2022-ci ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52,2 milyard manatlıq, o cümlədən 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, 2021-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3%, qeyri-ərzaq malları üzrə 4% artıb.
2022-ci ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,6%-i ərzaq məhsullarının, 4,7%-i içkilər və tütün məmulatlarının, 14,1%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,3%-i avtomobil benzini və dizel yanacağının, 4,8%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,2%i isə digər qeyriərzaq mallarının alınmasına sərf olunub.
2022-ci ildə qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı malların dəyəri əvvəlki illə müqayisədə real ifadədə 3% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7%-ini təşkil edib.
2021-ci illə müqayisədə 2022-ci ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,2%, fərdi sahibkarlar üzrə 3%, bazar və yarmarkalarda 4,2% artıb.
Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 431,8 manatlıq, o cümlədən 243,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188,6 manatlıq qeyri-ərzaq malları alıb.