Neftin qiymətində kəskin enişlər müşahidə olunur. Noyabrın geridə qalan günlərində “qara qızıl” 21%-dən çox dəyər itirib. Hazırda "Brent" markalı neftin 1 bareli 81,50 dollara təklif olunur. Qeyd edək ki, noyabrın ilk günündə qiymət 99 dollara yaxın idi.
OPEC + alyansı isə hasilatın kəskin azaldılması ilə bağlı öhdəliyə gedə bilmir. Praktik olaraq, dünya neft içərsində “üzür”. Təklif ilə tələb arasındakı fərq qiymətlərə təsirsiz ötüşmür. Bu da qiymət azalmalarını sürətləndirir.
Demokratikmusavat.com xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən ötən həftədə də iqtisadi məhdudiyyətləri genişləndirir. Bu isə Çinin neftə olan tələbini azaldır. Sərt qaydalar səbəbindən hazırda Çində on milyonlarla insan sərt karantin rejimində yaşayır:
"Neftin qiymətindəki son azalmalar eyni zamanda qlobal iqtisadiyyatdakı resessiya riskinin güclənməsi ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4,1%-dən 2,9%-dək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4% artım proqnozlaşdıran avropalılar bu göstəricini 2,8%-dək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır".
"Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft bazarındakı sıçrayışlar istənilən zaman neft gəlirlərini kəskin azalda bilər", - deyə millət vəkili əlavə edib.
Könül
Demokratikmusavat.com