Azərbaycan meyvəçilərindən tarixi rekord, yeni trendlər və artım tempini artırmaq üçün yollar

 
2023-2030-cu illər ərzində meyvəçilik, taxılçılıq, texniki bitkilər, heyvandarlıq sahələrinin intensiv inkişafı hesabına aqrar sahədə orta illik artım tempinin 4% olacağı proqnozlaşdırılır.
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadənin “Report”a verdiyi açıqlamasına görə, bu, mərkəz tərəfindən hazırlanan 2023-2030-cu illər üzrə kənd təsərrüfatının artım tempinin ilkin proqnozlarında nəzərdə tutulub.
 
F.Fikrətzadə hesab edir ki, məhz dövlət dəstəyi tədbirləri hesabına artım templəri, indiyə qədər olduğu kimi, 4% səviyyəsində qorunub-saxlanılır:
 
“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və digər beynəlxalq təşkilatlar dünyada aqrar sahənin artımını müxtəlif ölkələr qrupu üzrə 1-2% civarında proqnozlaşdırırlar”.
 
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru deyib ki, Azərbaycanda aqrar sahə üzrə artımın bir mənbəyi intensiv meyvəçiliklə bağlıdır:
 
“İntensiv meyvəçilikdə Azərbaycanda bir neçə istiqamət var. Çəyirdəkli meyvələr qrupuna daxil olan gilas, gilənar, gavalı, ərik, şaftalı kənd təsərrüfatında kommersiyayönümlü yeni bir sahədir. Bu, son illərin trendidir. 2022-ci ildə 60 min tondan çox çəyirdəkli meyvə ixrac olunub, bu isə tarixi bir rekorddur.
 
Kənd təsərrüfatında artımını gözlədiyimiz ikinci sahə fındıq və badamdır. Fındıqçılıq Azərbaycanda ənənəvi sahədir, badam istehsalı da artacaq və bu trendə qoşulacaq.
 
Növbəti sahə sitrus meyvələridir. Ölkə ildə 40-50 min ton sitrus idxal edir, lakin Azərbaycan tarixində ilk dəfə olaraq 2022-ci ildə 4 min 500 ton həcmində sitrus ixrac etdik. Proqnozlaşdırırıq ki, ümumi sitrus meyvələrinin ölkəyə idxalı təqribən 50% azalacaq. Xüsusilə də naringi idxalı yerli istehsalla əvəzlənəcək”.
 
O əlavə edib ki, Azərbaycanda meyvəçilikdə yeni trend narçılıq sahəsində yaranacaq:
 
“Dünyada Azərbaycan narçılıq və fındıqçılıq sahələri üzrə müqayisəli üstünlüyə malikdir. Bizim bu sahələrdə genişlənmək perspektivimiz böyükdür. Biz nar ixracında dünya üzrə əsas oyunçulardan biri ola bilərik. Azərbaycan narı ilə bağlı yeni bir trend yaranıb və bizim məhsul artıq Avropa bazarına daxil olub. Avropa istehlakçısı İsrail, Türkiyə, İran, İspaniya narından tamam fərqli məhsul əldə edə bilər. Nar və nar şirəsi Azərbaycanın qeyri-MDB bazarlarına, yəni Avropa, Amerika və digər bazarlara ixrac etdiyi nadir məhsullardan biridir”.
 
F.Fikrətzadə taxılçılığın inkişafının əsas istiqamətlərinə toxunaraq bildirib ki, bu sahədə pivot suvarma sistemlərinin tətbiqinin genişlənməsi gözlənilir:
 
“Ölkədə 50 min hektar sahədə pivot suvarma sistemləri tətbiq edilir və bu ərazini 200 min hektara çatdırılması nəzərdə tutulur. Taxılçılıqda pivot suvarma sisteminin genişləndirilməsi bir neçə istiqamətdə əlavə məhsulların da artımına imkan yaradacaq. Pivot suvarma sistemi növbəli əkin tələb edir, həm də təkrar əkinə imkan yaradır. Bu, şəkər çuğunduru, günəbaxan, soya, dən üçün və silosluq qarğıdalının istehsalının genişlənməsi üçün geniş imkanlar açır.
 
Məsələn, Azərbaycanın soya istehsalı perspektivinin 2-3 min tondan çox olacağını gözləmirdik, ancaq pivot suvarma sahələrini 200 min hektara çatdırsaq, soya istehsalı 80 min ton olacaq. Bunlarla bərabər, bundan sonra pambıqçılıq, kartof və tərəvəzçilik kimi sahələrdə artım intensiv texnologiyaların daha geniş təbiqi hesabına təmin olunacaq”.
 
O qeyd edib ki, heyvandarlığın inkişafını yalnız intensiv heyvandarlıq hesabına, o cümlədən cins tərkibinin yaxşılaşdırılması hesabına artırmaq mümkündür:
 
“Bundan sonra ənənəvi metodla heyvandarlığı inkişaf etdirmək şansımız yoxdur. Dövlətin ciddi dəstək tədbirləri var, sadəcə, onlar yeni mexanizmlər əsasında təkmilləşdirilməlidir”.
0.22204303741455