"İran-Azərbaycan müharibəsi ola bilərmi?!"

 

Qalib ARİF:
Təəssüflə də olsa, qeyd etmək lazımdır ki, İran – Azərbaycan münasibətlərində gərginlik pik həddə çatıb. Artıq İran tərəfi diplomatiya-zadı yaddan çıxarıb, Azərbaycanı həyasızcasına ittiham edir, açıq mesajlar göndərir. İran rəsmiləri Azərbaycan Respublikasını təhqiramiz surətdə Bakı ostanı (vilayəti), Xəzər dənizini İsfahan gölü adlandırır və İsraillə əməkdaşlıqda günahlandırırlar. Azərbaycan tərəfi də haqlı olaraq, İranı Ermənistana yardım etməkdə ittiham edir və daxili işlərinə qarışmamağı tələb edir. Amma bunlar böyük aysberqin yalnız görünən tərəfləridir...
İran məlum olduğu kimi, müstəqil, güclü Azərbaycanı istəmir, ona görə də Ermənistana həm siyasi, həm də iqtisadi dəstək verir. İranda 30 milyondan çox Azərbaycan türkü yaşayır, gözləri müstəqil Azərbaycandadır. İranın molla rejimi də daxili qarşıdaurmadan, parçalanmadan qorxur. Odur ki, Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsini, tarixi torpaqlarını işğaldan azad etməsini həzm edə bilmir. Bəli, Iran Ermənistanın məğlubiyyətini, faktiki olaraq, öz məğlubiyyəti hesab edir. Ermənistanın ərazi bütövlüyünün pozulmasını özünün “qırmızı xətti” elan edir. Təsəvvür edirsinizmi?! Amma cənublu soydaşlarımız artıq ayaqdadır, fars işğalından azad olmaq, müstəqillik qazanmaq üçün mübarizə, sözün əsl mənasında, müharibə aparırlar. İranda qan su yerinə axır, atan yenə erməni qardaşları, qırılan bizim qardaşlardır...
Hazırda İran yalnız daxili problemlərin məngənəsində deyildir, molla rejiminin uğursuz xarici siyasəti nəticəsində regionun bütün müsəlman ölkləri ilə “mehriban düşmən” vəziyyətindədir. Beynəlxalq sanksiyalar onsuz da zəif olan iqtisadiyyatı çökdürür. Dünyanın əsas neft ölkələrindən biri olan (3) İran benzin istehsal edə bilmir, əsas hissəsini xaricdən gətirir. Neftini və qazını isə sata bilmir, sanksiyalar imkan vermir. Odur ki, İran bazar kimi Cənubi Qafqazdan bərk yapışmaq niyyətindədir, beynəlxalq oyunçuları meydana buraxmaq istəmir. Azərbaycan - Türkiyə - Pakistan birliyinə, Zəngəzur dəhlizinin çəkilməsinə müqavimət göstərir. Azərbaycanın sərhədləri yaxınlığında, Araz kənarında hərbi təlimlər keçirir. İsrailin regiona gəlməsi, sionizm təhlükəsi haqqında yalanlar isə daxili siyasətə ünvanlanıb, işsiz əhalinin başını qatmaq, daxili problemlərdən yayındırmaq məqsədlidir.
Və əsas məsələ: İran Azərbaycana müharibə elan edə bilərmi?! Məlum olduğu kimi, Küveyti işğal etməsi İraq rejiminin sonunun başlanğıcı oldu – ABŞ və Avropa fürsət gözləyirdi, hətta Rusiya kömək edə bilmədi. İranın molla rejimi də tarixi faktları bilməli və nəticə çıxarmalıdır. Sonra, müharibə çox bahalı biznesdir. Iranın iqtisadiyyatı isə, yuxarıda deyildiyi kimi, beynəlxalq sanksiyalar səbəbindən acınacaqlı vəziyyətdədir. İranın region ölkələri və qonşularla - Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail, Pakistan və Əfqanıstanla münasibətləri həddindən artıq pisdir. Bu gün İran Azərbaycanla müharibə edərsə, bu ölkələrin bizi dəstəkləyəcəyi şübhəsizdir. Türkiyə və Pakistan birmənalı olaraq, Azərbaycanın tərəfindədir. Əfqanıstanda hakimiyyətə gələn Taliblər də İranın Xorasan vilayətinə ərazi iddiasını gizlətmir. ABŞ və İsrail də İrana zərbə endirməyə fürsət gözləyir. Rusiya isə, məlum olduğu kimi, Iranın problemlərinə müdaxilə etmək iqtidarında deyildir, Ukrayna problemləri özünə bəs edir.
Deməli, hazırkı zamanda və geosiyasi məkanda İRAN – AZƏRBAYCAN MÜHARİBƏSİ ola bilməz. Hər halda, mən belə düşünürəm...

Demokratikmusavat.com

0.17634201049805