladığı qapıları açmaq uğrunda mücadilə aparasınız. Nəinki məndən acizanə kömək dilənəsiniz. Dilənçiliklə, yalançılıqla girlənən xalq heç vaxt ağ günə çıxa bilməz!

Bu tale – qəzavü qədərmi deyim?
Bəxtimdən küsməyə dəyərmi deyim?
Mən də Haqq yolunun bir yolçusuyam,
Səfərim – uğurlu səfərmi deyim?
Həyat eşqi ilə xeyir aradım,
Ancaq qazandığım zərərmi deyim?
Gördüm yoxsulluğu, zənginliyi də,
Aclıq, toxluq təzə xəbərmi deyim?
Məgər yaşadımmı xoşbəxt dünyada?
Ömrün çoxu keçdi hədərmi deyim?
Daim sadiq oldum qələm dostuma,
Mən özümə sinədəftərmi deyim?
Soyuq məntiqində üşüdüm elmin,
Şeir atəşinə əsərmi deyim?
Bu təşnə ruhumu sirab eləyən
İçimdəki abi-kövsərmi deyim?
Nə işim zamanın çirkablarında?
Heç düzlük, təmizlik hünərmi deyim?
Mərd ilə namərdi tanımaq üçün,
Hər kəsin əməli cövhərmi deyim?
Kimə gərəkdir ki, riyakar insan?
O, cinmi, şeytanmı, bəşərmi deyim?
Məni çaşdırmasın ötərgi şeylər,
Hər dəfə “Allahu Əkbər”mi deyim?
Haqqı, ədaləti qoruyan üçün,
Bu dünya məhşərdən betərmi deyim?
Hafiz, bir Tanrıya sitayiş etdim,
Buna şahid yerlər, göylərmi deyim?

Hafiz Rüstəm, 21 mart 2016-cı il.

Demokratikmusavat.com

0.1703519821167