“Xocəsən” metrosu ilə bağlı tənqid: “Onlar üçün çətinlik yaranacaq”

 

Ötən günlərdə istifadəyə verilən “Bakı Metropoliteni” QSC-nin “Xocəsən” stansiyası sosial şəbəkələrdə müzakirə mövzularından birinə çevrilib, stansiyaya gedən yolun piyadalar üçün əlçatanlığı sorğulanıb.

Bir sıra nəqliyyat səhifələri metro stansiyaların tikintisi zamanı piyadaların rahatlığı, fiziki məhdudiyyətli və uşaq arabası ilə hərəkət edən insanların maneələrlə üzləşə biləcəyini deyib.

İnşaat mühəndisi Azər Axundov “Demokratikmusavat.coma açıqlamasında bildirdi ki, yerüstü stansiya dedikdə, ilk ağla gələn şey stansiyaya girişin rahat şəkildə olmasıdırsa, bunu “Xocəsən” stansiyası haqda demək təəssüf ki, mümkün deyil:

“Dekabr ayında istifadəyə verilən “Xocəsən” metro stansiyası Bakı Metropoliteninin ikinci yerüstü stansiyasıdır. Yerüstü stansiya dedikdə ilk ağla gələn şey stansiyaya girişin rahat şəkildə olmasıdırsa, bunu “Xocəsən” stansiyası haqda demək təəssüf ki, mümkün deyil. Belə ki, yolun digər tərəfindən gələn sərnişinlər öncə yerüstü piyada keçidi ilə avtomobil yolunu keçməli, daha sonra isə stansiyaya girməlidir. Ərazinin relyefinə görə stansiya platformasının stansiya girişindən daha yuxarıda olması başa düşüləndir (platformaya çıxış 2 eskalatorla təmin edilir). Lakin stansiyaya girmək üçün sərnişinləri yerüstü keçid və pilləkənlərdən istifadə etməyə məcbur etmək doğru qərar deyil.

Ümumiyyətlə, şəhər mühitində bu cür yerüstü keçidlər olmamalıdır. Bəlkə də, gənc insanlar üçün yerüstü keçiddən keçib düşmək problem olmayacaq, lakin yaşlı nəsil, uşaq arabası ilə gəzən valideynlər və digər kateqoriyadan olan sərnişinlər var ki, onlar üçün bu keçidi keçmək çox çətin olacaq. Bu keçidin yerinə eynisəviyyəli piyada zolağı çəkmək və hərəkəti svetoforla tənzimləmək olardı”. 

Ekspert xarici təcrübədə ilk növbədə infrastrukturun əlçatanlığının təmin edildiyini deyir: “Sovet dönəmində tikilən staniyalarda bunu etmək bir qədər çətin olsa da, yeni tikilən staniyaların hamısında əlçatanlığı təmin etmək vacibdir. Eyni zamanda, təkcə metro stansiyası ilə deyil, onun ətrafındakı infrastruktur ilə də məşğul olmaq lazımdır. Əgər hər hansı bir stansiyaya digər nəqliyyat növləri ilə effektiv bağlantı verilmirsə, bu stansiyanın mənası itir. “Xocəsən” stansiyası ətrafında həm dəmir yolu, həm də avtomobil yolu var. Bu ərazidə kiçik bir nəqliyyat mübadilə məntəqəsi yaratmaq olar və gələcəkdə metrodan düşən sərnişinləri həm elektrik qatarına, həm də avtobuslara yönəltməklə sürətli hərəkəti təmin etmək mümkündür”. 

Könül
Demokratikmusavat.com

 

0.1569619178772