Milli Məclisin bu gün keçirilən plenar iclasında texnologiya parklarının rezidentləri ilə bağlı Vergi Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklər III oxunuşda təsdiq edilib.
Demokratikmusavat.com xəbər verir ki, qanun layihəsinə əsasən, Azərbaycanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış, texnologiyalar parkı ilə yanaşı, texnologiyalar parkından kənarda fəaliyyət göstərən hüquqi şəxs və yaxud hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər də texnologiya parkının rezidenti sayılacaq.
Texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənarda fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi gələn il yanvarın 1-dən 3 il müddətində 8 min manata qədər olduqda 0 %-lə, 8 min manatdan çox olduqda 5 %-lə, 2026-cı il yanvarın 1-dən isə 7 il müddətində 5 %-lə tutulacaq.
Güzəşt texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirlərə münasibətdə də tətbiq edilir.
Bundan başqa, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə ödəmə mənbəyində vergi tutulmur.
Azərbaycan parlamenti texnoparkların rezidentləri ilə bağlı Miqrasiya Məcəlləsinə və “Sosial sığorta haqqında” qanuna təklif olunan əlavə və dəyişiklikləri də III oxunuşda təsdiq edib.
Belə ki, yenilənmiş Məcəlləyə əsasən, texnologiyalar parkının rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezidentin ölkə ərazisində əmək fəaliyyətinə cəlb etdiyi informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə Azərbaycanda müvəqqəti yaşamaq icazəsi veriləcək, yenilənmiş “Sosial sığorta haqqında” qanuna əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə, 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı öz seçimlərindən asılı olaraq minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödənilir. Bu maddədə nəzərdə tutulan sığortaolunan hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və təqvim ilinin sonunadək həmin 2 seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. Təqvim ili ərzində qeyd edilən kateqoriyadan olan yeni işəgötürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçimi tətbiq edilir.